Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda kibercinayətkarlıqla mübarizə üzrə beynəlxalq təlim keçirilib

21.06.2025

2025-ci il 18–19 iyun tarixlərində Bakı şəhərində Avropa Şurasının CyberEast+ layihəsi çərçivəsində “Budapeşt Konvensiyası və onun İkinci Əlavə Protokolu çərçivəsində kibercinayətkarlıq üzrə əməkdaşlıq mexanizminin tətbiqi” mövzusunda beynəlxalq təlim keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının layihə üzrə ölkə qrupu ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuş və kibercinayətkarlıqla mübarizə, həmçinin elektron sübutların toplanması sahəsində beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsini hədəfləmişdir.

İclasda Azərbaycan Respublikasının Baş Prokurorluğunu  Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov, Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin böyük prokuror-metodisti Ayaz Qayıbov və həmin şöbənin prokuroru Akif Məmmədyarov, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Azad Əliyev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Mələk Əliyeva və Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin prokuroru Tural Mürsəlov təmsil etmişlər.

İki günlük təlim zamanı iştirakçılara Budapeşt Konvensiyası və onun İkinci Əlavə Protokolunun beynəlxalq əməkdaşlıq alətləri, qarşılıqlı hüquqi yardım prosedurları, 24/7 əlaqə şəbəkəsi və dövlətlərarası, eləcə də özəl sektorla əməkdaşlıq imkanları barədə ətraflı məlumat təqdim edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının kibercinayətkarlıq və beynəlxalq hüquqi əməkdaşlıq sahəsində ixtisaslaşmış əməkdaşları, habelə Avropa Şurasının ekspertləri iştirak etmişlər.

Seminarda əldə edilən nəticələr Budapeşt Konvensiyasının İkinci Əlavə Protokolunun ratifikasiyası və tətbiqi, eləcə də kibercinayətkarlığa qarşı mübarizədə effektiv qanunvericilik çərçivəsinin yaradılması üçün əsas rol oynayacaqdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.