Şriftin ölçüsü :

Saytın rəngi :

#insanhüquqları #hüquqimaarifləndirmə - Müxtəlif qanunvericilik sahələri üzrə yetkinlik yaşına çatmayanlar

29.05.2024
  • Mülki qanunvericiliyə əsasən, 18 yaş ölkə üzrə yetkinlik yaşına çatma yaşı hesab edilir. 7 yaşınadək şəxslər fəaliyyət qabiliyyətsiz, 7-18 yaşınadək şəxslər məhdud fəaliyyət qabiliyyətli şəxslər hesab edilir. Həmçinin, 7-14 yaşınadək şəxslərin xırda məişət əqdləri, 14-18 yaşınadək şəxslərin isə öz gəlirləri üzərində sərəncam vermə ilə bağlı əqdləri bağlamaq hüququ vardır.

 

  • Əmək qanunvericiliyinə əsasən, 15 yaşına çatmış şəxslər əmək qabiliyyətli hesab edilir və valideynlərin razılığı ilə əməklə məşğul ola bilər.

 

  • Əmək qanunvericiliyinə əsasən, 15-16 yaşınadək şəxslər həftə ərzində 24, 16-18 yaşınadək şəxslər isə 36 saatdan artıq əmək fəaliyyətinə cəlb edilə bilməz. 15-16 yaşınadək şəxslərə illik 42, 16-18 yaşınadək şəxslərə isə 35 gündən az olmayaraq əmək məzuniyyəti hüququ verilir.

 

  • Cinayət qanunvericiliyinə əsasən, 16 yaşına çatmış şəxs cinayət məsuliyyətinə cəlb edilir. 14 yaşına çatmış şəxs isə yalnız bəzi cinayətlərə, xüsusilə də qəsdən törədilən cinayətlərə görə məsuliyyətə cəlb edilir. Bununla yanaşı, həmin şəxslərə cəza təyin edilərkən həm yaş həddinə görə yüngülləşdirici hal nəzərə alınır, həm də cəzalara və azadlıqdan məhrumetmə müəssisələrinə münasibətdə daha yüngül mexanizmlər tətbiq edilir ki, həmin şəxslərin islah edilərək yenidən cəmiyyətə qazandırılması mümkün olsun.

 

  • İnzibati xəta haqqında qanunvericiliyə əsasən, inzibati xəta törədilən zaman 16 yaşı tamam olmuş şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilir. Bu tənbeh tədbirləri sırasında şəxsin azadlığını məhdudlaşdıran inzibati həbs tədbiri də mövcuddur ki, həmin tənbeh növü 3 gündən 3 ayadək müəyyən edilə bilər. 18 yaşına çatmamış şəxslərə isə bu tənbeh növü tətbiq edilmir.

 

  • “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna əsasən,  şəxsiyyət vəsiqəsi 15 yaşadək şəxslər üçün valideynlərin,  vətəndaşı övladlığa götürənin, qəyyumunun və ya himayəçisinin, habelə qanuni nümayəndəsinin razılığı ilə, 15 yaşdan isə məcburi şəkildə alınmalıdır.

 

  • Ailə qanunvericiliyinə əsasən, 18 yaşa çatmış şəxsin nikah hüququ yaranır. Bu hüquq istisna hallarda 1 yaş azaldıla bilər və bu halda qəyyumluq orqanının razılığı tələb olunur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.