Şriftin ölçüsü :
Saytın rəngi :
Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr tarixlərində Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Braziliya Federativ Respublikasının Baş prokurorun müavini Paulo Buqarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Baş prokuror Kamran Əliyev bildirib ki, 1991-ci ildə Braziliya Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb, 1993-ci ildə isə ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. O vaxtdan etibarən iki ölkə arasında siyasi, iqtisadi-ticarət və mədəni əlaqələr müsbət məcrada inkişaf edir. İki ölkənin dövlət başçıları arasında münasibətlərin yaxşı olması qarşılıqlı əlaqələrin bütün sahələrinə özünün müsbət təsirini göstərir.
Kamran Əliyev qeyd edib ki, Cənubi Amerikada ən böyük dövlət olan Braziliya Federativ Respublikası ilə Cənubi Qafqazın ən böyük dövləti Azərbaycan arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafı hər iki ölkənin prokurorluq orqanları arasında əlaqələrə müsbət təsir göstərir.
Bildirilib ki, Braziliya Federativ Respublikasının prokurorluq orqanının Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirakı əməkdaşlığımızın dərinləşməsinə töhfə verəcəkdir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror, COP29-un iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli bir mərhələ olacağını qeyd edib.
Braziliya Federativ Respublikasının Baş prokurorun müavini Paulo Buqarin səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişlənəcəyinə eminliyi ifadə edib.
Görüşdə, həmçinin, Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz da iştirak edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı