Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifəndirmə - Dövlət satınalmalarının növləri və mərhələləri (1)

30.04.2024

  Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən daxil olan müraciətlər və istintaqı aparılmış cinayət işlərinin təhlili nəticəsində vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları sahəsində yol verilən xarakterik pozuntular mütəmadi olaraq öyrənilməklə korrupsiya risklərinin səbəbləri və aradan qaldırılma yolları araşdırılır. 

  Eyni zamanda 1 yanvar 2024-cü ildən etibarən Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikasının 14 iyul 2023-cü il tarixli 988-VIQ nömrəli Qanununu qüvvəyə minməsi ilə sahibkarlıq subyektləri və satınalma komissiyalarını təmsil edən şəxslər üçün həmin aktın təcrübədə tətbiqi ilə bağlı çətinliklər və suallar yarana bilər.

  Baş Prokurorluq tərəfindən bütün bu zərurətlər nəzərə alınmaqla korrupsiya risklərinə münasibətdə ən həssas istiqamətlərdən olan dövlət satınalmaları sahəsində hazırlanmış maarifləndirmə məlumatları ictimaiyyətin diqqətinə təqdim edilir.  

  Dövlət satınalmaları - satınalma predmetinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu (01 yanvar 2024-cü ildən etibarən) ilə müəyyən edilmiş qaydada maliyyə vəsaiti hesabına əldə edilməsidir.

  Dövlət satınalmalarının aşağıdakı növləri vardır:

- açıq tender; 
- ikimərhələli tender; 
- qapalı tender; 
- kotirovka sorğusu;
- bir mənbədən satınalma. 

    “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 44.4-cü maddəsinə əsasən, ehtimal olunan qiymət 100 min manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir. Ehtimal olunan qiymət 100 min manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər.

    Ehtimal olunan qiymətdən asılı olmayaraq, aşağıdakı satınalma metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilə bilər:

-    qapalı tender metodu;

-    bir mənbədən satınalma metodu;

-    çərçivə sazişinin bağlanması ilə nəticələnən açıq tender və ya kotirovka sorğusu metodları.

    Satınalma predmeti məxfi məlumatlarla əlaqəli satınalma ilə bağlı olduqda, satınalan təşkilat qapalı tender metodunu tətbiq edə bilər.
    Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda, satınalma predmetinə təcili tələbat yarandıqda, təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması zərurəti yarandıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda bir mənbədən satınalma metodu tətbiq edilə bilər.

•    Satınalma prosesi:

(1) satınalma planının hazırlanması və ehtimal olunan qiymətin müəyyənləşdirilməsi,
(2) satınalma komissiyasının formalaşdırılması,
(3) təchizatçıların uyğunluğuna dair sənədlərin toplanması və bununla bağlı elan verilməsi,
(4) şərtlərin müəyyən edilməsi,
(5) təkliflər barədə elan verilməsi, habelə,
(6) təkliflərin qəbulu, açılması və qiymətləndirilməsi,
(7) satınalmanın nəticələri haqqında yekun protokolun hazırlanması və təsdiq olunması məqsədilə nəzarət orqanına təqdim edilməsi,
(8) çərçivə sazişi tətbiq edildikdə çərçivə sazişinin bağlanması,
(9) təklifə dair bildiriş və satınalma müqaviləsinin təchizatçıya təqdim edilməsi,
(10) təchizatçı tərəfindən satınalma müqaviləsinin imzalanması,
(11) satınalan təşkilata icra təminatı və ya avans təminatının təqdim edilməsi,
(12) satınalan təşkilat tərəfindən satınalma müqaviləsinin imzalanmaqla satınalma müqaviləsinin qüvvəyə minməsi
(13) satınalmaya dair hesabatın hazırlanması mərhələləri üzrə həyata keçirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.