Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun əməkdaşı BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına tərəf dövlətlərin Konfransının 12-ci sessiyasında iştirak edib

22.10.2024

  Oktyabrın 14-18-də Avstriyanın Vyana şəhərində BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı”Konvensiyasına tərəf dövlətlərin Konfransının 12-ci sessiyası keçirilib.

  Sessiyada insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması,  miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı mübarizə, odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanması və dövriyyəsinin qarşısının alınması kimi əhəmiyyətli məsələlər müzakirə olunub.

  Bundan başqa, sessiyada transmilli mütəşəkkil cinayətkarlığın yeni formaları, bu kimi cinayətlərə qarşı mübarizə imkanlarının təkmilləşdirilməsi istiqamətində, eləcə də mütəşəkkil cinayətlər ilə bağlı ayrı-ayrı qətnamə layihələri üzrə müzakirələr aparılıb, tərəf dövlətlərin nümayəndələrinin çıxışları dinlənilib.

  Baş Prokurorluğun nümayəndəsi - Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini Günay Əyyubova sessiyada və bir neçə qətnamə layihələri üzrə müzakirələrdə iştirak edib.

  BMT-nin Baş katibinin müavini, BMTNCİ-nin İcraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali bütün iştirakçılar qarşısında çıxış edərək, Azərbaycanın Baş prokuroru ilə görüşdüyünü və Bakıda keçiriləcək İqlim Konfransı - COP29 ilə bağlı aparılan müzakirələrdə iştirak məqsədilə növbəti ay Bakıya səfər edəcəyini bildirib. 

  Həmçinin, qeyd edilib ki, COP29-da bu müzakirələr növbəti səviyyəyə çıxarılaraq ətraf mühit və cinayət mühakiməsi sahəsində Azərbaycanın Baş Prokurorluğu ilə əməkdaşlıq ediləcək.

  Tədbirin sonunda müvafiq müzakirə olunan sahələr üzrə dörd qətnamə və sessiyanın hesabatı qəbul edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.