Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #sosialtəminathüququ - Özünüməşğulluq (2)

05.04.2024

Hansı hallarda şəxslər özünüməşğulluqdan kənarlaşdırılır?

Özünüməşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində təsbit edilmişdir) olduğu aşkar edildikdə ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında qərar qəbul edilir.

Özünüməşğulluğa kimlər cəlb oluna bilməz? 

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər istisna olmaqla bütün məşğul şəxslər özünüməşğulluğa cəlb edilə bilməzlər. Bundan əlavə, İşsizlikdən sığorta ödənişi alan şəxslər sığorta ödənişi aldığı müddətdə, eləcə də peşə təhsili alan şəxslər peşə təhsili aldığı müddətdə özünüməşğulluğa cəlb edilə bilməz.

Təlimlərin qiymətləndirilməsi zamanı uğursuz nəticə əldə etmiş şəxslər yenidən özünüməşğulluq proqramına müraciət edə bilərlərmi?

Qiymətləndirmə zamanı özünüməşğulluğun təşkili üçün uyğun hesab edilməyən şəxslər biznes təlimlərində yenidən iştirak etmək hüququna sahibdir.

 Özünüməşğulluğa cəlb olunmuş şəxslərə hansı formada yardım göstərilir?

Özünüməşğulluğa cəlb olunmuş şəxslərə natura şəklində material,avadanlıq və digər əmlaklar 1 il müddətinə müqavilə əsasında verilir.

“Özünüməşğulluq” proqramı çərçivəsində verilən avadanlıqlar geri qaytarılırmı?

Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak həmin şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinin hesabına qaytarır.

Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilən əmlakdan 1 (bir) il ərzində üzrsüz səbəbdən istifadə etmədikdə hansı tədbir görülür?

Özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini Dövlət Statistika Komitəsi tərəfindən əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinə qaytarır.

Özünüməşğulluq proqramı çərçivəsində verilmiş material,avadanlıq və əmlak tələf (kənd təsərrüfatı üzrə) olduqda, xarab və ya nasaz (istehsal-xidmət istiqamətləri üzrə) olduqda nə etməli?     

Dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Mərkəzinin Struktur bölməsinə və ya DOST Mərkəzlərinə məlumat verilməlidir.

İstehsal və xidmət sahələri üzrə müraciət etmiş şəxsin müraciət etdiyi anda əmlakı istifadə etmək üçün yeri, habelə özünüməşğulluğun təşkili üçün şəraiti olmadığı halda hansı qərar verilir?   

Şəxs əmlakı təhvil aldıqdan sonra müvafiq şəraiti təmin edəcəyi barədə yazılı iltizamı imzalayır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.