Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsi və 26-cı maddəsinin II hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsini şərh etmişdir

07.11.2024

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.10.2024-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri olan ədalət prinsipinin tələbləri baxımından, dövlət təltifinin talanması əməli ilə bağlı cinayət məsuliyyətinin qanunverici orqan tərəfindən differensiasiyalaşdırılması məqsədəmüvafiqdir. Əks hal, yəni ictimai təhlükəliliyi aşkar fərqli olan əməllərə görə məsuliyyətin fərdiləşdirilməməsi Cinayət Məcəlləsinin 8-ci maddəsi ilə təsbit edilmiş ədalət prinsipinin pozulması ilə nəticələnə bilər.

  Həmin qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsi və 26-cı maddəsinin II hissəsi baxımından, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq dövlət təltiflərinin qanunsuz əldə edilməsi onların talama yolu ilə əldə edilməsi halını da ehtiva etdiyindən dövlət təltiflərinin talanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətini yaradır.

  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbləri baxımından dövlət təltiflərinin talanmasına görə cinayət məsuliyyətinin fərdiləşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilir.

  Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.