Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda qətl törətmiş şəxs tutulmuşdur

03.09.2010

2 sentyabr 2010-cu il tarixdə saat 21:00 radələrində 1990-cı il təvəllüdlü Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yaşamış Məmmədov İnqilab Əli oğlunun bıçaq yarası ilə 3 saylı şəhər Kliniki xəstəxanasına aparılarkən yolda ölməsi barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan mətbəx bıçağı götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, sentyabrın 2-də saat 19:00 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yaşayan Kərimov Əhməd Məcid oğlu dostu Məmmədov İnqilab Əli oğlu ilə Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi 737 saylı evin qarşısına gələrək qohumu Günelin barəsində rüsvayedici məlumatlar yaydığına görə Əhmədov Fuad Nurəli oğlu ilə mübahisə etmiş və Fuad Əhmədovu döyərkən sonuncunun dostları Məmmədvəli Xalıqov və Elvin Səfərov onları aralamaq istəmişdir. Bu zaman mübahisə daha da qızışmış və səs-küyə Fuad Əhmədovun anası Yetər İsgəndərova və xalası Qızdarxanım Nuriyeva gəlmişdir. Fuad Əhmədov aranın qarışmasından istifadə edərək evlərinə qaçıb mətbəx bıçağı götürərək dərhal geri qaytımış və gətirdiyi bıçağı Məmmədvəli Xalıqova vermişdir. Sonuncunun atası Sübhan Xalıqov aranı sakitlşdirmək və Fuad Əhmədovu evlərinə aparmaq istəmiş, lakin Əhməd Kərimov və İnqilab Məmmədov hücum edərək onu təhqir etməyə və vurmağa başlamışlar. Bu zaman Məmmədvəli Xalıqov atasını təhqir etdiyinə görə İnqilab Məmmədovu bıçaqla bir dəfə ürək nahiyyəsindən vurmuş və sonuncu xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Məmmədvəli Xalıqov sentyabrın 3-də saat 01:30 radələrində şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilmişdir.

Hazırda işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.