Şriftin ölçüsü :

Saytın rəngi :

TEXNOLOGİYA ƏSRİNİN AKTUAL PROBLEMİ — KİBERCİNAYƏTKARLIQ

31.05.2025

TEXNOLOGİYA ƏSRİNİN AKTUAL PROBLEMİ — KİBERCİNAYƏTKARLIQ
 
Son illərdə texnologiyanın dinamik inkişafı nə qədər mütərəqqi hal hesab edilsə də, bu müsbət inkişafla bərabər dünyanın bir çox ölkələrində kibercinayətkarlığın artması ciddi problem olaraq meydana çıxmışdır. Kibermühitin qlobal səviyyəyədə genişlənməsi nəticəsində ölkəmiz də bu tendensiyadan kənarda qalmamışdır. Müasir dövrdə kibercinayətkarlıq dövlətlərin milli təhlükəsizliyi və iqtisadi sabitliyini təhdid edən əsas problemlərdən biri hesab edilir. Qloballaşan dünyada informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması istər milli, istərsə də beynəlxalq səviyyədə əsas məsələyə çevrilmişdir. Bu fəaliyyətdə insan, cəmiyyət və dövlət maraqlarının qorunması başlıca məqsəddir.
Bu cür cinayətkar qəsdlərə qarşı kibertəhlükəsizliyin təmin edilməsi üçün əlverişli mexanizmin formalaşdırılması prioritet məsələ hesab edilir. Kibertəhlükəsizlik bu sahədə milli təhlükəsizliyə yönələn təhdidləri müəyyən etmək, bu təhdidlərin istifadə edilə biləcəyi boşluqların və təhdid nəticəsində yarana biləcək fəsadların aradan qaldırılması və ya əvvəldən təyin edilmiş hədlərə qədər azaldılması üçün hüquqi, təşkilati, əməliyyat-axtarış, və digər sahələr üzrə tədbirləri əlaqələndirilmiş qaydada təşkil, icra, nəzarət və davamlı təkmilləşdirmək üçün qanunvericiliklə müəyyən edilən mühafizə üsulları və vasitələri ilə təmin edilir.
Kibercinayətlər dedikdə ən sadə mənada kompüter və ya kompüter şəbəkəsini əhatə edən cinayət əməlləri başa düşülür. “Cyber” sözü informasiya texnologiyaları, internet şəbəkəsi, eləcə də virtual reallığa aid olan mürəkkəb sözün bir hissəsi kimi izah olunur. Kibercinayətkarlıq rəqəmsal texnoloji vasitələrdən və informasiya texnologiyaları şəbəkələrdən istifadə etməklə törədilən cinayətkar fəaliyyətlərin geniş spektrini əhatə edir. Bu cinayətlər fırıldaqçılıq, məlumatların pozulması, kompüter virusları, dələduzluq və digər zərərli fəaliyyətləri genişləndirmək üçün texnologiyadan istifadəni özündə ehtiva edir. Kibercinayətlər icazəsiz giriş əldə etmək, həssas məlumatları oğurlamaq, xidmətləri pozmaq, fiziki və hüquqi şəxslərin, habelə dövlətlərin maliyyə sisteminə və nüfuzuna zərər yetirmək üçün kompüter sistemləri və şəbəkələrindəki boşluqlardan istifadə edilərək qəsdən törədilən əməllərdir.
Azərbaycan Respublikasının informasiya məkanının müasir dövrün bəlası olan kibertəhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindən biridir. Ölkənin sosial və iqtisadi tərəqqisinin başlıca qüvvəsi olan informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bu sahədə mövcud olan və yeni yaranan risklərin təhlilinin aparılmasını, mühafizə obyektlərinin dəqiqləşdirilməsini, onların aid olduğu informasiya infrastrukturlarının funksional dayanıqlığını, bu infrastrukturlardan istifadə edən subyektlərin hüquq və qanuni maraqlarını, fəaliyyətin davamlılığını təmin etmək üçün qabaqlayıcı və bərpaedici tədbirlərin müəyyənləşdirilmiş səviyyədə görülməsini, informasiya təhlükəsizliyini idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsini şərtləndirir.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununda kiber sahədə aktual hesab edilən bir sıra anlayışlar öz əksini tapmışdır. Həmin Qanuna əsasən kibertəhdid informasiya sistemlərinə və ya ehtiyatlarına qanunsuz daxilolma, müdaxilə, habelə digər formalarda informasiya təhlükəsizliyinin pozulmasına səbəb ola bilən amil və ya vəziyyətdir. Kiberhücum isə informasiya sistemlərinin və ya ehtiyatlarının informasiya təhlükəsizliyinə təhdid yaradan, yaxud onların fəaliyyətinin pozulmasına və ya dayanmasına səbəb olan kiberməkan vasitəsilə qəsdən törədilən əməldir.
