Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaariflənmə #ailəhüququ - Məişət zorakılığı nədir? (1)

08.04.2024

  “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna əsasən Məişət zorakılığı dedikdə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxsə qəsdən fiziki və ya mənəvi zərər vurma başa düşülür.

  Məişət zəminində zorakılıq şəxsə bir yerdə yaşadığı ailə üzvü, yaxın qohumu, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxs tərəfindənqəsdən fiziki, psixi, cinsi zorakılığın və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi formasında özünü göstərir. Belə ki,

1. məişət zəminində fiziki zorakılıq – qeyd olunan şəxslərin qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasıdır.

2. məişət zəminində psixi zorakılıq - qeyd olunan şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləridir.

3. məişət zəminində cinsi zorakılıq - qeyd olunan şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.

4. iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər - qeyd olunan şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləridir.

Qanunvericiliyə əsasən məişət zorakılığının qarşısının alınmasına dair tədbirlər aşağıdakı şəxslərə şamil olunur:

1. yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlara;

2. nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada;

3. qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə;

4. qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan yaxın qohumlarına.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.