Şriftin ölçüsü :

Saytın rəngi :

Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə tanış olub

03.10.2024

  Xəbər verildiyi kimi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlərin keçirilməsi davam etdirilir.

  Qeyd olunan tədbir çərçivəsində ölkəmizdə səfərdə olan Monqolustan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin rəhbəri Dashdavaa Zandraanın təşəbbüsü ilə xarici qonağın rəhbərlik etdiyi nümayəndə heyəti 03 oktyabr 2024-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti ilə yerində tanış olub.

  Xarici qonaqları salamlayan Baş prokurorun müavini - Baş İdarə rəisi Nazim Rəcəbov onlara ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış islahatlar, əldə edilmiş nailiyyətlər və müsbət təcrübələr, habelə ixtisaslaşdırılmış prokurorluq orqanının funksiya və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

  Daha sonra nümayəndə heyəti Baş İdarənin kriminalistik imkanları, “161 - Qaynar xətt” əlaqə mərkəzi, informasiya-kommunikasiya şəbəkəsi, əməliyyatların idarə edilməsi mərkəzi və digər xidmət sahələri ilə tanış edilib.

  D.Zandraa ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsindəki təşəbbüs və nailiyyətlərindən, eləcə də Baş İdarədə yaradılmış iş şəraitindən məmnunluğunu ifadə edib, həmçinin, görüş zamanı gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.