Şriftin ölçüsü :
Saytın rəngi :
Milli maraqlara əsaslanan müdrik və qətiyyətli dövlət siyasəti
Müasir Azərbaycanın xilaskarı və qurucusu, müstəqil dövlətçiliyimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf strategiyasının tarixi zəfərimizin böyük memarı cənab İlham Əliyev tərəfindən milli maraqlara, dünyanın çevik dəyişən reallıqlarına adekvat olaraq inamla davam etdirilməsi üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasına zəmin yaratmışdır.
Hər bir azərbaycanlının qəlbində yüksək qürur və iftixar hissi yaradan şanlı qələbəmizin məntiqi davamı olaraq 24 saatdan da az müddətdə yekunlaşan lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimizin tam bərpa edilməsi yüz ildən bəri bizə "miras" qalan ağrılı-acılı problemi kökündən həll etməklə gələcək nəsillərə alnıaçıq, qürurlu və məğrur dövlət bəxş etmişdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, şəhidlərimizin qanı hesabına əldə edilmiş xalqımızın ən böyük milli sərvəti olan ərazi bütövlüyümüz və suverenliyimiz çərçivəsində cari ilin fevral ayında növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri, sentyabrın əvvəlində isə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi qlobal arenada özünün ən qüdrətli dövrünə qədəm qoyan dövlətimizin ictimai-siyasi həyatında əlamətdar hadisə kimi xüsusi olaraq qeyd edilməlidir.
Yeni inkişaf dövrünün astanasında keçirilmiş Zəfər seçkilərində millətimizin yenidən öz əvəzsiz lideri cənab İlham Əliyevə sonsuz inamını və ümummilli etimadını bildirməklə ölkəmizin ardıcıl tərəqqisinə və firavan gələcəyinə səs verməsi bütün dünyaya daha güclü Azərbaycan naminə yeni hədəflərə doğru irəliləyən dövlət başçısı ilə xalqının sarsılmaz birliyini nümayiş etdirmişdir.
Ulu Öndərin ən mühüm vəsiyyətini və xalqına verdiyi sözü yerinə yetirməklə müqəddəs tarixi missiyasını reallaşdıran Ali Baş Komandana dönməz xarakter alan islahatlar prosesində onunla çiyin-çiyinə Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsində öncüllük edən, ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı bu baxımdan xüsusi diqqət çəkir.
Dövlətçiliyin möhkəmləndirilməsinə və ölkənin sosial-iqtisadi inkişafına istiqamətlənmiş böyük miqyaslı və uzaq məqsədli hədəflərin uğurla gerçəkləşməsinin nəticəsidir ki, bu gün beynəlxalq ictimaiyyətin yekdil qərarı ilə ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi etməsi Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru, Azərbaycana qarşı iflasa məhkum çirkin kampaniya aparan bəzi dairələrə isə tutarlı cavabdır.
Dünyada Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olan bu mötəbər tədbir eyni zamanda regionumuzun yeni geosiyasi reallıqlarını dünyaya təqdim edərək beynəlxalq müstəvidə ölkəmizə əhəmiyyətli dividendlər qazandıracaqdır.
80 minə yaxın xarici nümayəndənin iştirak edəcəyi möhtəşəm konfrans növbəti dəfə ölkəmizin qüdrətinin bütün dünyaya nümayişi olmaqla dövlətimizin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq səylərinə zəmin yaradacaq, ekoloji problemlərlə mübarizəni yeni müstəviyə qaldıracaqdır.
Prokurorluq orqanları dövlətin əsas sütunlarından biridir
Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı və milli prokurorluq orqanlarının yaranmasının 106-cı ili qeyd olunur. 1 oktyabr 1918-ci il tarixli qərarla Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanları bir əsrdən artıq tarixi ərzində çətin və mürəkkəb, eyni zamanda şərəfli bir inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşmış, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq etmişdir.
Əminliklə deyə bilərik ki, Azərbaycan prokurorluğunun qanunçuluğun etibarlı təminatçısı kimi cinayətkarlığa qarşı barışmaz mübarizəsinin və qanunun aliliyinin bərqərar olunmasında sarsılmaz mövqeyinin, fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın formalaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquq islahatları, görkəmli dövlət xadiminin quruma olan xüsusi qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.
