Şriftin ölçüsü :
Saytın rəngi :
1976-cı ildə ali təhsil müəssisəsini bitirəndə, 9 nəfər prokurorluğa təyinat aldıq. İyul ayında təzəcə respublika prokuroru təyin edilmiş Abbas Zamanov bizi qəbul etdi. Hər birimizlə fərdi qaydada söhbət edib, tövsiyyələrini verdi. İlk təəssüratımız belə idi ki, sanki müəllimlərimizdən biri bizimlə söhbət edirdi. Stajorluq müddətini qurtardıqdan sonra məni Masallı rayon prokurorunun köməkçisi vəzifəsinə təyin etdilər. İş yoldaşlarım, müstəntiqlər zarafatla deyirdilər ki, əvvəllər sürücülərin köməkçisi olurdu. Maşının yağını, suyunu dəyişir, təkərin havasını alır və s. prokuror köməkçisi də elə bir şeydir. Heç bir prosessual hüququ yoxdur. Doğrudan da 60-70-ci illərin prokurorluq işçilərinin yadındadır ki, prokuror köməkçisi qərar qəbul edərkən prokurorun razılığı tələb olunurdu. Mən mənəvi cəhətdən bu “hüquqsuzluğu” qəbul edə bilmirdim. Bütün qanunvericilik aktlarını araşdırdım. Doğrudan da heç bir qanunda prokuror köməkçisi termini yox idi. Yalnız MPM-nin 40-cı maddəsində prokuror köməkçisi ifadəsi var idi. Bir də SSRİ Baş prokurorunun I müavininin tövsiyə məktubunda deyilirdi ki, prokuror köməkçisi, prokurorun konstitusion hüquqlarından (İttihamnaməni təsdiq etmə, həbs və axtarışı sanksiyalaşdırma və s.) başqa, bütün hüquqlarına malikdir. Araşdırmalarım davam edirdi... Məlum oldu ki, RSFSR CPM-nin 34-cü maddəsində bu məsələ öz təsbitini tapıb. RSFSR CPM-nin 34-cü maddəsi belə adlanırdı: “Bu məcəllədəki bəzi adların izahı”.
“Prokuror – SSRİ Baş prokuroru, müttəfiq respublika, muxtar respublika, vilayət prokurorları, rayon-şəhər prokurorları, onların müavinləri və köməkçiləri"
Azərbaycan Respublikası CPM-də isə bu maddə yox idi. (Çox təəssüf ki, həmin norma yalnız 1983-cü ildə CPM-yə 23.4-cü maddə əlavə edilməklə qəbul edildi. “Bu məcəllədə olan bəzi adların izahı”).
1977-ci ildə Respublika prokurorluğu tərəfindən gənc mütəxəssislərin seminar müşavirəsi təşkil edilmişdi. Mən də həmin müşavirəyə dəvət olunmuşdum. Müşavirənin sonunda “kimin sözü var?” sualına mən əlimi qaldırdım və söz istədim. Yuxarıdakı fikirlərimi qısa şəkildə məruzə etdim. Çıxışım Abbas Zamanovun diqqətini cəlb etdi. “Yoldaş Məmmədov, xahiş edirəm fikirlərinizi yazılı şəkildə müvafiq şöbəyə təqdim edin” – dedi.
1978-ci ildə Yardımlı rayon meşə təsərrüfatının direktoru və rayonun digər vəzifəli şəxslərinin barəsində olan şikayətlərin yoxlanılması, Respublika prokurorunun birinci müavininin göstərişi ilə fərdi qaydada mənə tapşırılmışdı. 4 aylıq yoxlamadan sonra məni Respublika prokurorluğuna dəvət etdilər. Gözləmədiyim halda materialı Abbas Zamanova məruzə etməli oldum. Kabinetə girərkən həyəcanlı idim. Abbas Zamanov ayağa qalxıb, əl görüşdü. Diqqətlə məruzəni dinləyib, göstərişlərini verdi: “Xahiş edirəm diqqətli olun və şikayət üzrə bütün vəsatətləri yoxlayın” dedi.
Onun “xahiş edirəm” sözü məni mütəəssir etdi. 60-70-ci illərin prokurorluq işçiləri ilk dəfə idi ki, amiranə danışıq tərzi deyil, olduqca nəzakətlə deyilmiş “xahiş edirəm” sözünü eşidirdi. Düzü, Pespublika prokurorunun belə rəftarından sonra adam öz gözündə böyüyürdü (Bu təkcə mənim fikrim deyildi).
