Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaaarifləndirmə #cinayəthüququ - Cinayət törətməkdən könüllü imtina etmə

23.08.2024

Cinayət qanunu (Cinayət Məcəlləsi) ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır.

Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır.

Cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur.

Cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun.

Cinayətin təşkilatçısı və cinayətə təhrikçi müvafiq dövlət hakimiyyəti orqanlarına vaxtında məlumat verməklə və ya digər tədbirlər görməklə icraçı tərəfindən cinayətin başa çatdırılmasını aradan qaldırdıqları halda, cinayət məsuliyyətinə cəlb olunmurlar. Köməkçi, bilavasitə cinayət törətməyə yönəlmiş əməllər başlananadək icraçıya qabaqcadan vəd olunmuş köməkdən imtina etmişdirsə və ya artıq göstərilmiş köməyin nəticələrini aradan qaldırmışdırsa, cinayət məsuliyyətinə cəlb olunmur.

Təşkilatçı və ya təhrikçi yuxarıda qeyd olunan hərəkətləri ilə icraçı tərəfindən cinayətin törədilməsinin qarşısını ala bilmədikdə, məhkəmə cəza təyin edərkən onların hərəkətlərini yüngülləşdirici hal hesab edə bilər.

Cinayəti başa çatdırmaqdan könüllü imtina etmə ancaq başa çatmayan cinayətlərdə - cinayətə hazırlıq və cinayət etməyə cəhd mərhələsində mümkündür. 

Eyni zamanda cinayəti başa çatdırmaqdan könüllü imtina ilə bağlı hərəkətləri səmimi peşmançılıqla əlaqədar olan hərəkətlərdən fərqləndirmək lazımdır. Belə ki, könüllü imtina ilə əlaqədar hərəkətlərə cinayət başa çatana qədər yol verilir, səmimi peşmançılıq isə cinayət başa çatdıqdan sonrakı hərəkətlərdə ifadə oluna bilər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.