Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqibilikləriniartır #məişətzorakılığı - “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmişdir

20.04.2024

15 aprel 2024-cü il tarixdə qüvvəyə minmiş qanunla “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilmişdir.

Belə ki, əvvəlki redaksiyada  həm Qanunun preambulası, həm də məişət zorakılığının anlayışını təsbit edən 1.0.1-ci maddəsində məişət zorakılığının yaxın qohumluq münasibətlərindən sui-istifadə etməklə törədildiyi göstərilsə də, dəyişikliklə qeyd edilən müddəalardan “yaxın ”sözü çıxarılmaqla məişət zorakılığının qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə törədilməsi müəyyən edilmişdir.  

Bundan başqa Qanunun 4-cü maddəsinə edilmiş dəyişikliklə qanunun şamil edildiyi şəxslərin dairəsi genişləndirilərək buraya ərin və arvadın yaxın qohumları, həmçinin qanuni nikahda olmadan birgə yaşayan kişi və qadının yanlız yaxın qohumları deyil, digər qohumluq əlaqəsində olduğu şəxslər də əlavə edilmişdir. 

Dəyişikliyə əsasən uzunmüddətli mühafizə orderi 60 gündən 180 günədək müddətə verilir. Qanunun dəyişiklikdən əvvəlki redaksiyasında isə uzunmüddətli mühafizə orderinin 30 gündən 180 günədək verilməsi nəzərdə tutulmuşdu.

Yeni dəyişikliklə həmçinin Ailə Məcəlləsinin 72-ci maddəsi ilə (Uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda uşağın valideynlərdən (onları əvəz edən şəxslərdən) alınması) müəyyən edilmiş əsaslar olduqda, uşağın valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq alınması ilə bağlı tədbirlər görmək cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələrindən biri kimi təsbit edilmişdir. 

Bundan başqa dəyişikliklə Qanuna əlavə edilmiş 16.2.4-1-ci maddə ilə ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi  məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlərdən biri kimi təsbit edilmişdir. 

Dəyişikliklə Qanuna yeni, “Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin monitorinqi və əlaqələndirilməsi” adlanan  19-1 saylı maddə  əlavə edilmişdir. 

Həmin maddəyə əsasən məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qrupları yaradılır. Həmin qrupların fəaliyyətinə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər də cəlb oluna bilərlər.

Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Müvafiq icra hakimiyyəti orqanı monitorinq və əlaqələndirmə qruplarına metodoloji dəstək göstərir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.