Prokurorluq orqanlarının ictimai-siyasi sabitliyin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini hər zaman önə çəkən müstəsna dühası və misilsiz fədakarlığı ilə əbədilik qazanan Ulu Öndərin "Respublika prokurorluğu və baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir" sözləri prokurorluğa ali səviyyədə olan diqqət və önəmin bariz nümunəsi hesab edilmişdir.
Ölkənin dayanıqlı və davamlı inkişafının təminatında dövlətin hüquq-mühafizə orqanlarının peşəkarcasına fəaliyyət göstərməsini daim diqqət mərkəzində saxlayan dahi rəhbərin oktyabr ayının 1-ni respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü elan etməsi, şəxsi təşəbbüsü və rəhbərliyi altında qurumun yaradılmasının 80 illik yubileyinin təntənəli şəkildə qeyd edilməklə həmin tədbirdə "Azərbaycan Prezidenti kimi mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram" sözləri bu gün də hər bir prokurorluq işçisi tərəfindən böyük iftixar hissi ilə yad edilir.
Əlbəttə, bir çox dövlət təsisatı kimi prokurorluq orqanlarının da təkmilləşdirilməsi, prokurorluq işçilərinin əməyinin fərqləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqinə başlanılması, əməkdaşların sosial-maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması Heydər Əliyev irsinə layiqli varislik nümunəsini göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağdaş dövrün tələblərinə uyğun apardığı hüquqi dövlət quruculuğu islahatları ilə mümkün olmuşdur.
Bu baxımdan dövlət başçısının rəhbərliyi ilə ictimai həyatın bütün sahələrini əhatə edən sistemli islahatlar, dövlət idarəçiliyində innovativ yanaşmanı önə çəkən ardıcıl tədbirlər hüquq sisteminin ən yüksək beynəlxalq standartlara uyğun formalaşdırılmasına və müasir dövrün tələbləri səviyyəsində təkmilləşməsinə zəmin yaradaraq prokurorluq orqanlarının da ardıcıl və müntəzəm inkişafını təmin etmişdir.
Prokurorluq orqanlarında yeni dövrün tələblərinə uyğun islahatlara təkanın əsasını cənab Prezident İlham Əliyev tərəfindən 2020-ci il mayın 1-də baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul zamanı verilən tapşırıq və tövsiyələr təşkil etmişdir.
Azərbaycan Prezidentinin "Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq" sözlərinin əyani şəkildə reallaşması istiqamətində qısa zaman kəsiyində prokurorluqda müasir məzmunlu islahatlar aparılmış, səmərəliliyin və işin keyfiyyətinin artırılmasına yönəlmiş tədbirlər sistemli xarakter almaqla bu gün də ardıcıl şəkildə davam etməkdədir.
Xüsusi vurğulanmalıdır ki, dövlət başçısının dəstəyi ilə hüquq sistemində aparıcı rola malik prokurorluğun fəaliyyətində şəffaflığın və aşkarlığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, mövcud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizminin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Cari ildə eyni zamanda prokurorluq orqanlarının xidməti fəaliyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, Xankəndi şəhər, Şəki rayonunun və Bakı şəhərinin Nərimanov rayon prokurorluqlarının yeni inzibati binalarının istifadəyə verilməsi ölkə rəhbərliyinin quruma olan növbəti diqqət və qayğısının təcəssümü kimi qəbul edilmişdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbər göstərişlərindən və müdrik tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, eləcə də prokurorluğa ictimai etimadın gücləndirilməsi, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsi və müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Azərbaycan prokurorluğu hər zaman qanunçuluğun keşiyindədir
İctimai-siyasi sabitliyin qorunması
Bütün dövrlərdə olduğu kimi, ötən dövrdə də - bu ilin əvvəlindən indiyədək - prokurorluq orqanları qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə qarşısında duran vəzifələri layiqincə icra etmişlər.
Daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq ölkədə dayanıqlı ictimai-siyasi sabitlik qorunaraq dövlət maraqlarının müdafiəsi, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılmaqla kriminogen durumun stabilliyi və bütün mənfi təzahürlərin qarşısının alınması təmin edilir.
Son bir il ərzində prokurorluq orqanları tərəfindən əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 7 qəsdən adamöldürmə cinayətinin daxili işlər və dövlət təhlükəsizliyi orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilmiş, onlardan 4 işin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir.
Eyni zamanda ötən bir il ərzində qeyri-aşkar şəraitdə törədilmiş 24 qəsdən adamöldürmə cinayətinin isti izlərlə açılmasının təmin olunması xüsusi qeyd edilməlidir.
Cari il ərzində prokurorluq orqanlarında aparılmış istintaq tədbirləri ilə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə 134 milyon 944 min manat məbləğində vurulmuş maddi ziyandan 52 milyon 40 min manat, həmçinin qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 861 min manat vəsaitin ödənilməsinə nail olunmuş, eləcə də 21 milyon 42 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmuşdur.
Görülmüş işlərlə yanaşı, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üçün ötən illərdən bağlı qalan cinayət işləri üzrə təqsirli şəxslərin müəyyənləşdirilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi, istintaq taktikası və metodikasının, kriminalistikanın müasir elmi-texniki nailiyyətlərindən daha səmərəli istifadə olunmasının təmin edilməsi, eləcə də artım tendensiyası qeydə alınmış cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi qarşıda duran vəzifələrdəndir.
Korrupsiyaya qarşı mübarizə ardıcıl xarakter kəsb edir
Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi dövlət siyasətinə və strateji inkişaf konsepsiyasına, o cümlədən "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq korrupsiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirilməklə işin effektivliyinin yüksəldilməsi prokurorluqda prioritet fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, sosial, iqtisadi və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan bu sosial bəlaya qarşı əks-təsir mexanizmlərindən daha geniş istifadə edilməklə onun baş verməsinə səbəb olan və şərait yaradan halların aradan qaldırılması, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində kompleks tədbirlər cari ildə də uğurla davam etdirilmişdir.
Bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu müddətdə vətəndaşların 7808, o cümlədən 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 4324 müraciətinə baxılaraq, prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi, həmçinin cinayət işlərinin başlanması təmin edilmişdir.
Bu müddət ərzində baş idarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən 36 əməliyyat tədbiri nəticəsində 29 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 36 cinayət işi başlanmışdır.
Qeyd edilən dövrdə baş idarə tərəfindən 143 şəxs barəsində baxılması üçün məhkəmələrə göndərilmiş 108 cinayət işi üzrə vurulmuş maddi ziyan -102 milyon 400 min manat təşkil etməklə ibtidai istintaq dövründə 25 milyon 545 min manatın ödənilməsi, həmçinin 20 milyon 760 min manat məbləğində əmlak üzərinə həbs qoyulmaqla ümumilikdə 46 milyon 305 min manat (45,2 faiz) məbləğində ziyanın bərpası təmin olunmuşdur.
Bundan başqa, icraatına xitam verilmiş işlər üzrə 16 milyon 629 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 68 min manat məbləğində pul vəsaiti ödənilmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin "Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır... biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq" sözlərinə uyğun olaraq prokurorluq orqanları tərəfindən korrupsiya hüquqpozmalarına qarşı mübarizə bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.
Prokurorluğun fəaliyyətində rəqəmsal texnologiyalar uğurla tətbiq edilir
Müasir Azərbaycan prokurorluğunun fəaliyyətində ən vacib istiqamətlərdən biri də dövrün tələblərinə uyğun olaraq cinayət mühakimə icraatında rəqəmsallaşma prosesinin həyata keçirilməsidir ki, bu sahədə son dövrlər nəzərəçarpan irəliləyişlər əldə edilmişdir.
Qeyd olunmalıdır ki, dövlət başçısının 7 may 2021-ci il tarixli fərmanı ilə yaradılmış "Elektron Prokurorluq" İnformasiya Sisteminin keçən ilin mart ayından etibarən tam şəkildə bütün prokurorluq orqanlarında fəaliyyətə başlaması ilə yanaşı, cinayət təqibinin rəqəmsallaşdırılmasına dair ilk addımlar atılaraq "Müraciətlər", "İnzibati xəta icraatı", "Cinayət xarakterli materiallar" və "İstintaq" modulları da istifadəyə verilmişdir.
