Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhər sakini Vüqar Ağayevin ölüm faktı üzrə istintaq tədbirləri davam etdirilir

07.10.2010

2010-cu il oktyabrın 4-də saat 11:30 radələrində İsmayıllı şəhər sakini,  rayon icra hakimiyyətində sürücü işləyən, 1982-ci il təvəllüdlü Ağayev Vüqar Ağami oğlunun meyitinin Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 32-ci kilometrliyində yoldan 100 metr aralıda meşə massivində aşkar edilməsi barədə İsmayıllı Rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı meyitin yanında içərisində bir ədəd patron gilizi olan 16 kalibrli qoşalülə ov tüfəngi, iki ədəd patron və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülmüşdür.Meyitin xarici müayinəsi zamanı V.Ağayevin paltarlarında dalaşmaya xas olan cırılma, sökülmə və ya hər hansı zədə müəyyən edilməmiş, başının alın təpə nahiyəsində yaxın məsafədən odlu silahla yetirilməyə xarakterik 6x2.5sm ölçüdə yara aşkar olunmuşdur. Daxili müayinə zamanı isə mərhumun beyninin içərisindən qırma və qəzet parçaları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Faktla əlaqədar rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir. Aparılmış ilkin araşdırmalarla müəyyən olunmuşdur ki, mərhum V.Ağayev oktyabrın 4-də saat 10:00 radələrində hələlik istintaqa məlum olmayan mənbədən hadisədən iki gün əvvəl əldə edərək sökülü vəziyyətdə bazar çantasında saxladığı ov tüfəngini evdən götürüb dostları ilə birlikdə ova gedəcəyini qardaşına bildirərək taksi sürücüsü Elçin Mirzəyevə zəng vurmuşdur. Sonuncu özünə məxsus avtomobillə onu Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 32-ci kilometrliyində düşürüb şəhərə qayıtmışdır. Az sonra V.Ağayev E.Mirzəyevə zəng vuraraq qardaşı Vüsal və təcili tibbi yardım həkimləri ilə onu düşürdüyü yerə gəlməsini xahiş etmişdir. E.Mirzəyev öz növbəsində Vüsala bu barədə məlumat vermiş və onlar birlikdə təcili yardım maşını ilə hadisə yerinə gələrkən V.Ağayevin meyitini aşkar etmişlər. Oda müəyyən edilmişdir ki, mərhumun heç kimlə ədavəti və ya düşmənçiliyi olmamış, bir müddət əvvəl İsmayıllı rayon mərkəzi xəstəxanasında korbağırsaqdan cərrahiyyə əməliyyatı olunmuşdur. Mədəaltı vəzisində yaranmış ağrılarla əlaqədar son günlər işə çıxmayaraq oktyabrın 5-də müalicə olunmaq məqsədilə atası ilə birlikdə İran İslam Respublikasına getməyi planlaşdırmışdır.

Ekspertizanın ilkin rəyinə görə V.Ağayevin ölümünə səbəb tüfəngin maili vəziyyətdə aşağıdan yuxarıya doğru istiqamətdə başının alın təpə nahiyəsinə dirənmiş vəziyyətdə bir dəfə açılmış atəş olmuşdur.  Hazırda iş üzrə stintaq rayon prokurorluğunda davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.