Şriftin ölçüsü :

Saytın rəngi :

Astara rayonunda qətl hadisəsi törətmiş şəxs tutulmuşdur

30.08.2010

Avqustun 30-da saat 01:10 radələrində Astara rayonunun Şahağacı kənd sakini, 1954-cü il təvəllüdlü Aslanova Hökümə Mürvət qızının rayonun Səncərədi kənd sakini, 1983-cü il təvəllüdlü kürəkəni - Bağırov Sərxan Sultan oğlu tərəfindən qəsdən öldürülməsi ilə əlaqədar rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bir ədəd balta götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, S.Bağırov həmin tarixdə saat 00:30 radələrində ailə-məişət zəminində aralarında yaranmış münaqişə ilə əlaqədar sərxoş vəziyyətdə qayınanası H.Aslanovanın yaşadığı ünvana gələrək pəncərədən evə daxil olmuşdur. Səs-küyə ayılan H.Aslanova və sonuncunun oğlu Rəşadət Əsədullayev gecə vaxtı onları narahat etməsinin səbəblərini soruşduqda mübahisə yenidən qızışmış və S.Bağırov R.Əsədullayevlə əlbəyaxa olmuşdur. Bu zaman H.Aslanova baş verənlərdən qorxaraq həyətə, oradan isə küçəyə qaçmışdır. S.Bağırov H.Aslanovanın ardınca qaçaraq həyətdən götürdüyü balta ilə onun baş nahiyyəsinin arxa hissəsinə iki zərbə endirməklə qəsdən öldürmüşdür.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin olunmuşdur.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində S.Bağırov cinayətin törədilməsində şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilmişdir.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.