Bununla da hazırda prokurorluq orqanlarında icraatda olan bütün cinayət işlərinin və cinayət xarakterli məlumatların araşdırılmasına dair materialların bu modullar vasitəsilə "kağızsız" qaydada aparılması təmin edilir.
Eyni zamanda "Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında" 1 avqust 2023-cü il tarixli fərmanla yaradılmış Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə ilk qoşulan qurumlardan biri olan Azərbaycan prokurorluğu tərəfindən də istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl tədbirlər görülmüşdür.
Bu baxımdan Baş Prokurorluğun təşəbbüsü ilə cari ilin aprel ayında ümumilikdə 20-dək müxtəlif dövlət qurumu və hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, ali təhsil ocaqlarının nümayəndələri və vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə "Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda keçirilmiş geniş konfrans, həmçinin cari ilin iyun ayında Baş Prokurorluq və Ədliyyə Nazirliyi tərəfindən Türk Ədliyyə Təlim Şəbəkəsinin fəaliyyəti çərçivəsində "Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya" mövzusunda keçirilmiş beynəlxalq konfrans müasir informasiya texnologiyalarının hüquqi sahədə tətbiqi və istifadəsinin genişləndirilməsinə öz töhfəsini vermişdir.
Aprel ayında keçirilmiş konfransın yekununda qəbul edilmiş birgə qərar əsasında yaradılmış İşçi qrupu tərəfindən cinayət prosesinin rəqəmsallaşdırılması ilə bağlı cinayət-prosessual və digər qanunvericiliklərə dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihələri hazırlanmaqla razılaşdırılması üçün aidiyyəti qurumların müzakirəsinə təqdim edilmişdir.
Gənc kadrların potensialının reallaşdırılmasına xüsusi önəm verilir
Cari il ərzində də Azərbaycan prokurorluğunun müasir dövrün tələblərinə uyğun fəaliyyətinin təşkili baxımından kadr korpusunun yenilənməsi və komplektləşdirilməsi ən mühüm istiqamətlərdən birini təşkil etmişdir.
Prokurorluq orqanlarında mövcud vakant ştat vahidləri nəzərə alınmaqla yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə və sağlam mənəviyyata malik 52 gənc hüquqşünas bu ilin yanvar ayında sayca 25-ci müsabiqənin nəticələri üzrə qulluğa qəbul edilmişdir.
Xüsusi qeyd edilməlidir ki, 2020-ci ildən bəri keçirilən müsabiqələr üzrə uğur qazanmış namizədlərdən 21-i Vətən müharibəsinin iştirakçısı olmaqla prokurorluq orqanlarında şərəfli xidmətlərini davam etdirir.
Qanunvericiliyin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun təmini də diqqət mərkəzindədir
Prokurorluq orqanlarında normayaratma və hüquq tətbiqetmə fəaliyyətinin həyata keçirilməsi üzrə də cari il ərzində səmərəli işlər görülmüş, Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə 4 sorğunun hazırlanaraq göndərilməsi, habelə Konstitusiya Məhkəməsində baxılan işlər üzrə 4 yazılı rəyin verilməsi təmin edilməklə konstitusiya icraatında iştirak edilmişdir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Baş Prokurorluqda, eləcə də 28 rayon və şəhərdə ümumilikdə 1365 vətəndaş tərəfimizdən qəbul edilməklə müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe prokurorlara müvafiq göstərişlər verilmişdir.
Ətraf mühitin qorunması prioritet istiqamətlərdən biri kimi
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində prokurorluq orqanları tərəfindən qanunla üzərinə qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Baş Prokurorluq üzrə Tədbirlər Planı hazırlanaraq ətraf mühitin mühafizəsi sahəsində mövcud problemlərin və onların həlli yollarının müəyyən edilməsi, bu sahədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Tədbirlər planının icrası çərçivəsində Bakı şəhərində və bölgələrdə ekoloji cinayətlər və inzibati xətalar nəticəsində kəsilmiş ağacların və ya yararsız vəziyyətə salınmış ərazilərin bərpası məqsədilə "Cərimə Parkı" adlı yaşıllaşdırılmış ərazilərin qurulması konsepsiyasının hazırlanmaqla reallaşdırılması, Bakı Dövlət Universiteti ilə birlikdə Baş Prokurorluğun nəzdində "Ekoloji Hüquq Klinikası"nın formalaşdırılması, bu sahədə könüllü gənc mütəxəssislərin aktual mövzular üzrə tədqiqat aparmalarının təşviq edilməsi istiqamətində bir sıra zəruri tədbirlərin icrası təmin olunmuşdur.
