Şriftin ölçüsü :

Saytın rəngi :

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizənin səmərəliyinin artırılması məqsədilə təlimlər keçirilib

05.06.2025

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı” çərçivəsində müvafiq sahədə səmərəli mübarizənin təmin olunması və iştirakçı qurumlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə ixtisaslaşdırılmış təlimlər təşkil olunur.

Bunun davamı kimi, 3–5 iyun tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə prokurorluq, vergi və polis orqanlarında istintaq sahəsində çalışan 125 əməkdaş üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin sübut olunmasının spesifik xüsusiyyətləri” mövzusunda təlim keçirilib.

Əyani və distant formada keçirilmiş təlimlərdə təlimçi qismində Baş Prokurorluğun və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları, Bakı Apellyasiya Məhkəməsinin hakimi və Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi iştirak ediblər.

Təlim çərçivəsində iştirakçılara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsi üzrə nəzərdə tutulan əməllərin hüquqi tərkibi və ictimai təhlükəlilik dərəcəsi, cinayət yolu ilə əldə edilmiş əmlakın və terrorçuluğun maliyyələşdirilməsində istifadə olunan vəsaitlərin aşkara çıxarılması və izlənilməsi metodları, maliyyə istintaqının aparılması və predikativ cinayətlər üzrə paralel araşdırmaların xüsusiyyətləri, bu əməllərin vergi və mənimsəmə cinayətləri ilə əlaqələndirilməsi, həmçinin mövcud məhkəmə təcrübəsi barədə geniş məlumat verilib.

Təlimin yekununda iştirakçılar üçün 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereyaya ekskursiya təşkil olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.