Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq əməkdaşı BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədaləti üzrə Komissiyasının (CCPCJ) 33-cü sessiyasında iştirak edib

09.12.2024

  Vyana şəhərində cari ilin 5-6 dekabr tarixlərində BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədaləti üzrə Komissiyasının (CCPCJ) təkrar çağırılmış 33-cü sessiyası keçirilib.
  
  Tədbirdə cinayətkarlığın qarşısının alınması, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə, beynəlxalq əməkdaşlıq və cinayət ədaləti sahəsində strateji idarəetmə məsələləri müzakirə olunub. Həmçinin, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, cinayətkarlığın yeni formaları ilə mübarizə və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
 
  İclas zamanı BMT-nin Narkotiklər və Cinayət üzrə İdarəsinin (UNODC) və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri Azərbaycan Respublikasının Baş Prokurorluğuna BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) yüksək səviyyəli plenar sessiyasını uğurla təşkil etdiyinə görə minnətdarlıq ifadə ediblər.
  
  Sessiyada Azərbaycan Respublikasının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Mələk Əliyeva təmsil edib.

  Sessiyanın yekununda qəbul edilən tövsiyələr, UNODC-nin gələcək strategiyasının formalaşdırılmasına və 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.