Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqibilikləriniartır #məişətzorakılığı - Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalara görə məsuliyyət ağırlaşdırılmışdır

17.04.2024

  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə 15 aprel 2024-cü il tarixdə qüvvəyə minmiş Qanuna əsasən Məcəllənin “Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması ” adlanan 158-ci maddəsinə yeni bəndlər əlavə edilmişdir. 

  Belə ki, Məcəlləyə yeni əlavə edilmiş 158.2-1-ci maddəyə əsasən Məcəllənin 158.1-ci ( Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi) və 158.2-ci (Məişət zəminində psixi zorakılıq) maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi daha ağır məsuliyyətə səbəb olur və əməli törədən şəxs 500 manatdan 700 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 60 saatdan 100 saatadək ictimai işlər və ya 15 günədək müddətə inzibati həbs tətbiq olunur.

  Məcəlləyə yeni əlavə edilmiş 158.4-cü maddə ilə məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslərin məsuliyyəti müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətdə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə  vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.