Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #cinayəthüququ - Cinayətlərin residivi

03.09.2024

Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

Cinayət qanunvericiliyinə əsasən residivin 3 növü fərqləndirilir: residiv; təhlükəli residiv; xüsusilə təhlükəli residiv. 

Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır:

-  qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda;

- qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. 

Cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır:

- qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda;
 
- qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; 
 
- qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə.

Residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 

- böyük ictimai təhlükə törətməyən cinayətlər;  

- yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər;

- Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar;

- azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. 

Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.