Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsini həmin Məcəllənin 520.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh etmişdir

02.07.2025

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyun 2025-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkumun cəzadan azad edilməsinin bilavasitə zərərçəkmişin iradəsinə bağlı olması və onun marağının tam şəkildə ödənilməsindən asılı edilməsi, baxılan məsələnin zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsinə birbaşa təsir etməsi kimi halların mövcudluğu bu məsələ ilə bağlı qəbul edilən qərarın bilavasitə onun mənafeyinə toxunduğuna dəlalət edir ki, bu hallarda zərər çəkən şəxsə həmin qərardan apellyasiya və kassasiya şikayəti vermək hüququnun inkar edilməsi onun Konstitusiya ilə bəyan edilən məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnərdi.

Həmin qərara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1.1–509.1.8-ci maddələri ilə nəzərdə tutulmuş məsələlərlə bağlı qəbul edilmiş məhkəmə qərarından zərər çəkmiş şəxsin apellyasiya və ya kassasiya şikayəti vermək hüququ istisna edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsindən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383.1.5, 409.4, 520.7-ci maddələrinin müddəalarından irəli gələrək, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında baxılan məsələlərə dair qəbul edilmiş məhkəmə qərarları yalnız zərər çəkmiş şəxsin mənafelərinə toxunduğu hallarda, zərər çəkmiş şəxs həmin qərarlardan apellyasiya və kassasiya şikayəti vermək hüququna malikdir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.