Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda Avropa Şurası və Avropa İttifaqının birgə proqramı çərçivəsində seminar keçirilir

25.06.2010

İyunun 24-də Bakıda Avropa Şurası, Avropa İttifaqı və Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə “Pis rəftarla bağlı iddiaların istintaqının Avropa standartlarına uyğun icra edilməsi” mövzusunda seminar işə başlamışdır. İki gün davam edəcək seminarda Avropa Şurasının beynəlxalq ekspertlərinin iştirakı ilə pis rəftarın istintaqı, onun qarşısının alınması tədbirləri və digər aktual məsələlərlə bağlı müzakirələr aparılır.

Respublika Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov tədbirin əhəmiyyətindən danışaraq, müzakirə edilən mövzunun aktuallığını xüsusi vurğulamışdır. Ölkəmizdə məhkəmə-hüquq islahatları çərçivəsində mütərəqqi qanunların qəbul edildiyini bildirən N.Abbasov dövlətimizin insan hüquqları sahəsində mötəbər beynəlxalq təşkilatların bir sıra konvensiyalarına, o cümlədən Birləşmiş Millətlər Təşkilatının “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” 10 dekabr 1984-cü il tarixli Konvensiyasına qoşulduğunu xatırlatmışdır.

Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiyanın və qanunun aliliyinin təmin edilməsi sahəsində mühüm mərhələnin başlanğıcıdır. Bu sənədlə digər dövlət orqanları ilə yanaşı, Baş Prokurorluğa normativ hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi istiqamətində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi tövsiyə edilmişdir. Ölkəmizdə İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, prokurorluğun insan hüquqlarının qorunması yönümündə apardığı işlər, o cümlədən Milli Fəaliyyət Planının icrası ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planı təsdiq edilmişdir. Hazırda bu sahədə konkret işlər həyata keçirilir.

Avropa Şurasının beynəlxalq ekspertləri Pamela MakKormik və Erik Svanidzenin pis rəftarın istintaqı, pis rəftara qarşı digər tədbirlər və onların qarşısının alınması, eyni zamanda, istintaqın əhəmiyyəti ilə bağlı məruzələri maraqla dinlənilmişdir. Beynəlxalq ekspertlər Azərbaycanın da qoşulduğu bu Konvensiyada təsbit olunmuş bəzi müddəalar haqqında geniş məlumat vermiş, beynəlxalq təcrübədən nümunələr gətirmişlər.

Vurğulanmışdır ki, hər bir iştirakçı dövlət öz yurisdiksiyasında olan ərazisində işgəncə hallarının qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə, həmçinin digər tədbirlər görməlidirlər.

Müzakirələr zamanı səmərəli fikir mübadiləsi aparılmış və maraq doğuran suallara ətraflı cavab verilmişdir.

Seminar işini iyunun 25-də davam etdirəcəkdir. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.