Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #uşaqhüquqları #uşaqhüquqlarıaylığı - İnformasiya məhsulunun işarələnməsi

20.11.2024

İnformasiya məhsulunun işarələnməsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna uyğun olaraq informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulun və onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun aşağıdakı işarələrdən birinin aydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçirilir:

- “6 yaşadək” - “6-” işarəsi çevrədə;

- “6 yaşdan” - “6+” işarəsi çevrədə;

- “12 yaşdan” - “12+” işarəsi çevrədə;

- “16 yaşdan” - “16+” işarəsi çevrədə;

- “18 yaşdan” - “18+” işarəsi rombda.

Ölkə ərazisində istehsal olunan kompüter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəyə yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir.

Aşağıdakılar istisna olmaqla, informasiya məhsulunun işarələnmədən ölkə ərazisində yayılması yol verilməzdir:

- “Universal” yaş kateqoriyasına aid informasiya məhsulu;

- təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsulları;

- canlı yayımla efirə gedən informasiya və əyləncə xarakterli televiziya proqramları;

- radio vasitəsilə yayılan informasiya məhsulları;

- reklam və reklam xarakterli materiallar;

- mədəni-kütləvi tədbirlər vasitəsilə yayılan informasiya məhsulları;

- internet və sellülar (mobil) rabitə şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları (kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar istisna olmaqla);

- təsviri incəsənət və bədii ədəbiyyat əsərləri (bədii-ədəbi jurnallar və komikslər istisna olmaqla).

 İnformasiya məhsulunun mədəni-kütləvi tədbirlər vasitəsilə yayılması, onun aid edildiyi yaş kateqoriyasına dair işarənin tədbirin keçirilməsi barədə afişaların və digər elanların, həmçinin onu ziyarət etmək hüququ verən biletlərin, dəvətnamələrin və digər sənədlərin üzərində yerləşdirmək yolu ilə həyata keçirilir.

Bir neçə hissədən ibarət olan və müxtəlif yaş kateqoriyalarına aid edilən informasiya məhsulunun nümayişi həmin informasiya məhsulunda əks olunan, daha yuxarı yaş kateqoriyasına aid informasiya məhsulunun işarəsi ilə işarələnməklə həyata keçirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.