Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi barədə 19 aprel 2024-cü il tarixdə qüvvəyə minmiş Qanuna əsasən Məcəlləyə üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi məsələlərini tənzimləyən müddəalar əlavə edilmişdir.
Belə ki, dəyişikliklə Məcəlləyə əlavə edilmiş 253-1-ci maddəyə əsasən üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi dedikdə daşınar əmlakın satılmasına, qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlakın icarəyə və ya idarəetməyə verilməsinə və əmlakın yaxşılaşdırılmasına dair tədbirlərin görülməsi başa düşülür.
Üzərinə həbs qoyulmuş əmlak mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaq, habelə üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə idarə edilir.
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi haqqında qərar məhkəməyədək icraat zamanı müstəntiqin əsaslandırılmış vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə, məhkəmə icraatı zamanı isə işə baxan məhkəmə tərəfindən qəbul edilir.
Üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə satıla bilər. Belə əmlak mülkiyyətçinin razılığı olmadan, yalnız tez xarab olan əşya olduqda və ya onun saxlanılması insanların həyatı, sağlamlığı və ya ətraf mühit üçün təhlükə yaratdıqda satıla bilər.
Üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə onun yaxşılaşdırılması ilə əlaqədar tədbirlər görülə bilər. Mülkiyyətçinin razılığı olmadan əmlakın yaxşılaşdırılması ilə əlaqədar tədbirlər yalnız onun satılmasına dair qərar qüvvəyə mindikdən sonra və həmin qərarda müvafiq yaxşılaşdırma tədbirləri də nəzərdə tutulduqda görülə bilər.
Üzərinə həbs qoyulmuş qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlak mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə icarəyə və ya idarəetməyə verilə bilər.
Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsinə, bu tədbirlər həmin əmlakın sübut kimi istifadə edilməsinə və ya digər şəkildə cinayət mühakimə icraatının vəzifələrinə nail olunmasına mane olmadığı halda yol verilir.
İcarəyə və ya idarəetməyə verilmiş əmlak ona istifadə nəticəsində vurula biləcək mümkün zərərin ödənilməsi məqsədilə sığorta etdirilməlidir.
Üzərinə həbs qoyulmuş əmlak cinayət prosesini həyata keçirən orqanlara, həmin orqanların əməkdaşlarına və onların yaxın qohumlarına satıla, onlara icarəyə, idarəetməyə və ya hər hansı digər şəkildə istifadəyə verilə bilməz.
Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi ilə əlaqədar görülən tədbirlər iş məhkəməyə göndərilənədək və hər bir halda ildə bir dəfədən az olmayaraq müstəqil auditor tərəfindən yoxlanılmalı, nəticələri məhkəməyədək icraat zamanı müstəntiqə və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurora, məhkəmə icraatı zamanı işə baxan məhkəməyə təqdim edilməli və cinayət işinin materiallarına əlavə olunmalıdır.
Qanunun keçid müddəasına əsasən Məcəlləyə qeyd edilən dəyişiklik üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.
Qanunun tətbiqi məsələləri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2024-cü il tarixli Fərmanı ilə üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydalarının 3 ay müddətində təsdiq edilməsi Nazirlər Kabinetinə tapşırılmışdır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı