Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

07.03.2025

  Ölkəmiz sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları, o cümlədən terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə həmin təşkilatın Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq edir.

    03-06 mart tarixlərində Qazaxıstanın Almatı şəhərində UNODC-nin təşkilatçılığı ilə heroin və metamfetaminin Cənubi Qafqaz və Şimal marşrutu ilə qeyri-qanuni ticarəti üzrə ekspert işçi qrupunun iclası baş tutub. İclasın əsas məqsədi opiat və metamfetaminin qeyri-qanuni ticarətinə qarşı mübarizəni gücləndirmək, cinayətkar şəbəkələrin aşkarlanması istiqamətində əməkdaşlığı inkişaf etdirmək və aidiyyəti dövlət qurumları arasında informasiya mübadiləsini təşviq etmək olub. Tədbirdə Cənubi Qafqaz, Mərkəzi Aziya, Balkan regionu, Türkiyə və İrandan ekspertlər iştirak edib.
    
 Azərbaycan Respublikasını Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Fuad Hüseynov və Daxili İşlər Nazirliyinin Mərkəzi Asiyada Regional İnformasiya və Əlaqələndirmə Mərkəzində səlahiyyətli nümayəndəsi Elbrus Rəcəbov təmsil edib. Fuad Hüseynov sessiyalarda çıxış edərək ölkəmizin ərazisindən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının daşınması cəhdlərinin qarşısının alınması istiqamətində dövlət orqanları tərəfindən görülən tədbirlər, son illər bu sahədə qeydə alınan tendensiya, bu cür cinayətlərin törədilməsində istifadə olunan üsullar və hüquq mühafizə orqanları tərəfindən bu sahədə həyata keçirilən beynəlxalq əməkdaşlıq barədə məlumat verib.
    
     Həmçinin, görüşdə narkotik vasitələrin daşınmasında mütəşəkkil cinayətkarlığın rolu, yeni yaranan beynəlxalq marşrutlar, bu cür cinayətlərin törədilməsi nəticəsində əldə olunan pul vəsaitlərinin leqallaşdırılması və həmin cinayətlərin istintaqının aparılması məsələlərində təcrübə mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.