Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə ölkədəki ekoloji mühitin sağlamlaşdırılması daim diqqət mərkəzində olmaqla dövlət siyasətinin prioritet məsələlərindən biri olmuşdur. Heydər Əliyev Azərbaycan ekologiyasının, Azərbaycan təbiətinin əvəzsiz qoruyucusu, himayəçisi idi. Ulu öndər ölkəmizin flora və faunası ilə iftixar hissi keçirir, onun torpağının, havasının, landşaftının qorunub saxlanmasını, zənginləşdirilməsini tələb edirdi.
Ümummilli Liderimiz ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşmış, yaşıllıq zolaqlarının genişləndirilməsi və ekoloji problemlərin həlli məsələlərini daim diqqət mərkəzində saxlamışdır.
Hər bir sahədə olduğu kimi, Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması, ekologiya siyasətinin hərtərəfli inkişafı sahəsində də atılan ilk addımlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin həm sovetlər dönəmində, həm də 1993-cü ildən başlayaraq apardığı ekoloji islahatlar nəticəsində ölkəmizdə yeni institutlar yaradılmış, ekoloji problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Bakı şəhərində yaşıllıqların sahəsi 3 mindən 17 min hektara çatdırılmışdır. Yaşıllıqların ekoloji balansın tənzimlənməsində vacib roluna böyük önəm verən müdrik şəxsiyyət hələ 1970-ci illərdə müxtəlif çıxışlarında XX əsrin sonuna qədər yaşıllıqların sahəsini 35-40 min hektara çatdırmağı perspektiv plan kimi qarşıya qoymuşdur. Ulu öndərimiz tərəfindən yaşıllaşdırma ümumxalq işi elan olunmuşdur.
Azərbaycan ekologiyasının mühafizəsi ilə bağlı dövlət siyasətinin banisi Heydər Əliyev “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir” deyib və bununla da insanlara, vətəndaşlara təbiəti qorumağın nə qədər vacib vəzifə olduğunu təlqin edirdi.
Təbiəti mühafizənin elə bir sahəsi yoxdur ki, orada Ulu Öndər Heydər Əliyevin qayğısı olmasın. Ümummilli Liderin ekoloji siyasətinin prioritet istiqamətlərindən biri də ölkədə mövcud olan su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, xüsusən də ölkənin su təchizatı, onun inkişafı və dirçəlişi olmuşdur. Bakıda yaşıllıq zonalarının salınması su təchizatında böyük irəliləyişlər nəticəsində mümkün olmuşdur.
Torpaqların şoranlaşmadan təmizlənməsi üçün drenaj sistemlərinin tikilməsi, geniş meşə zolaqlarının salınması, ölkəmizin flora və faunasının qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə Şirvan, Ağ göl, İsmayıllı, Bəsitçay və digər dövlət qoruqları və yasaqlıqlarının yaradılması, Abşeron zonasında və Gəncədə iri yaşıllıq massivlərinin salınması, şəhər və rayonlarımızda nəhəng sutəmizləyici qurğuların, böyük dəryaçaların inşa edilməsi Heydər Əliyevin zəhmətinin bəhrəsi idi.
Lənkəran və Masallı üçün mühüm suvarma dəryaçaları – Xanbulançay və Viləşçay dəryaçalarının yaradılması bir tərəfdən zonada əkin torpaqlarının suvarılmasına xidmət edirdisə, digər tərəfdən də bu yerlərin təbiətinin zənginləşdirilməsinə, ekoloji mühitə dəymiş ziyanın balanslaşdırılmasına, bu yerlərdə istirahət zonasının inkişaf etməsinə, qiymətli balıq növlərinin yetişdirilməsinə xidmət edirdi.
Xəzər dənizinin problemlərinin öyrənilməsi istiqamətindəki tədbirlər, bu problemlərin, xüsusilə dənizin çirklənməsinin qarşısının alınması istiqamətində görülən işlər bir-birindən vacib idi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Kür-Bakı su kəmərlərinin tikintisinə başlanılmış, ilk olaraq I Kür su kəməri, sonra isə paralel olaraq II Kür su kəməri sistemi istifadəyə verilmişdir. Ceyranbatan su qovşağında aparılmış yenidənqurma işləri də regionun su təchizatını xeyli yaxşılaşdırmağa və şəhər əhalisinin su ilə təmin olunmasına imkan vermişdir.
Müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev tərəfindən Bakının və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə 2002-ci ildə Oğuz və Qəbələ rayonları ərazisindəki zəngin su ehtiyatlarının paytaxta gətirilməsi üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi qərara alınmışdır.
Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş bir sıra ekoloji qanunlar, sərəncamlar və qərarlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmişdir. Bu iş ardıcıl, müntəzəm və sistem halında görüldüyü üçün böyük səmərə vermişdir. 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi dövründə ətraf mühit sahəsində 8 qanun, həmçinin - meşə, torpaq, su və s. haqqında qanunlar, hökumət səviyyəsində isə 30-dan artıq qərar qəbul edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu 12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ (maddə 39), eləcə də ölkədə ətraf mühitin qorunmasının hər kəsin borcu olduğu (maddə 78) təsbit edilmişdir. Bununla da ətraf mühitin qorunması Konstitusiya səviyyəsində bir dəyər kimi öz təsdiqini tapmışdır.
