Şriftin ölçüsü :
Saytın rəngi :
2025-ci il iyulun 14-də “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin qanun xüsusi icra məmurlarının hüquqi statusunu, peşə fəaliyyətinin əsaslarını, hüquq və vəzifələrini, məsuliyyətini, habelə bu fəaliyyətə nəzarət mexanizmlərini müəyyən edir.
Qanuna əsasən, xüsusi icra məmuru — icra sənədlərinin məcburi icrasını həyata keçirən, şəhadətnamə və xidməti vəsiqə almış, müstəqil fəaliyyət göstərən fiziki şəxsdir. O, məhkəmələr və digər səlahiyyətli orqanlar tərəfindən verilmiş icra sənədlərinin icrasını təmin edir. Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malik olmaqla, fəaliyyətini peşəkar əsaslarla həyata keçirir. Bununla belə, o, dövlət hakimiyyəti nümayəndəsi hesab edilmir və onun fəaliyyəti sahibkarlıq fəaliyyəti sayılmır.
Yeni qanunla icra sistemi qarışıq model üzrə təşkil edilir, yəni icra işləri həm dövlət icra məmurları, həm də xüsusi icra məmurları tərəfindən həyata keçirilə bilər. Xüsusi icra məmurlarının fəaliyyəti şəffaflığın və peşəkarlığın təmin olunması məqsədilə yaradılacaq xüsusi reyestr vasitəsilə izlənəcək.
Xüsusi icra məmuru olmaq üçün namizədlər ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları olmalı, müsabiqə yolu ilə seçilərək imtahan və müsahibədən keçməli, ən azı 3 ay ilkin icbari hazırlıq keçməli və staj toplamalıdır. Şəhadətnamə və xidməti vəsiqə alan şəxslər and içdikdən sonra fəaliyyətə başlaya bilərlər.
Qanun xüsusi icra məmurlarının özünüidarə orqanı – Palata vasitəsilə fəaliyyətin təşkili, etik davranış qaydaları, peşə məsuliyyətinin sığortalanması, intizam icraatları və mütəmadi nəzarət tədbirlərini nəzərdə tutur.
Yeni qəbul edilmiş qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcəkdir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı