Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqənin ilkin mərhələsi keçirilmişdir

19.05.2011

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsi kimi qulluğa qəbulun yeni qaydalarının tətbiqinə başlanılmışdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələri nümayəndələrinin müşahidəsi altında keçirilən əvvəlki 9 müsabiqə nəticəsində işə qəbul olunmuş 391 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 41 faizini təşkil edir.

 

     Prokurorluğun kadr korpusunun formalaşdırılması işində alternativi olmayan işə qəbulun bu demokratik proseduru əsasında işə qəbulların keçirilməsi, eyni zamanda, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakına şəraitin yaradılması, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllinin təmin edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində atılan mühüm addımlar olmuşdur.

 

     Formalaşmış təcrübə nəzərə alınmaqla, qeyd edilən Əsasnamənin tələblərinə və Baş Prokurorluq üzrə müvafiq Qaydalara uyğun olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 2011-ci il yanvarın 6-da vakant olan 100 ştat vahidi üzrə müsabiqə elan etmişdir. Müraciət etmiş 454 namizəddən 18 may 2011-ci il tarixdə saat 10-dan başlayaraq 3 saat ərzində vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda keçirilən test imtahanında 442 namizəd iştirak etmişdir.

 

     İmtahanı 30-dan artıq hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmişlər.

 

     İmtahan başa çatdıqdan dərhal sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının inzibati binasında elektron hesablayıcı maşınlar vasitəsi ilə namizədlərin cavab kartları yoxlanılmış və müsabiqənin ikinci mərhələsi-yazılı imtahanda 299 namizədin iştirak etmək hüququ qazandığı müəyyən edilmişdir.

 

     Nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az) internet saytlarında yerləşdirilmişdir.

     Yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə mətbuatda və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcəkdir

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.