Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluşdan başlanan Zəfər yolumuz

13.06.2025

Milli Qurtuluşdan başlanan Zəfər tariximiz

 Azərbaycanın Milli Qurtuluşunun əsası 32 il əvvələ təsadüf edir. 1993- cü il İyunun 15-də  Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi, sözün həqiqi mənasında,  xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan ömrünün qalan hissəsini də xalqına, millətinin tərəqqisinə, respublikanın demokratik prinsiplər əsasında inkişafına həsr edən Ulu öndər Heydər Əliyev oldu. Müdrik şəxsiyyət azadlıq, suverenlik yolunda ikinci dəfə addımlarını atan  Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında və əbədiyyətə çevrilməsində  müstəsna rol oynadı. Ümummilli lider  daim  xalqına arxa-dayaq olduğunu, müstəqil Azərbaycanın inkişafı, dünya birliyinə inreqrasiyası yolunda hər cür çətinliklərə, məşəqqətlərə  hazır olduğunu bir daha təsdiqlədi və qarşıda onu böyük risklərin, təhlükələrin gözlədiyinə baxmayaraq, xalqın qurtuluşu, Azərbaycanın xilası missiyasını cəsarətlə öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də Ali Sovetin sessiyasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və çətinliklərə, qarşıdurmalara, dövlət çevrilişi cəhdlərinə sinə gərərək qarşısına qoyduğu məqsədə nail oldu. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq və inkişaf etdirmək idi. Ümummilli liderin polad iradəsi sayəsində bu, reallığa çevrildi.

 

XX əsrin sonlarında keçmiş SSRİ-nin süqutundan sonra  müstəqilliyini bərpa edən Azərbaycan bu tarixi fürsəti yaşatmaq və inkişaf etdirmək üçün yaranmış fürsətlərdən yetərincə istifadə edə bilmədi. Xalqın qanı bahasına qazanılmış müstəqilliyimiz həmin vaxt hakimiyyəti ələ keçirmiş dövlət idarəçiliyində naşı olanların sayəsində addım-addım uçuruma yaxınlaşırdı. Ölkədə hakimiyyət böhranı getdikcə dərinləşir, xaos, özbaşınalıq geniş vüsət alır, qeyri-qanuni silahlı birləşmələr əhalini qorxu içərisində saxlayırdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən vətəndaşlarımız canlarını bu bəladan qurtarmaq üçün xarici ölkələrə üz tuturdular. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə müstəqilliyimizin həmin mərhələsini  xarakterizə edərkən demişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

 

Ölkədə yaranmış özbaşınalıq Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalına rəvac verirdi. Getdikcə gərginləşən siyasi vəziyyət, gündən-günə ağırlaşan sosial vəziyyət, müstəqilliyimizin, ümumilikdə Azərbaycanın parçalanmaya, məhvə, dünya xəritəsindən silinməyə yaxınlaşması xalqı ciddi narahat edirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir zamanda  ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə böyük ehtiyac yaranmışdı. Cəmiyyətin bütün təbəqələri, ziyalılar, ictimai-siyasi xadimlər, zəhmətkeş insanlar müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı düşdüyü ağır və dözülməz vəziyyətdən yalnız Heydər Əliyevin xilas edə biləcəyinə əmin idilər. Çünki tarixi şəxsiyyət dövlət idarəçiliyində zəngin təcrübəyə və dünya birliyində yüksək nüfuza malik idi. 1992- ci ilin oktyabrında  ziyalılar böyük inam və ümidlə Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Müraciətdə deyilirdi: “Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında, siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, "real vəziyyətə uyğun" fəaliyyət göstərməklə, əslində, ifliç vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir”.

 

Ziyalıların müraciətində bildirilirdi ki, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır.

