Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının 5 avqust 2025-ci il tarixli Qanunu ilə Cinayət-Prosessual Məcəlləsinə 212.5-ci maddə əlavə olunub. Normaya əsasən, icraatında mülki iş, kommersiya və ya inzibati mübahisələr üzrə, yaxud inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə şəxsin əməllərində cinayətin əlamətlərini aşkar etdikdə, bu barədə qəbul etdiyi xüsusi qərardadı və ya məhkəmədə olan materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göndərilmiş xüsusi qərardad və ya materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərar olduqda, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır.
Həmin qanunla İnzibati Xətalar Məcəlləsinə yeni 432-1-ci maddə əlavə edilib. Belə ki, qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Ədliyyə Nazirliyinə təqdim edilməməsi inzibati xəta kimi müəyyən edilib.
Həmçinin, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə olmadan və ya qeydiyyata alınmamış belə müqavilə üzrə qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsinə və ya işlərin görülməsinə, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsi də inzibati qaydada məsuliyyət yaradır.
Bundan əlavə, qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması da inzibati məsuliyyətə səbəb olur.
Bu kimi xətaların törədilməsinə görə vəzifəli şəxslər və hüquqi şəxslər üçün müəyyən məbləğlərdə cərimələr nəzərdə tutulub.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı