Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqibilikləriniartır #insanhüquqları #uşaqhüquqları - Uşağın dinlənilmək hüququ (BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası, maddə 12)

21.11.2024

  Öz baxışlarını formalaşdırmağa qadir olan uşağın özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ təmin edilməli, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilməlidir. Bu məqsədlə uşağa ona toxunan hər hansı məhkəmə araşdırmasının və ya inzibati araşdırmanın gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq orqan vasitəsilə dinlənilmək imkanı verilməlidir.
Bu o deməkdir ki, uşağın ən əsas maraqlarına xidmət edirsə, onun tək nümayəndə, yaxud müvafiq orqan vasitəsilə deyil, birbaşa dinlənmək hüququ vardır. Uşağın susmaq hüququ olduğu istintaq mərhələsindən başlayaraq, prosesin bütün mərhələlərində bu hüquqa, eləcə də polis, ittihamçı və hakim tərəfindən dinlənmək hüququna tam şəkildə riayət edilməlidir. Ancaq bu, qərarın verilməsi və təyin edilmiş tədbirlərin həyata keçirilməsi mərhələlərində də tətbiq edilir. Başqa sözlə, yuvenal ədliyyə prosesi ilə uşağa öz baxışlarını azad ifadə etmək imkanı verilməli, həmin baxışlara onun yaşına və yetkinliyinə müvafiq sürətdə lazımi diqqət yetirilməlidir (12 (1)-ci maddə), yəni məhkəmə işində səmərəli şəkildə iştirak etməsi üçün uşağa tək ittihamlar barədə deyil, eləcə də yuvenal ədliyyə prosesinin özü və mümkün tədbirlər barədə də məlumat verilməlidir.

  BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinin 12 saylı Ümumi Şərhində (2009) qeyd olunur ki, uşağın baxışlarının əhəmiyyətini təkcə uşağın yaşı müəyyən edə bilməz və informasiya, təcrübə, mühit, sosial və mədəni gözləntilər və dəstək səviyyələri uşağın öz baxışlarını formalaşdırmaq qabiliyyətinin inkişafına töhfə verir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.