1980-ci ilin avqust ayında A.Zamanov Cəlilabad rayonunda 12 rayon prokurorunun iştirakı ilə 6 aylığın yekunu ilə əlaqədar müşavirə keçirirdi. Müşavirə Rayon Partiya Komitəsinin binasında, birinci katibin kabinetində aparılırdı. Masallı rayon prokuroru məzuniyyətdə olduğu üçün iclasda prokuror əvəzi kimi iştirak edirdim.
Prokurorlar bir-bir qalxıb hesabat verir, gördükləri müsbət işlərdən danışır, nöqsanlardan isə hələ də “xəbərdarlıq” sahəsində işlərinin zəif olduğunu, tezliklə dönüş yaradacaqlarını bildirirdilər.
Xəbərdarlıq institutu 30 noyabr 1979-cu ildə qəbul edilmiş “SSRİ Prokurorluğu haqqında” Qanunda öz təsbitini tapmışdı. Xəbərdarlıq barədə nə rəsmi göstərişlərdə, nə də hüquq ədəbiyyatında sanballı fikir yox idi. Məlum olduğu kimi hər bir hüquq pozuntusuna görə məsuliyyət nəzərdə tutulur. Xəbərdarlıq elan edilmiş şəxsin təkrar hüquq pozuntusu törətməsinə (və ya törətməyə cəhd etməsinə) görə heç bir hüquqi məsuliyyət nəzərdə tutulmurdu. Bu gün də mən bunu absurd hesab edirəm. Məruzə etmək növbəsi mənə çatanda fikirlərimi dedim və bildirdim ki, “nə qədər ki, hesabatda “xəbərdarlıq” qrafası yoxdur, bu sahədə işlərimiz həmişə zəif olacaq”.
Bu sözlərim A.Zamanovun xoşuna gəlmədi. Adətən səbrli, təmkinli, yüksək mədəniyyət sahibi olan A.Zamanov hirsləndi:
– “Bu nə deməkdir?! Siz məgər hesabat xatirinə işləyirsiniz?! Cavan oğlansan, bu düşüncə tərzi ilə uzağa getmək olmaz! Hesabat naminə deyil, əqidə, vicdan naminə işləmək lazımdır! Başa düşdünüz?”
Mən çox pərt olmuşdum – “Bəli, başa düşdüm” – dedim. (Həmin ilin sonunda “xəbərdarlıq” hesabatda öz əksini tapdı).
Müşavirədən sonra təcrübəli prokurorlar məni danlayırdılar. “Cavan oğlansan, niyə “Don Kixot”-luq edirsən? Biz necə məruzə edirdiksə, sən də elə edəydin. Bizdən çox bilmirsən ki,?!” – deyirdilər. Yalnız Salyan rayon prokuroru Əkbər Zeynalov və Lənkəran rayon prokuroru Tələt Qənbərov mənə ürək-dirək verdilər: “Abbas Zamanov kinli adam deyil, narahat olma”.
Bir həftə keçməmiş Kadrlar idarəsindən Antonina Santalova mənə zəng etdi: “Yoldaş Məmmədov, təbrik edirəm, Respublika prokurorunun əmri ilə səni ehtiyat prokurorlar siyahısına daxil etdilər”. Bir müddətdən sonra A.Zamanovun əmri ilə Lənkəran rayon prokurorunun müavini vəzifəsinə təyin olundum.
1983-cü ilin noyabr ayında Yardımlı rayon prokurorunun 5 illik Konstitutsiya müddətinin başa çatması ilə əlaqədar Respublika prokurorunun böyük köməkçisi Yılmaz Axundzadənin rəhbərlik etdiyi yoxlama komissiyasının tərkibinə üzv kimi məni də daxil etmişdilər. Bundan əvvəl rayon prokurorunun müavini yoxlama komissiyasının üzvü olmamışdı. Bu A.Zamanovun mənə göstərdiyi böyük etimad idi.
Sonralar mən Cəlilabad rayon prokuroru vəzifəsində işləyərkən, birinci katib İbrahim Qurbanov həmin müşavirəni xatırlayaraq söyləyirdi ki, müşavirədən sonra Abbas Zamanov dedi ki, “doğrudur, mən o oğlanı danladım, lakin onun yaxşı gələcəyi var”.
