Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #ekologiyahüququ - Yaşıllıqların bərpası

05.08.2024

  Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu yaşıllıqlar hesab olunur.

  Yaşıllıqların bərpası dedikdə, götürülmüş (kəsilmiş), zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin əvəzinə onlara bərabər yeni bitkilərin əkilməsi və (və ya) yaşıllığın salınması başa düşülür.

  Yaşıllıqların bərpasının əsas məqsədi mövcud yaşıllıqlarda sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğu təmin etmək və bitkilərin cins və növ tərkibini yaxşılaşdırmaq, yaşıllıq ərazilərindən səmərəli istifadə etmək və yaşıllıq sahələrinin azalmasına yol verməməkdir.

  Yaşıllıqların bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.

  Zədələnmə və ya məhv olma hallarında yaşıllıqlar həmin yerdə eyni və ya yerli şəraitə daha yaxşı uyğunlaşan münasib bitki cinsləri və növlərindən istifadə olunmaqla bərpa edilməlidir.

  Yaşıllıqları əvvəlki yerində bərpa etmək mümkün olmadıqda, bərpa işləri yaşıllığın yerləşdiyi torpağın mülkiyyətçisinin öz ərazisindən və ya istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrinə (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyənin başqa ərazidən ayırdığı torpaq sahəsində həyata keçirilir.


  Yaşıllıqların bərpası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyini nəzərə almaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış ərazilərdə, yaşıllığı götürən fiziki və hüquqi şəxslərin özləri tərəfindən və ya onların vəsaiti hesabına istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə isə yerli icra hakimiyyəti orqanları və ya onların yaratdığı qurum, bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir.

  Yaşıllıqların bərpası 1 il ərzində həyata keçirilməlidir.

  Yaşıllıqlar bərpa edilərkən və (və ya) genişləndirilərkən yerli, habelə yerli şəraitə yaxşı uyğunlaşan həmişəyaşıl, uzunömürlü və yaşıllaşdırma üçün daha münasib və faydalı bitki cinsləri və növlərindən istifadəyə üstünlük verilməlidir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.