 

Küçə və meydanlarda səhərdən axşama qədər demokratiyadan danışanlar, özlərini xalqa millətsevər, azadlıq aşiqləri və demokrat kimi sırıyanların əməlləri bir daha təsdiqləyirdi ki, onlar demokratiyanın mahiyyətinin dərk edə bilmirlər. Əsl demokratik ölkələrdə ordu, polis, başqa inzibati orqanlar siyasətdən kənardır və  bu qüvvələr hakimiyyətdə olanlara deyil, xalqa xidmət edirlər. Rəhbərliyin siyasi naşılığından, idarəetmədəki təcrübəsizliyindən, ən başlıcası isə  hakimiyyət hərisliyindən  istifadə edən xarici qüvvələr öz mənafeləri üçün məharətlə istifadə edir, bütün vasitələrlə  Azərbaycanın müstəqil dövlət kimi inkişafına mane olurdular. Respublikanın olan-qalan iqtisadi potensialı sürətlə dağıdılır, təbii sərvətlərimiz talan edilirdi.  Ziyalılar qəti olaraq bildirdilər: “İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs sizsiniz!”

 

Ziyalılarının narahatçılığını haqlı və təqdirəlayiq hesab edən Ümummilli lider Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsini tarixi hadisə adlandırmış və bunun bütün azərbaycanlıları, Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirdiyini bildirmişdir. Müdrik şəxsiyyyət bundan sonra əsas vəzifənin dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarət olduğunu bildirmişdir. Qeyd etmişdir ki, bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir. Ulu öndər ömrünün qalan hissəsini bu şərəfli missiyaya həsr etməyə hazır olduğunu bildirmişdir.

 

Beləliklə, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi faciələrdən, müsibətlərdən, qardaş qırğınından və vətəndaş qarşıdurmasından xilas etdi. İyunun 15-də isə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ulu öndər bu çətin və şərəfli missiyanı öz üzərinə götürərkən demişdir:  “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. Məhz bundan sonra Azərbaycanın ictimai-siyasi, eləcə də bütün sahələrində əsaslı dönüş yaradıldı. Tarixi şəxsiyyət öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi  böhranı tədricən aradan qaldırdı və müstəqil ölkənin inkişafının təməlini qoydu.

 

Milli Qurtuluş Gününün təntənəsi müstəqil respublikamızın davamlı inkişafında mühüm rol oynadı. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə yüksəldi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni qanunvericilik aktları qəbul edildi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən Milli Məclisin qərarı ilə həmin gün rəsmi bayram kimi qeyd edilir.

 

Müdrik şəxsiyyətin ən böyük arzusu  Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi, dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada  görmək idi. Ulu öndərin hər bir addım və hərəkətləri məhz bu istiqamətə yönəlmişdi.  Ümummilli liderin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Bu islahatlar digər sahələrdə olduğu kimi, prokurorluq, hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin yeniləşməsində və formalaşmasında da özünü büruzə verdi.

 

Təməli Ulu öndər tərəfindən qoyulan qanunvericilik aktları, habelə islahatlar tarixi şəxsiyyətin siyasi kursunu bütün sahələr üzrə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə mütəmadi olaraq aparılan islahatlar çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış qanunlar qəbul edildi.  “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ sənədlərin  təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni  mərhələyə yüksəlmişdir. "Məhkəmələr və hakimlər haqqında" və "Konstitusiya Məhkəməsi haqqında" qanunlar xüsusilə qeyd olunmalıdır. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” və  “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamələr qəbul edildi.

 

Ulu öndərin Azərbaycanı inkişaf etmiş və dünyanın  qüdrətli dövlətləri sırasına qoşulmaq arzusunu möhtərəm Prezidentimiz İlham Əliyev reallaşdırdı. Bu gün  dünya dövlətləri tərəfindən qəbul edilən müstəqil və suveren Azərbaycan  beynəlxalq aləmdə söz sahibinə çevrilib. 2020- ci ilin noyabrında Ermənistan üzərində qazanılan tarixi Qələbə və 3 il sonra yenilməz Ordumuzun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatından sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edən ölkədir. Milli Qurtuluşdan başlanan yol xalqımızı Zəfər tarixinə yetişdirdi.

 

Asif Şıxəliyev,

Bakı Şəhər Prokurorluğunun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, ədliyyə müşaviri

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.