Şriftin ölçüsü :
Saytın rəngi :
Mayın 23-də Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Ceyms Hamiltonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Baş prokuror son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi və strukturunun daha da təkmilləşdirilməsi, aparılan islahatlar zamanı Beynəlxalq Prokurorlar Assosiasiyasının standartlarından istifadə olunması, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən konkret tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, eyni zamanda ölkəmizin üzləşdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə qonaqlara ətraflı məlumat vermişdir.
Baş prokuror Zakir Qaralov Beynəlxalq Prokurorlar Assosiasiyası kimi mötəbər təşkilatın İcraiyyə Komitəsinin 2002-ci ilin may ayında Bakı şəhərində keçirilmiş iclasında tədbir iştirakçılarının Ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilməsini xatırladaraq, ölkəmizdə uğurla həyata keçirilən demokratik islahatlar və əldə olunan nailiyyətlərin müstəqil respublikamızın nüfuzunun ciddi şəkildə artması, beynəlxalq təşkilatların dövlətimizlə əməkdaşlığa marağının daha da gücləndirməsi, həmçinin ölkəmizin bir çox mötəbər qurumların, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti özündə birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edərək bu əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd etmişdir.
Beynəlxalq Prokurorlar Assosiasiyasının yarandığı vaxtdan Azərbaycan Respublikasının həmin qurumla əməkdaşlığına xüsusi önəm verdiyini, o cümlədən ölkəmizin Assosiasiyada 2 təşkilati üzv, 200-dən artıq fərdi üzvlə təmsil olunmaqla, fərdi üzvlərin sayının getdikcə artmasını xüsusi vurğulayan Baş prokuror, ölkəmizin uzun illər Təşkilatın rəhbər orqanı olan İcraiyyə Komitəsində təmsil olunmasını, Assosiasiyanın fəaliyyətinə verdiyi töhfələrə görə Ədliyyə naziri cənab Fikrət Məmmədovun Xüsusi Xidmətlər Sertifikatı ilə təltif edilməklə Assosiasiyanın Senatına üzv qəbul olunması, eyni zamanda İcraiyyə Komitəsində son seçkilər nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevin İcraiyyə Komitəsinin üzvü seçilməsini minnətdarlıq hissi ilə qeyd etmişdir.
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən cənab Ceyms Hamilton Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasında təmsilçiliyinin fəallığı və təşəbbüskarlığı, qurumun fəaliyyətinə verdiyi mühüm töhfələr və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirmişdir. Ölkə həyatının bütün sahələrində, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində respublikamızda həyata keçirilən tədbirlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi xüsusi vurğulanmışdır.
Qəbulda hüquqi sahədə əməkdaşlıq məsələləri, o cümlədən növbəti regional konfranslardan birinin Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.
Görüşdən sonra Beynəlxalq Prokurorlar Assosiasiyasının veb saytının Azərbaycan Prokurorluğu tərəfindən hazırlanmış rus versiyasının geniş təqdimat mərasimi keçirilmiş, eyni zamanda həmin quruma fərdi üzv qəbul edilmiş prokurorluq əməkdaşlarına Assosiasiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış oldular. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, Azərbaycan-Beynəlxalq Prokurorlar Assosiasiyası münasibətlərini özündə əks etdirən ekspozisiyalar, eyni zamanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə və eksponatlar, Azərbaycan dövləti, onun hüquq sistemi, ölkə başçısının rəhbərliyi altında aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materiallardan ibarət xüsusi hazırlanmış guşə onlarda xüsusi təəssürat oyatdı.
Beynəlxalq Prokurorlar Assosiasiyası nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.