Şriftin ölçüsü :
Saytın rəngi :
Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə cinayət məsuliyyəti müəyyən edilmişdir
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin adı və mətni yeni redaksiyada verilmişdir. Dəyişikliyə əsasən, tibbi xidmətin göstərilməsi qaydalarını pozma, yəni qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, eləcə də ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilənişlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradan əməllərdir. Bu əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olması cinayətin ağırlaşdırıcı əlamətləridir.
Müvafiq dəyişikliklərə uyğun olaraq, tibbi xidmətin göstərilməsi qaydalarını pozma ilə əlaqədar cinayət işi prokurorluqda başlandıqda ibtidai istintaq prokurorluq, daxili işlər (polis) orqanları tərəfindən başlandıqda isə həmin orqanlar tərəfindən aparılır.
Şəxs şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.
Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində edilmiş dəyişikliyə əsasən, şəxs cinayət məsuliyyətindən azad etmənin əsaslarından biri olan şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.
Cinayət-Prosessual Məcəlləsinin 85 –ci və 86-cı maddələrinə dəyişiklik edilmişdir
Cinayət-Prosessual Məcəlləsinə yeni əlavə edilmiş 85.6.5-ci maddəyə əsasən, müstəntiqin bütün səlahiyyətlərindən istifadə edən istintaq şöbəsinin (bölməsinin, idarəsinin) rəisi (rəis olmadıqda müavini) bu Məcəllənin tələblərinə əməl edərək: müstəntiqin bu Məcəllə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə mane olan hallar (vəfat etməsi, ağır xəstəliyə tutulması və s.) yarandıqda, habelə bu Məcəllənin 85.6.2-ci maddəsinə uyğun olaraq həyata keçirilən nəzarət çərçivəsində müstəntiqin cinayətin açılması və araşdırılması üçün vaxtında müvafiq tədbirlər görməməsi nəticəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngidildiyini müəyyən etdikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yazılı məlumat verməklə cinayət işini bir müstəntiqin icraatından götürərək digər müstəntiqin icraatına verir.
Digər dəyişikliyə əsasən, təhqiqat orqanının ixtisaslaşmış təhqiqat qurumunun rəhbəri təhqiqatçının cinayətin açılması, araşdırılması və qarşısının alınması üçün vaxtında müvafiq tədbirlər görməsinə həyata keçirdiyi nəzarət çərçivəsində təhqiqatçının cinayətin açılması və araşdırılması üçün vaxtında müvafiq tədbirlər görməməsi nəticəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngidildiyini müəyyən etdikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yazılı məlumat verməklə cinayət işini bir təhqiqatçının icraatından götürərək digər təhqiqatçının icraatına verir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı