Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #ekologiyahüququ - Yaşıllıqların bərpa dəyəri

06.08.2024

  Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu yaşıllıqlar hesab olunur.

  Yaşıllıqların bərpa dəyəri dedikdə yaşıllıqların salınmasına, becərilməsinə və mühafizəsinə çəkilən xərclər də daxil olmaqla, yaşıllıqların zədələnməsi, məhv edilməsi və götürülməsi (kəsilməsi) zamanı onların dəyərinin müəyyən edilməsi üçün aparılan qiymətləndirmə başa düşülür.

  Yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.

  Aşağıdakı hallarda yaşıllıqların götürülməsinə görə bərpa dəyəri ödənilmir:

1. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;

2. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda;

3. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda.

Dövlət və bələdiyyə mülkiyyətində olan yaşıllıqların bərpa dəyərini təşkil edən vəsait müvafiq olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna və bələdiyyə büdcəsinə ödənilir.

Yaşıllığın götürülməsi ilə əlaqədar torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin götürülən yaşıllığa çəkdiyi xərc yaşıllıqların bərpa dəyəri hesablanarkən nəzərə alınır və həmin vəsait onlara ödənilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.