Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində mübahisə ölümlə nəticələnmişdir

17.09.2010

16 sentyabr 2010-cu il tarixdə saat 23:45-də Sumqayıt şəhəri, Köhnə Corat qəsəbə sakini, 1959-cu il təvəllüdlü Hacıyev Rasim Şahmar oğlunun kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölməsi barədə Sumqayıt şəhər Polis İdarəsindən daxil olmuş məlumat əsasında şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Faktla bağlı şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

Aparılmış ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, sentyabrın 16-da saat 23:00 radələrində Elxan Hacıyev atası ilə birlikdə sonuncuya məxsus olan idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla sərxoş vəziyyətdə evə qayıdarkən avtomaşını küçədə saxladığı üçün qonşuları Emil və Ramin Məmmədov qardaşları ilə mübahisə etmişlər. Mübahisə zamanı Elxan Hacıyev avtomaşından götürdüyü bıçaqla Ramin Məmmədovun sol qol nahiyəsinə xəsarət yetirmiş, bu zaman Rasim Hacıyev oğlunu sakitləşdirmək istəyərkən sonuncu atasının da sağ bud nahiyəsinə bir xəsarət yetirmişdir. Xəsarət güclü qanaxma ilə müşayiət olunduğundan Elxan Hacıyev atasını şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparmış, lakin həkimlərin göstərdikləri səyə baxmayaraq Rasim Hacıyevin həyatını xilas etmək mümkün olmamışdır.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elxan Hacıyev sentyabrın 17-də saat 03:00 radələrində şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilmişdir.

Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.