Şriftin ölçüsü :

Saytın rəngi :

#insanhüquqları #uşaqhüquqları #cinayətprosessualhüquq - Uşaqların hüquqlarının müdafiəsi üçün tədbirlər

07.06.2024

  Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələbinə əsasən yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. 

  Cinayət təqibi zamanı cinayət prosesini həyata keçirən orqanlar, yəni icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələr tərəfindən uşaqların hüquqlarının (18 yaşına çatmayan şəxslərin) müdafiəsi üçün aşağıdakı tədbirlər görülməlidir:

- uşaqların qanuni nümayəndələrinə onların şikayətləri ilə bağlı görülən tədbirlər, habelə cinayət təqibinin gedişatı barədə məlumat verilməli;

- cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqların qanuni nümayəndələrinə uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə tutulmuş, həbs edilmiş və ya məhkum edilmiş şəxsin azad edilməsi barədə məlumat verilməli;

- uşaqların hüquq və mənafelərinin təmin edilməsi məqsədilə onlara yardım göstərilməli;

- cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqların, onların ailələrinin və şahidlərin təhlükəsizliyi təmin edilməli;

- cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi tələb etdikdə pulsuz hüquqi yardım göstərilməsi üçün uşaqlarla iş üzrə daha təcrübəli vəkilin iştirakı təmin edilməli;

- uşaqların valideynlərinin və ya digər qanuni nümayəndələrinin maraqlar toqquşmasına görə cinayət prosesində iştirak etməyə buraxılmadığı hallarda, qəyyumluq və himayəçilik orqanı uşaqlar üçün qanuni nümayəndə qismində təyin edilməli;

- uşaqlara verilən məlumatlar onların yaşına və psixi inkişafı səviyyəsinə uyğun qaydada və onların başa düşdükləri dildə təqdim olunmalı;

- uşağın mənafeyi, yaxud cinayət-prosessual fəaliyyətin məqsədləri üçün belə təmasın tələb olunduğu hallar istisna olmaqla, cinayət prosesinin istənilən mərhələsində uşaqla şübhəli və ya təqsirləndirilən şəxs arasında təmasın olmaması təmin edilməlidir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.