Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #uşaqhüquqları #uşaqhüquqlarıaylığı - İnformasiya məhsulunun yaş təsnifatı və yaş kateqoriyalarına aid edilməsi

19.11.2024

  Qanunvericiliyə əsasən uşaqların informasiya əldə etməsi – uşaqların əldə olunması qanunla məhdudlaşdırılmayan informasiyanı, o cümlədən informasiya məhsulunu əldə edib ondan istifadə imkanıdır.  

  İnformasiya məhsullarının yaş kateqoriyası – Qanunla nəzərdə tutulmuş informasiya məhsullarının istifadəsi üçün münasib olan yaş göstəricisi, informasiya məhsullarının yaş təsnifatı isə informasiya məhsullarının Qanunda müəyyən edilmiş yaş qruplarına görə bölgüsüdür.

  İnformasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi aparılır:

- “universal” – istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur;

- “6 yaşadək” – altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir;

-“6 yaşdan” – altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;

- “12 yaşdan” – on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;

- “16 yaşdan” – on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;

- “18 yaşdan” – uşaqlar arasında dövriyyəsinə yol verilmir.

  İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə və ya qanunvericiliyə müvafiq olaraq ekspertin iştirakı ilə həyata keçirilir. İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.

  İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı aşağıdakılar qiymətləndirilir:

- informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı;

- informasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətləri;

- informasiyanın uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərər vurma ehtimalı.

 “Universal” yaş kateqoriyasına aid informasiya məhsullarına uşaqların sağlamlığına və inkişafına ziyan vurmayan ümumi istifadə üçün nəzərdə tutulmuş informasiya məhsulları aid edilir.

 “18 yaşdan” kateqoriyasına uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulları aiddir.

  İnformasiya məhsulu yalnız bir yaş kateqoriyasına aid edilir.
 
  İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.