Şriftin ölçüsü :

Saytın rəngi :

#Hüquqimaarifləndirmə #Cinayətprosessualhüququ #İnsanHüquqlarıAylığı #HumanRightsMonth - Tədqiqat üçün nümunələrin götürülməsinin şərtləri

02.06.2025

Müstəntiq tədqiqat üçün nümunələrin götürülməsi məqsədi ilə müvafiq istintaq hərəkətini aşağıdakı hallarda apara bilər:

- nümunələr hər hansı insanın, heyvanın, insan meyitinin, heyvan cəsədinin, habelə əşya və ya maddələrin xassələrini əks etdirdikdə;
- nümunələr cinayət təqibi üçün əhəmiyyətli olduqda.

Tədqiqat üçün nümunələrin götürülməsi məqsədi ilə müvafiq istintaq hərəkətinin aparılması üçün müstəntiq əsaslandırılmış qərar çıxarır. Həmin qərarda qərarın çıxarıldığı tarix, vaxt və yer; müstəntiqin soyadı, adı, atasının adı və vəzifəsi; tədqiqat üçün nümunələrin götürülməsinə əsas verən obyektiv hallar və onun motivlərinin əsaslandırılması; tədqiqat üçün nümunələri götürməli olan şəxsin soyadı, adı və atasının adı; tədqiqat üçün nümunələrin götürülməli olduğu şəxsin soyadı, adı və atasının adı; tədqiqat üçün hansı nümunələrin və hansı miqdarda götürülməli olduğu; tədqiqat üçün nümunələrin götürülməsi üçün şəxsin nə vaxt və kimin yanına gəlməli olduğu; tədqiqat üçün nümunələr götürüldükdən sonra onların nə vaxt və kimə verilməli olduğu göstərilməlidir.

Tədqiqat üçün nümunələr həmçinin cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada baxış, axtarış, götürmə, əmlak və ya yazışma üzərinə həbs qoyulması zamanı da götürülə bilər.

Tədqiqat üçün nümunənin götürülməsi məhkəmə ekspertizası fəaliyyətinin bir hissəsidirsə, bu hərəkət məhkəmə ekspertizasını aparan ekspert tərəfindən həyata keçirilir.

Tədqiqat üçün nümunələrin götürülməsi üsulundan asılı olmayaraq onların insana əzab verən, onun həyatına, səhhətinə və ya bədən bütövlüyünə təhlükə törədən üsulla götürülməsi qadağandır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.