Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi. Bərabərlik hüququ

28.02.2025

  Azərbaycan Respublikasının Konstitusiyası dövlət quruculuğu tarixində ilk dəfə olaraq insan hüquqlarının təbii xarakter daşımasını özündə əks etdirmişdir. Əsas Qanunumuza müvafiq olaraq, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
  
  Azərbaycan Respublikası Konstitusiyasının II bölməsi bütövlükdə insan və vətəndaş hüquq və azadlıqları və vəzifələrinə həsr edilmişdir. Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəslinin bir çox maddələrində insan hüquq və azadlıqları sadalanır. Burada mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar təsbit edilmişdir. Eyni zamanda, insan hüquqlarına hörmət edilməsi prinsipinin müxtəlif aspektləri Azərbaycan Respublikası Konstitusiyasının digər maddələrində də bu və ya digər dərəcədə müəyyən edilmişdir.
 
  Azərbaycan Respublikası Konstitusiyasının “Bərabərlik hüququ” adlanan 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır və heç kəsə bu göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.