Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #ailəhüququ - Valideynlik hüquqlarının məhdudlaşdırılması

12.09.2025

Məhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, valideynlərdən (onlardan birindən) uşağın alınması barədə qətnamə qəbul edə bilər.

Uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda (psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir.

Valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Müvafiq icra hakimiyyəti orqanı valideynləri (onlardan birini) bu müddətdən də tez valideynlik hüquqlarından məhrumetmə barədə iddia qaldıra bilər.

Uşağın yaxın qohumları, prokuror, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər. 

- Azərbaycan Respublikasının Ailə Məcəlləsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilər.

Valideynlik hüquqlarının məhdudlaşdırılması işinə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır. Bu zaman məhkəmə valideynlərdən (onlardan birindən) aliment tutulması məsələsini də həll edir.

Valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.