Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqibilikləriniartır #məişətzorakılığı - Məişət zorakılığından zərərçəkmiş şəxslərə pulsuz hüquqi yardım göstərilməsi barədə qanunvericiliyə dəyişiklik edilmişdir

17.04.2024

  Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə  dəyişiklik edilməsi barədə 15 aprel 2024-cü il tarixdə qüvvəyə minmiş Qanuna əsasən  Məcəllənin “Hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi” adlanan 19-cu maddəsinə yeni, 19.3-1 nömrəli bənd əlavə edilmişdir. Həmin müddəaya əsasən cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi, yaxud məişət zorakılığından zərər çəkmiş şəxs tələb etdikdə, cinayət prosesini həyata keçirən orqan cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, yaxud məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakını təmin etməlidir.

  Məcəllənin zərərçəkmiş şəxsin hüquqlarını nəzərdə tutan 87.6-cı maddəsinə əlavə edilmiş 21-1-ci bəndinə əsasən isə məişət zorakılığı ilə bağlı cinayət işi üzrə pulsuz hüquqi yardımdan istifadə etmək zərərçəkmiş şəxsin hüquqlarından biri kimi təsbit edilmişdir.

  Dəyişikliklə Məcəlləyə əlavə edilmiş 194.1-3 saylı maddəyə əsasən isə məişət zorakılığından zərər çəkmiş şəxsə göstərilən pulsuz hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.