Yeni ekoloji qanunvericiliyin formalaşdırılması baxımından Heydər Əliyev tərəfindən “Ətraf mühitin mühafızəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Xüsusi mühafızə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “İcbari ekoloji sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarının imzalanması və qüvvəyə minməsi, dövlətimizin ekoloji siyasətinin hüquqi bazasının yaradılmasında xüsusi əhəmiyyət kəsb etmişdir.
Ulu Öndərin reallaşdırdığı strateji kursda ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq müqavilələrə qoşulmağa da xüsusi yer verilmiş, onun rəhbərliyi altında Azərbaycan Respublikası çoxlu sayda beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq protokollar imzalamışdır. Buna misal olaraq, “Bitkilərin mühafızəsi haqqında”, “Biomüxtəliflik haqqında”, “Nəsli kəsilmək təhlükəsi altında olan təbii flora və fauna növlərinin beynəlxalq ticarəti haqqında”, “Səhralaşmaya qarşı mübarizə haqqında” və s. beynəlxalq konvensiyaları göstərmək olar.
1998-ci ildə ekoloji prioritetləri müəyyən edən “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” hazırlanmış, bu proqramda nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanda müasir Təhlükəli Tullantılar poliqonu, Xıllı Nərə Balıqartırma zavodu inşa edilmişdir.
Ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan və fəaliyyətlərində qismən bir-birini təkrarlayan bir sıra komitə və birliklər ləğv edilərək, onların bazasında 23 may 2001-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Məhz məqsədli - proqram yanaşmasının üstünlüklərini nəzərə alaraq və mövcud ekoloji problemlərin sistemli həllini təmin etmək məqsədi ilə Heydər Əliyev 18 fevral 2003-cü il tarixli Sərəncamı ilə ekologiyaya dair - “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair” Milli Proqramları təsdiq etmişdir. Həmin Milli Proqramlar böyük elmi-konseptual əhəmiyyət kəsb etməklə, ölkədə həyata keçirilən ekoloji siyasətin, demək olar ki, bütün aspektlərini özündə əks etdirmişdir.
Ümummilli Liderin ekoloji siyasəti barədə danışarkən, onun ideyalarını yaşadan Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusilə qeyd edilməlidir.
Heydər Əliyev Fondu xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalqımızın Heydər Əliyev ocağına olan sevgisini daha da gücləndirir.
Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr vermişdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılmışdır.
Ümummilli Lider Heydər Əliyevin ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Son illər əldə olunmuş nailiyyətlər dövlətin iqtisadi əsaslarını daha da möhkəmləndirərək qeyri-neft sektorunun, infrastruktur sahələrinin, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yoxsulluğun azaldılması, ekoloji təhlükəsizliyinin təmin olunması və digər məsələlərin həlli istiqamətində daha təsirli tədbirlərin həyata keçirilməsi üçün imkanlar yaratmışdır. Azərbaycanda davamlı inkişaf konsepsiyasının müddəalarına uyğun olaraq iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön plana çıxarılmışdır. Buna nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi və ətraf mühitin qorunmasının təmin olunması istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirilir.
Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılması ilə yanaşı, ekoloji vəziyyətin də bərbad hala salınmasına yol açmışdı. Azərbaycanın işğal altındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloji terror regionun ekosistemini, təbiətini və resurslarını məhv etmişdi. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin Qələbə ilə, 2023-cü ildə baş verən 24 saatdan az davam edən antiterror tədbirinin uğurla başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu.
BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında bu məsələyə toxunan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir: “Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Göründüyü kimi, Ermənistanın həyata keçirdiyi terror siyasəti yalnız şəhərləri, kəndləri və ya orada yaşayan insanları hədəfə almır, həm də ekoloji tarazlığın pozulmasına yönəlib. Bu isə olduqca təhlükəli bir amildir. 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan həm də bu hərəkətinə görə, beynəlxalq qanunlar qarşısında cavab verməlidir.”
Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycan Respublikasının Dövlət Başçısının ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətinin bariz nümunələrindən biridir. Qeyd olunan sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyi, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüldüyü qeyd olunmuşdur. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmaqla, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasının prioritet məsələ olması, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edildiyi, ekosistemin bərpa olunduğu bildirilmişdir.
15 dekabr 2023-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə cənab Prezident bildirmişdir ki: “Mən şübhə etmirəm ki, COP-29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.”
COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut etməklə yanaşı, həm də Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcəkdir.
Şübhəsiz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Heydər Əliyev kimi Ümummilli Lideri var. Xalqımız Ümummilli Liderini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcəkdir.
Azərbaycan xalqı Ulu Öndərin bütün sahələrdə siyasi kursunu uğurla davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Sumqayıt şəhər prokuroru,
baş ədliyyə müşaviri
Mürvət Həsənov
