Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

10.09.2024

  3-6 sentyabr 2024-cü il tarixlərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyası əsasında təsis edilmiş Korrupsiyanın qarşısının alınması üzrə Açıq Hökumətlərarası İşçi Qrupunun Avstriya Respublikasının paytaxtı Vyana şəhərində 15-ci sessiyası keçirilmişdir.

  Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Arzu Zeynalabdıyeva iştirak etmişdir. 

  İşçi Qrupunun iclasında dövlət satınalmaları sahəsində korrupsiyanın qarşısının alınması və bu işdə informasiya və kommunikasiya texnologiyalardan səmərəli istifadə, fövqəladə və böhran vəziyyətlərində korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, korrupsiyanın qarşısının alınması və onunla mübarizədə vətəndaş cəmiyyətinin, eləcə də qeyri-hökumət təşkilatlarının, jurnalistlərin və medianın iştirakı, korrupsiyanın qadın və gənclərə mənfi təsiri, eləcə də onların korrupsiyaya qarşı mübarizədəki rolu, korrupsiyanın ölçülməsi metodları və indikatorlar mövzusunda tematik müzakirələr keçirilmişdir.
 
  Arzu Zeynalabdıyeva tədbirdə “Korrupsiyanın qadın və gənclərə mənfi təsiri, eləcə də onların korrupsiyaya qarşı mübarizədəki rolu” mövzusunda təqdimatla çıxış etmiş, bu sahədə hökumət tərəfindən aparılan dövlət siyasəti, əldə olunmuş müsbət nəticələr, mövzu üzrə mövcud qanunvericilik, aparılan islahatlar, dövlət orqanları, xüsusilə prokurorluq orqanları tərəfindən qadın və gənclərlə korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işinin aparılması, dövlət orqanlarına, həmçinin hüquq-mühafizə orqanlarına  işə qəbulun şəffaflaşdırılması, qadınların və gənclərin işdə irəli çəkilməsi sahəsində görülmüş işlərə dair ətraflı məlumat vermiş, təqdimatla bağlı sessiya iştirakçıları tərəfindən verilmiş sualları cavablandırmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.