Məlumat üçün bildirmək istərdik ki, "Cərimə Parkı - Təbiətin qisası" adlı konsepsiya və onun reallaşdırılması istiqamətində işlərin icrası prokurorluq orqanlarının təcrübəsində ilkin bir addımdır və konsepsiyanın mahiyyəti əsasən qanunvericiliyin tələbləri, mövcud təcrübə və imkanlar nəzərə alınmaqla sosial ədalətin təmin edilməsi, cəmiyyət qarşısında qurumların və fərdlərin sosial cavabdehlik prinsipinin təbliğinə yönəlmişdir.
Belə ki, ağacların qanunsuz kəsilməsi faktı ilə əlaqədar toplanmış materiallar üzrə vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, hazırkı vaxta qədər Bakı şəhəri ərazisində üç cərimə parkı təsis edilməklə məhv edilmiş yaşıllıqların sayına uyğun sayda ağacların əkilməsi təmin olunmuşdur.
Prokurorluq orqanlarında aparılan müasir məzmunlu islahatların mühüm istiqamətlərindən birini də məhz ekoloji hüquqpozmaların müəyyən edilməklə zəruri qabaqlayıcı və qanunamüvafiq cəza tədbirlərinin görülməsi təşkil edir.
Ümumilikdə 2020-ci ildən ətraf mühitin mühafizəsi qaydalarının pozulması faktları ilə əlaqədar 203 inzibati xəta haqqında iş üzrə icraat və 547 cinayət işi başlanmaqla təqsirli şəxslər barəsində zəruri məsuliyyət tədbirləri görülmüş, həmçinin 5 milyon 967 min manat məbləğində ziyanın ödənilməsi təmin edilmişdir.
Eyni zamanda ekoloji təhlükəsizliyin təmin edilməsinin xüsusiliyi və vacibliyi nəzərə alınmaqla ötən müddət ərzində prokurorluq orqanları tərəfindən digər dövlət qurumlarının, elm-təhsil müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri də cəlb olunmaqla sağlam və təmiz ətraf mühit naminə mövcud risklərin minimuma endirilməsi qarşıda duran vəzifələrdən biri hesab edilmişdir.
Bu baxımdan cari ilin iyun ayının 24-də Xankəndi şəhərində Baş Prokurorluğun təşkilatçılığı ilə "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" mövzusunda keçirilmiş elmi-praktiki konfransda imzalanmış memorandumla Azərbaycan Respublikası Baş Prokurorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti ilə birlikdə "Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq-mühafizə tədbirləri-ECOLEAD" layihəsinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Vahid istiqamətdə fəaliyyət göstərəcək peşəkarlar üçün formalaşan ECOLEAD platforması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında münaqişədən sonrakı ekoloji problemlərin daha yaxşı həlli üçün tədqiqat ehtiyaclarını, ekoloji pozuntuların qarşısının alınması və həllinə maraqlı tərəflərin cəlb edilməsini, ekoloji sahədə peşəkarlararası dialoqun təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Hesab edirik ki, bu cür layihələrin həyata keçirilməsi davamlı olmaqla yaşıllıqların qorunmasına, qeyd edilən sahədə vətəndaşlarımızın maarifləndirilməsinə və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan problemlərin həlli istiqamətində öz müsbət töhfəsini vermiş olacaqdır.
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır
Mötəbər konfrans çərçivəsində prokurorluq tərəfindən xüsusi sessiyanın təşkili planlaşdırılır
Tarixi hədəflərimizi reallığa çevirən yeni dövrün yeni lideri cənab İlham Əliyevin praqmatik xarakteri ilə səciyyələnən xarici siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə, milli dövlətçilik maraqlarının ləyaqətlə qorunması mənafeyinə xidmət göstərir.
Sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq iti fəhmi və sistemli analiz qabiliyyəti ilə ölkəmizin beynəlxalq gündəliyini peşəkarlıqla müəyyən edən dövlət başçısının zərgər dəqiqliyi ilə hesablanmış uzaqgörən addımlarının nəticəsidir ki, ölkəmiz yekdilliklə bəşəriyyəti narahat edən ən vacib məsələlərdən biri olan qlobal iqlim siyasətində yeni dönüş nöqtəsini hədəfləyən COP sammitinə evsahibliyi edəcək ölkə seçilmişdir.
Qürurverici haldır ki, COP-29 sədrliyinin dövlət qurumlarına münasibətdə təsdiq etdiyi yan tədbirlər çərçivəsində 15 noyabr tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) ilə birgə beynəlxalq təşkilatların, eləcə də xarici ölkələrin prokurorluq orqanlarının rəhbər vəzifəli şəxslərinin, o cümlədən ölkəmizin aidiyyəti dövlət orqanları, aparıcı ali təhsil, elm ocaqları və geniş hüquq ictimaiyyətinin iştirakı ilə "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" mövzusunda tədbir təşkil ediləcəkdir.
İnanırıq ki, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələlərinin həllində prokurorluq orqanlarının əməkdaşlığına töhfə verəcək tədbir iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq təşəbbüslərə təkan verəcəkdir.
Bu xüsusda qeyd olunmalıdır ki, regionumuzun ekosisteminə təhdid sayılan halların, o cümlədən Araz və onun qolu olan Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi qarşısının alınması istiqamətində Ermənistan ərazisində qanunsuz fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin dayandırılması məqsədilə Baş Prokurorluq tərəfindən beynəlxalq təşkilatlarla, habelə xarici ölkələrin ekoloji nəzarət qurumları ilə əməkdaşlıq aparılmaqla zəruri tədbirlər həyata keçirilməkdədir.
Əlavə olaraq bildirək ki, iqlim dəyişikliyinin qlobal xarakterli təhlükəsi nəzərə alınmaqla Azərbaycan prokurorluğu Xəzər dənizinin hövzəsində də ekoloji stabilliyin qorunması naminə Xəzəryanı ölkələrin prokurorluq orqanları ilə əməkdaşlığın yeni platformasını təşviq etmişdir.
Belə ki, cari il aprel ayının 4-də "Xəzər dənizinin akvatoriyasında ekoloji təhdidlər və hüquqpozmalar: dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları" mövzusunda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının yüksəksəviyyəli nümayəndə heyətlərinin beştərəfli görüşü bu sahədə regional əməkdaşlığın inkişafına rəvac vermişdir.
Ətraf mühitin mühafizəsini təmin etmək, təbiəti qorumaq, onun keşiyində durmaq, Prezident cənab İlham Əliyevin "Azərbaycan vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar" şüarının reallaşdırılması hər bir prokurorluq əməkdaşının həm vəzifə, həm də gələcək nəsillər naminə vətəndaşlıq borcudur və əminəm ki, hər bir prokurorluq əməkdaşı bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə icra edəcəkdir.
Ölkəmiz dünya prokurorlarının ən böyük tədbirlərindən birinə evsahibliyi edir
Cinayətkarlığın yeni formalarının qarşısının dövlətlərin birgə səyi nəticəsində alınması istiqamətində beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişafına mühüm əhəmiyyət verilərək ekstradisiya, hüquqi yardım və digər sahələr üzrə əməkdaşlıq cari ildə də diqqətdə saxlanılmış, qarşılıqlı münasibətlərin qurulması və inkişafı prokurorluğun insan hüquqlarının müdafiəsi və müstəqil dövlətimizin hüquqi əlaqələrinin möhkəmlənməsinə xidmət edən fəaliyyətinin əsasını təşkil etmişdir.
Bu müddətdə rəhbərlik etdiyim nümayəndə heyətləri Avstriya, Çin, Rusiya, Türkiyə, Tacikistan, Qırğız Respublikalarında işgüzar səfərlərdə olmuş, həmçinin İtaliya, Latviya və Keniyanın baş prokurorlarının, Səudiyyə Ərəbistanı Krallığının, Qazaxıstan və Tacikistan Respublikasının müstəqil antikorrupsiya qurumlarının rəhbərlərinin ölkəmizə işgüzar səfərləri ikitərəfli əlaqələrin yeni müstəvidə davam etdirilməsinə hərtərəfli zəmin yaratmışdır.
Həyata keçirilmiş tədbirlərin və prokurorluq orqanlarının beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin nəticəsidir ki, bu günlərdə Bakı şəhərində Azərbaycan prokurorluğunun inkişaf tarixində ən əlamətdar hadisələrdən biri kimi qeyd olunacaq dünya prokurorlarının yeganə təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və ümumi yığıncağı keçirilir.
İştirakçıların sayına görə əvvəlki konfransları geridə qoyaraq rekord sayda iştirakçının qeydiyyat üçün müraciət etdiyi tədbirə 500-dən artıq iştirakçı qatılmaqla ümumilikdə 91 ölkədən, 10 beynəlxalq təşkilatdan nümayəndələrin, o cümlədən 30-a yaxın ölkənin baş prokurorunun və 30-a yaxın ixtisaslaşmış qurumların rəhbər şəxslərinin bilavasitə tədbirdə iştirak etmələri nəinki prokurorluq, o cümlədən ölkəmizin hüquq-mühafizə orqanlarının tarixində mühüm tədbir kimi xatırlanacaqdır.
Cari ilin 29 sentyabr tarixindən başlayaraq bir neçə gündür davam edən tədbirdə prokurorluq üçün mühüm əhəmiyyət kəsb edən məsələlər, o cümlədən ekoloji və rəqəmsal cinayətlər barədə müxtəlif dövlətlərin prokurorluq orqanlarının əməkdaşlarının, hüquqşünasların birgə iştirakı ilə müzakirələr aparılır.
Bu tədbir həm də hüquq sahəsində müsbət nəticələrin əldə edilməsi, ölkəmizlə digər ölkələrin prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, habelə paytaxt və regionlarımızın tanıdılması Azərbaycanın təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilməlidir ki, konfransın sonuncu günündə - 2 oktyabr tarixdə ekoloji cinayətlərlə mübarizəyə həsr olunmuş "Planetimizi qorumaq: ekoloji cinayətlərə prokuror yanaşmaları" mövzusunda da xüsusi sessiyanın keçirilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə ətraf mühitin qorunması sahəsində hüquq-mühafizə orqanlarının fəaliyyəti, ekoloji cinayətlərə qarşı həm daxili, həm də beynəlxalq səviyyədə birgə mübarizənin aparılması, bu istiqamətdə regional və qlobal əməkdaşlığa təşəbbüsün göstərilməsi, milli və beynəlxalq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində geniş və səmərəli müzakirələr aparılacaqdır.
Bu gün yaranmasının 106-cı ilini qeyd etdiyimiz Azərbaycan prokurorluğu hər bir dövlət təsisatı kimi ölkəmizin yeni inkişaf mərhələsində, irimiqyaslı və qlobal əhəmiyyətə malik hədəflərin həyata keçirilməsi istiqamətində böyük məsuliyyət və peşəkarlıqla fəaliyyətini qurmaq üçün bütün qüvvələrini səfərbər edir.
Prokurorluq işçiləri vətəninə və xalqına sədaqətlə xidmət etməyə, respublikamızın dayanıqlı və davamlı inkişafı naminə öz üzərlərinə düşən vəzifələrin həyata keçirilməsində fəal iştirak etməklə prokurorluğun fəaliyyətinin daha da müasirləşdirilməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasına, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin daha da möhkəmlənməsində yeni nailiyyətlər üçün çalışacaqlar.
Kamran Əliyev,
Azərbaycan Respublikasının Baş prokuroru,
I dərəcəli dövlət ədliyyə müşaviri,
Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti,
hüquq elmləri üzrə fəlsəfə doktoru
Azərbaycan qəzeti 1 oktyabr 2024-cü il