Qeyd etmək lazımdır ki, kibercinayətkarlıqla mübarizə həm dövlətdaxili həm də beynəlxalq problemdir və bu sahədə törədilən əməllərlə müabriə beynəlxalq səviyyədə həyata keçirilir. İnformasiya təhlükəsizliyinə yönələn cinayətkarlarla mübarizə məqsədilə bu günə qədər müvafiq sahədə aparıcı və ən çox istinad olunan beynəlxalq sənəd Avropa Şurasının 2001-ci ildə Budapeştdə imzalanmış və 2004-cü ildə qüvvəyə minmiş Kibercinayətkarlıq və ya Budapeşt Konvensiyasıdır. 2022-ci ilə qədər Budapeşt Konvensiyası 66 ölkə tərəfindən imzalanmış və ratifikasiya edilmişdir. Azərbaycan Respublikası Budapeşt Konvensiyasını 30 iyun 2008-ci il tarixddə imzalamış, 30 sentyabr 2009-cu il tarixdə ratifikasiya etmişdir. Milli qanunvericiliyin Konvensiyaya uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə və digər normativ hüquqi aktlara müvafiq əlavə və düzəlişlər edilmişdir. Kompüter informasiyası sahəsində cinayətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ayrıca fəsildə qruplaşdırılmaqla qeyd olunmuşdur. Budapeşt Konvensiyasının tələblərinə uyğun olaraq 2012-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin otuzuncu fəslinin Konvensiyaya uyğunlaşdırılması üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki 29 iyun 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin “Kompüter informasiyası sahəsində cinayətlər” adlı otuzuncu fəsli yeni redaksiyada “Kibercinayətlər” olaraq verilmişdir. Həmin fəsildə kompyuter sisteminə qanunsuz daxil olma, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə, kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə, kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi və kompyuter məlumatlarının saxtalaşdırılması kimi əməllərə görə Cinayət Məcəlləsində müvafiq maddələrlə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası kibertəhlükəsizlik və kibercinayətlərlə mübarizə sahəsində həm qanuni islahatların, həm praktiki tədbirlərin realizəsi üçün əhəmiyyətli addımlar atılır. 2012-ci ildən etibarən "Kibercinayətkarlığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu kibercinayətlərin xüsusiyyətlərini, onların klassifikasiyasını və mübarizə tədbirlərini müəyyən edir. Bu qanun, kibertəhlükəsizlik sahəsində dövlət və dövlət olmayan strukturların fəaliyyətini tənzimləyir.
Kibertəhlükəsizliyin təmin edilməsi və kibercinayətlərlə mübarizə məqsədilə Azərbaycan Respublikasında müxtəlif hüquqi mexanizmlər və qanunvericilik bazası inkişaf etdirilməkdədir. Onlardan ən əhəmiyyətlisi Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyasıdır. Bu sənəd ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Bu Strategiya dövlətin, cəmiyyətin və insanların müasir İKT-dən təhlükəsiz istifadəsinin təmin edilməsi üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl şəbəkələrin, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunmasına aid tədbirlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməsinə daha əlverişli şəraitin yaradılmasına xidmət edir.
Kibercinayətkarlıqla mübarizə gücləndirilməsi təkcə qanunvericiliyin tənzimlənməsi ilə kifayətlənməməlidir. Bu texnoloji vasitələrin inkişafı, informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığı və cəmiyyətin maarifləndirməsi ilə dəstəklənməlidir. Həmçinin, dövlət orqanlarının, özəl sektorun və cəmiyyət üzvlərinin əməkdaşlığı kibercinayətkarlığın qarşısını almaq və kibertəhlükəsizliyi artırmaq üçün olduqca mühüm əhəmiyyətə malikdir. Kibercinayətkarlıq dinamik, daim dəyişən sahə olduğu üçün bu cür kriminal əməllərlə mübarizə tədbirləri də dinamik xarakter daşımalı və yüksələn xətlə inkişaf etməlidir. Azərbaycan Respublikasında kibercinayətkarlığa qarşı mübarizə həm texnoloji, həm sosial, həm də hüquqi aspektlər cəhətdən inkişaf etməkdə olan bir sahədir. Bu sahədəki sürətli irəliləyiş ölkənin informasiya təhlükəsizliyini təmin etməkdə əhəmiyyətli rol oynayacaqdır.
 
 
Goranboy rayon prokuroru,
baş ədliyyə müşaviri
Kamran Məmmədov

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.