Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən olan Korrupsiyaya qarşı mübarizə sahəsində aparılan ardıcıl və məqsədyönlü işlər çərçivəsində son aylar ərzində bır sıra mühüm normativ hüquqi aktlar qəbul edilmiş, zəruri institusional tədbirlər həyata keçirilməkdədir.
Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranmışdır.
Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması üçün son vaxtlarda həyata keçirilmiş tədbirlər prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən yüksək etimadın təzahürüdür.
Belə ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində vətəndaşların müraciətlərinin qəbulu işinin təkmilləşdirilməsi üçün zəruri işlər davam etdirilərək, korrupsiya hüquqpozmaları barədə vətəndaşların müraciətlərinin qəbul edilməsi və operativ baxılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi yaradılmış və 3 mart 2011-ci il tarixdən fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 11 mart 2011-ci il tarixli "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər haqqında" Fərmanına əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılmış, Nazirlər Kabinetinə bir ay müddətində idarənin prokurorluq işçilərinin və xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması, maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görülməsi tapşırılmışdır.
18 mart 2011-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara dəyişikliklər edilərək MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq ixtisaslaşmış antikorrupsiya qurumu olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmiş, korrupsiya ilə bağlı əməliyyat-axtarış tədbirlərinin yalnız idarə tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2011-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri və digər informasiya resursları) real vaxt rejimində istifadəsinin təmin edilməsi məqsədi ilə müvafiq normativ-hüquqi aktlara dəyişikliklər edilməsi barədə təkliflərini Dövlət başçısına təqdim etmək vəzifəsi tapşırılmışdır. Eyni zamanda Dövlət başçısının qeyd olunan və 10 may 2011-ci il tarixli Fərmanları ilə idarənin Əsasnaməsində dəyişikliklər edilərək həmin idarəyə korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədilə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, zərurət yarandıqda bu sahədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinə tapşırılması və görülmüş tədbirlər barədə məlumat almaq, korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlamanın aparılması və ya korrupsiya ilə bağlı cinayətlərin istintaqı zamanı müxtəlif peşə sahələrində xüsusi biliyə malik şəxslərdən istifadə etməklə fiziki və ya hüquqi şəxslərin fəaliyyətinin yoxlanması məqsədi ilə idarəyə mütəxəssislər qrupunun yaradılması səlahiyyəti verilmişdir.
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 12 may 2011-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların Əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanmışdır.
Həmin əmrə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin artan iş yükü şəraitində işinin çevik təşkil olunması, səmərəli nəzarət mexanizminin yaradılması, idarənin qoşulması nəzərdə tutulan digər dövlət və qeyri-dövlət qurumlarının məlumat bazaları, informasiya sistemləri və reyestrlərindən lazımi məlumatların əldə edilməsi, bu məlumatların əldə olunmasına dair idarə əməkdaşlarından daxil olmuş müraciətlərin əsaslılığına nəzarət, mürəkkəb korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və müxtəlif sahələri əhatə edən çox epizodlu cinayət işlərinin istintaqı zamanı vaxt itkisinin qarşısının alınması, cinayət təqibinin tezliyinin təmin olunması üçün prokuror və müstəntiqlərə müvafiq qanunvericilik aktlarının axtarılıb tapılması və təmin olunmasında metodiki köməklik göstərilməsi məqsədilə Təşkilati və informasiya təminatı şöbəsi yaradılmışdır.
Həmçinin idarənin səlahiyyətləri çərçivəsində əməliyyat-axtarış tədbirlərinin hazırlanıb həyata keçirilməsi, korrupsiya cinayətləri törətmiş şəxslərin axtarışı, tutulması, korrupsiya cinayətlərinin istintaqı, habelə həmin işlərin məhkəmə baxışı zamanı cinayət prosesi iştirakçılarının təhlükəsizliyi və onlara qanunsuz təsirin qarşısının alınması və digər vəzifələrin həyata keçirilməsi məqsədi ilə Əməliyyat şöbəsi və bu fəaliyyətin həyata keçirilməsinin texniki cəhətdən təmin olunması məqsədi ilə Əməliyyat təminatı şöbəsi təsis edilmişdir.
İdarənin 5 ildən artıq müddət ərzindəki fəaliyyətinin təhlili korrupsiya ilə effektiv mübarizəni inzibati və iqtisadi metodların vəhdətində görən Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənliklə söylədiyi fikirləri bir daha təsdiqləməklə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı (preventiv) tədbirlərin mühüm əhəmiyyət daşıdığını göstərmişdir. İnformasiya təminatı ilə əlaqədar işlərin yeni yaradılmış Təşkilati və informasiya təminatı şöbəsi tərəfindən həyata keçiriləcəyi, habelə korrupsiyaya qarşı mübarizə sahəsində qabaqlayıcı tədbirlərin xüsusi rolu və korrupsiya hüquqpozmaları üzrə ilkin araşdırmalar aparılması nəzərə alınaraq idarənin Analitik-informasiya şöbəsi ləğv edilməklə, onun bazasında Preventiv tədbirlər və təhqiqat şöbəsi yaradılmışdır.
Korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqının çoxsaylı istiqamətlər üzrə aparılması, müxtəlif peşə sahələri ilə əlaqədar icraatda olan ilkin araşdırma materialları, həmçinin cinayət işləri üzrə prokurorlara və müstəntiqlərə ixtisaslı məsləhətlər və tövsiyələr verilməsi və bu sahədə yoxlamalar aparılması, eləcə də rəy tərtib edilməsi məqsədi ilə idarədə şöbə səlahiyyətli Mütəxəssislər qrupu yaradılmışdır.
Prokurorluq orqanlarında korrupsiya ilə bağlı cinayətlərin, həmçinin korrupsiya hüquqpozmalarının qarşısının alınması, aşkar edilməsi və açılması, həmçinin cinayət işinin başlanmasını və istintaqın aparılmasını təmin etmək, idarədə iş yerlərinin və orada yerləşən texniki vasitələrin məlumat sızmasından qorunması, habelə məlumat çıxarılması üçün istifadə olunan vasitələrin aşkarlanması və onların zərərsizləşdirilməsi məqsədi ilə tədbirlərin görülməsi və müasir şəraitdə digər fəaliyyət istiqamətlərinə uyğun olaraq idarənin Daxili təhqiqatlar şöbəsi ləğv edilərək onun bazasında Daxili Təhlükəsizlik Xidməti təsis edilmişdir.
Qeyd olunanlara əsasən idarənin təcrübəli kadrlarla daha da gücləndirilməsi məqsədi ilə rəhbər heyət və digər təsnifatlar üzrə təyinatlar aparılmış, rotasiya qaydasında müvafiq dəyişikliklər həyata keçirilmişdir.