Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda məişət zorakılığına qarşı mübarizə, eləcə də uşaq hüquqlarının müdafiəsi ilə bağlı növbəti təlim keçirilib

29.03.2024

  Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin mart ayının 28 və 29-da “Məişət zorakılığına qarşı mübarizə: qanunvericilik və onun tətbiqi təcrübəsi” mövzusunda təlim keçirilib.

  Təlimə prokurorluq və daxili işlər orqanlarının əməkdaşları olmaqla, ümumilikdə 50 nəfər dinləyici cəlb olunub.

  Tədris tədbirində Baş Prokurorluğun əməkdaşları ilə yanaşı Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət, “Təmiz Dünya” qadınlara yardım ictimai birliyinin məsul əməkdaşları, eləcə də bu sahədə zəruri nəzəri bilikləri və tədqiqat təcrübəsi olan Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müəllimləri təlimçi qismində iştirak edib.  

  Təlim çərçivəsində məişət zorakılığına qarşı mübarizə sahəsində həyata keçirilən dövlət proqramları, bu əməllərə qarşı cinayət və inzibati hüquqi mübarizənin xüsusiyyətləri, gender bərabərliyi və məişət zorakılığına qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətinin rolu, bu qəbildən olan əməllərin qurbanı olmuş azyaşlılarla davranışın psixoloji aspektləri və zərərçəkmişlərin psixoloji reabilitasiyası barədə dinləyicilərə ətraflı məlumatlar verilib. 

  Həmçinin, təlim zamanı insan alverinə qarşı mübarizə sahəsində hüquq mühafizə orqanlarının vəzifələri, cinayətdən zərər çəkmiş, cinayətin şahidi olmuş qadınların və uşaqların müdafiəsi, məişət zorakılığının qarşısının alınması sahəsində daxili işlər orqanlarının fəaliyyəti, insan alverinə qarşı mübarizə sahəsində aidiyyəti dövlət orqanlarının vəzifələri və digər aktual mövzular tədris olunub, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.