Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun dəstəyi ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi tərəfindən Respublika Hüquq Olimpiadası keçirilib

08.05.2025

  Mayın 6-da Baş Prokurorluğun dəstəyi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika Hüquq Olimpiadası keçirilib.

  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təşkil edilmiş Olimpiadanın əsas məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin təkmilləşdirilməsi, onların hüquqi təfəkkürünün inkişaf etdirilməsi və gənclər arasında sağlam rəqabət mühitinin təşviq olunması olub. 

  Olimpiadada ölkənin 8 ali təhsil və ixtisaslaşmış müəssisəsinin – Bakı Dövlət Universiteti, ADA Universiteti, Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyasının komandaları iştirak ediblər.

  Yarış iştirakçılarının beynəlxalq, cinayət, mülki və konstitusiya hüququ sahələrindəki bilik və bacarıqları sınanılıb. Olimpiada açıq tipli suallar və kazus üzərində iş mərhələlərindən ibarət olub.

 Yarışın yekununda komandaların topladığı ümumi nəticələr əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası qalib olub, Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası 2-ci yeri, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası isə 3-cü yeri tutaraq, komanda üzvləri diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

  Bu cür yarış və müsabiqələr hüquq sahəsində peşəkar kadr potensialının formalaşdırılmasına töhfə verməklə yanaşı, tələbələrdə vətənpərvərlik, hüquq və ədalətə hörmət kimi dəyərlərin aşılanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.