Abbas Zamanovla axırıncı görüşüm 1984-cü ildə oldu. Məni rayonlardan birinə prokuror vəzifəsinə təyin etmək istəyirdilər. İşləmək üçün rus dilini mükəmməl bilmək lazım idi. Düzü, həm məsuliyyətdən qorxur, həm də rus dilini tələb olunan səviyyədə bilmirdim. Ona görə də təklif ürəyimcə deyildi.
Abbas Zamanov məni dəvət etdi. Bir qədər söhbət etdikdən sonra (söhbət rus dilində gedirdi) az qala üzrxahlıq edən adam kimi:
– “Bilirsən, həmin rayonda işləmək üçün rus dilini mükəmməl bilmək lazımdır. Gəl səni Xarkov şəhərinə “Prokurorların təkmilləşdirilməsi” kursuna göndərim. Kursu bitirəndən sonra bu məsələyə qayıdarıq” – dedi. Mən həvəslə razılaşdım və həmin kursu əla qiymətlərlə başa vurdum. Kursu qurtaranda A.Zamanov artıq Respublika prokuroru deyildi.
1976-cı ildə Lənkəran rayon prokurorunun fəaliyyəti yoxlanılır. Əməkdaşları kollegiya iclasına çağırırlar. Lənkəran rayon prokurorluğunun sadəliyi, astagəlliyi və bir az da sayalığı ilə seçilən müstəntiqi Respublika Prokurorluğunun binasında, liftdə, özündən yaşlı biri ilə qarşılaşır. Əlini onun kürəyinə qoyaraq:
“Keçin” – deyir.
Həmin adam müstəntiqə tərəf dönür:
“Yoldaş, məni niyə itələyirsən?
Müstəntiq: “Mən Sizə hörmət etdim, keçmirsən, özüm keçərəm” – deyir və liftə minib 3-cü mərtəbəyə qalxır.
Kollegiya iclası başlayarkən müstəntiq görür ki, liftdə rastlaşdığı adam qabaqda gəlir. Bu Respublika prokuroru Abbas Zamanov idi. Müzakirənin sonunda qərar lahiyəsi oxunur. Üç nəfərin, o cümlədən, həmin müstəntiqin prokurorluq orqanlarından xaric olunması nəzərdə tutulur. Müzakirədarlara söz verilir.
Müstəntiq deyir:
“Yoldaş Zamanov, məni orqandan çıxartmağa haqqınız var. Nöqsanlarım çoxdur. Amma rayon camaatı deyəcək ki, yoldaş Zamanov bizim prokurorluq işçilərinin 50%-ni məhv etdi”.
A.Zamanov soruşur ki, bu nə deməkdir?
Müstəntiq deyir:
- “Bizim rayondan prokurorluq orqanlarında cəmi 2 nəfər işləyir, onun biri də mənəm”.
Bu sözdən sonra müstəntiqə şiddətli töhmət verilməklə 6 ay sınaq müddəti müəyyən edilir.
6 aydan sonra Attestasiya komissiyası müsbət rəy vermir. A.Zamanov onu çağırır və deyir:
- “Barənizdə komissiya mənfi rəy verib. Gəlsənə birinci katibdən xahiş edim, idarə müdiri qoysun səni?!”
Müstəntiq təşəkkürünü bildirir və deyir:
-“Yoldaş Zamanov, başqasına niyə ağız açırsınız? Öz səlahiyyətinizdə olan bir işi görün, göndərin rayonların birində prokuror işləyim”.
A.Zamanov gülür və müstəntiqi orqanda saxlayır.
Respublika Prokurorluğuna getmişdim. Prokurorluğun 1-ci mərtəbəsində Masalı rayonundan yaxşı tanıdığım, uzun illər təftişçi işləmiş, 2-ci qrup müharibə əlili olan İsa kişini gördüm. Yaxınlaşıb görüşərək hal-əhval tutdum. Dedi ki, Abbas Zamanovla görüşmək istəyir. Elə bu vaxt Abbas Zamanov dəhlizdə göründü. İsa kişiyə yaxınlaşaraq onu qucaqladı və qoluna girib kabinetinə apardı. Sonradan öyrəndim ki, İsa kişi Abbas Zamanovun atası Tağı kişi ilə iş yoldaşı olub, dostluq ediblər.
Abbas Zamanov prokurorluğa mədəni rəftar, müraciət forması və davranış qaydaları gətirən insandır...
Azərbaycan Prokurorluğunun veteranı baş ədliyyə müşaviri
Ələmdar Məmmədov
29.03.2024