Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləyə dəyişiklik edilməsi barədə 15 aprel 2024-cü il tarixdə qüvvəyə minmiş Qanunla Məcəllənin məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işlər üzrə icraatı tənzimləyən müddəalarına dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən uzunmüddətli mühafizə orderi 60 gündən 180 günədək müddətə verilir. Məcəllənin dəyişiklikdən əvvəlki redaksiyasında isə uzunmüddətli mühafizə orderinin 30 gündən 180 günədək verilməsi nəzərdə tutulmuşdu.
Bundan başqa dəyişikliyə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilir:
1. məişət zorakılığının təkrar törədilməsi;
2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;
3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.
Məcəllənin dəyişiklikdən əvvəlki redaksiyasında isə uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə yuxarıda qeyd edilən hərəkətlərin birinin və ya bir neçəsinin qadağan edilməsi təsbit edilmişdi.
Yəni həmin hərəkətlərinin hansının qadağan edilməli olması işin hallarına uyğun olaraq məhkəmənin mülahizəsinə buraxılmışdı, hazırda isə işin hallarından asılı olmayaraq uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə yuxarıda qeyd edilən hərəkətlərinin hər birinin qadağan edilməsi imperativ norma kimi müəyyən edilmişdir.
Qeyd edilməlidir ki, məişət zorakılığı ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi və zorakılıqdan zərərçəkmiş şəxslərinin müdafiəsinə yönəlmişdir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı