Şriftin ölçüsü :

Saytın rəngi :

MÜLKİ PROSESDƏ NÜMAYƏNDƏLİK İNSTİTUTUNUN İNKİŞAF TENDENSİYASI: MÜQAYİSƏLİ HÜQUQİ TƏHLİL

19.03.2024

Xülasə

Məqalədə mülki prosesdə nümayəndəlik institutunun müxtəlif hüquq sistemlərində yeri və inkişaf tendensiyası ilə bağlı məsələlər tədqiq edilmişdir. Mülki prosesdə nümayəndəlik institutu öz tarixi inkişaf tendensiyasına malik olan və özündə maddi və prosessual hüquq normalarını təcəssüm etdirən kompleks hüquq institutudur. Bu hüquq institutu subyektin obyektiv səbəblərdən müstəqil şəkildə məhkəmədə çıxış edə bilməməsi səbəblərindən meydana çıxmışdır. Prosessual nümayəndəliyin inkişaf tendensiyaları o haqda nəticə çıxarmağa imkan verir ki, nümayəndəlik institutu ona olan tələbatın artması səbəbindən daim yüksələn xətlə inkişaf etmişdir. Nümayəndəlik mülki prosesin sistemyaradıcı elementidir. Məhz nümayəndənin vəziyyətindən bir çox hallarda mülki prosesin bu və ya digər sistemə aid edilməsi asılıdır.

Anqlosakson sistemi ölkələrində nümayəndəliyin doktrinal bünövrəsi eyniləşdirmə, identikləşdirmə nəzəriyyəsinə əsaslanır (doctrine of identity). Roman-german sistemində mülki-prosessual hüquq nümayəndənin hüquqi statusunda ona verilən səlahiyyətlərə əsasən meyarlar müəyyənləşdirir. Bu əsasda nümayəndəlik qanuni və könüllü növlərə ayrılır.

Hüquqi institut kimi nümayəndəlik bu günə kimi formalaşma prosesindədir, ümumiyyətlə iqtisadi münasibətlərin, ticarətin inkişafı və ən əsası da cəmiyyətdə insanlar arasında münasibətlərin dəyişməsi nümayəndəlik institutunun da inkişaf tempinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Açar sözlər: mülki proses, nümayəndəlik institutu, roman-german, anqlo-sakson, hüquq sistemi, hüquq ailəsi, doktrina, qanuni nümayəndəlik, qanunvericilik, sistem, qanun, mənbə, konstitusiya, prinsip, məhkəmə.

Nümayəndəlik institutu praktiki olaraq hüququn bütün sahələrində mövcuddur. Mülki prosesdə nümayəndəlik institutu fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının məhkəmədə müdafiəsinin vacib konstitusion təminatıdır. Hüququn bu institutu ümumi anlamda bir şəxsin digər şəxsin adından, onun maraqları naminə, onun tapşırığı ilə həmin şəxsə qanunla verilən səlahiyyətlər çərçivəsində prosessual hərəkətləri icra etdiyi, eyni zamanda təmsil olunan şəxsə münasibətdə müəyyən hüquq və vəzifələr yaradan hüquq münasibətidir. Nümayəndəlik maddi və prosessual hüquqda öz məqsədlərinə, yaranma əsaslarına və nəticələrinə görə fərqlənir. Bəzi hallarda maddi hüquq münasibətləri nümayəndəliyə yol vermir, məsələn nikahın bağlanması zamanı nümayəndəliyə yol verilmir. Prosessual kontekstdə isə belə məhdudiyyətlərə demək olar ki, rast gəlinmir.

Məhkəmə nümayəndələri onlara verilən səlahiyyətlər daxilində təmsil etdiyi şəxs üçün daha əıverişli şəraitin yaradılmasına çalışan, ona zəruri hüquqi yardım göstərməli olan şəxsidir. Paralel olaraq, nümayəndənin iştirakı məhkəmədə ədalət mümhakiməsinin həyata keçirilməsinə də müsbət mənada öz təsirini göstərir [6, 49].

Mülki prosesdə nümayəndəlik institutunun əsas məqsədi fiziki və hüquqi şəxslərin hüquq və qanuni maraqlarının tam şəkildə təmin edilməsinə nail olmaqdır. Bu institutun əhəmiyyəti bir sıra səbəblərlə əlaqədardır. İlk növbədə, mülki işlərin çəkişmə prinsipi əsasında həyata keçirilməsi səbəbi ilə əlaqədardır. Sübutetmə yükünün tərəflərin üzərinə qoyulması səbə­bindən tərəflər öz hüquq və maraqlarını müdafiə etmək üçün zəruri minimum hüquq bilgisinə malik olmalıdır. İkincisi, ümumilikdə hüquq sisteminin, qanunvericiliyin zənginləşməsi və ya mürəkkəbləşməsi. Belə ki, cəmiyyətin tələbatları artdıqca qanunların sayı da artır, hətta hüquqşünaslar arasında da ixtisaslaşma qaçılmazdır. Belə olan halda, ixtisaslı nümayən­dənin iştirakı, onun peşəkar hüquqi yardım göstərməsi zərurətə çevrilir.

Mülki prosesdə iştirak edən nümayəndə prosesdə iştirak etməklə özü üçün yox, təmsil etdiyi şəxs üçün müəyyən hərəkətlər yaradır, dəyişir və ya ləğv edir. Nümayəndənin mülki prosessual münasibətlərin subyekti olması sualına birmənalı cavab vermək çətindir. Bu suala pozitiv cavab vermək daha rahatdır, çünki müvafiq məsələ qanunda öz təsbitini tapmışdır[4, 77]. Məsələn, AR MPM nümayəndəni prosesin digər iştirakçıları kateqoriyasına aid edir (md. 61). Nümayəndəlik institutu təkcə iddia icraatında deyil, xüsusi icraat, icra icraatında, həmçinin bütün instansiya məhkəmələrində aparılan işlərdə də həyata keçirilir.

İndi isə mülki prosesdə nümayəndəlik institutu ilə bağlı doktrinal fikirlərə, nəzəri yanaşmalara baxaq. Nümayəndəlik institutu hələ Roma xüsusi hüququnda məlum idi. Roma məhkəmə proseslərində actores (hüquqi şəxsin nümayəndəsi), tutores (qəyyumlar), advocatus (öz qohum və dostlarına məhkəmədə məsləhət verən şəxslər)[3, 82] adlı şəxslər iştirak edirdi. Alman-Holland yurisprudensiyası adlanan XVII əsrin hüquqşünasları nümayəndəlik institutunu inkişaf etdirərək ona yeni xüsusiyyətlər gətirmişdi. Belə ki, nümayəndə digər şəxsin adından çıxış etsə də mülki prosesdə hüquq və vəzifələr yaradır və prosesin tamhüquqlu iştirakçısına çevrilirdi. Bu dəyişiklik uzun müddət hüquq aləmində qüvvədə olan və nümayəndələri proses iştirakçısı statusundan məhrum edən alteri stipulari nemo potest prinsipini[15, 37] əhəmiyyətli dərəcədə dəyişdi. Qədim Roma alimi Ulpianın irəli sürdüyü bu prinsipi təbii hüquq məktəbinin nümayəndələri dəyişə bildi[20, 432].

Mülki prosesdə nümayəndənin birbaşa iştirakı, başqa sözlə birbaşa nümayəndəlik konsepsiyasının işlənib hazırlanmasında Holland hüquq alimi Hüquo Qrotsi böyük işlər görmüşdür. Məhz O, ilk dəfə olaraq, nümayəndəlik müqaviləsini üçüncü şəxsin xeyrinə olan müqavilədən ayırmışdır[18, 45-46]. Bu addım kontinental hüquq sistemli ölkələrin qanunvericiliyində hələ də öz qüvvəsini saxlayır. Ümumiyyətlə, bir vacib məqamı qeyd edək ki, Roma hüquq sistemindən yararlanmış kontinental hüquq sistemli dövlətlər (Almaniya, İtaliya, Fransa, Rusiya, o cümlədən Azərbaycan) mülki prosesdə nümayəndənin iştirakını həmin prosesin effektivliyi və ümumilikdə ədalət mühakiməsinin səmərəliliyi baxımından vacib şərt sayırlar.

Artıq qeyd etdiyimiz kimi, mülki prosesdə nümayəndəlik institutuna müxtəlif ölkələrin hüquq ədəbiyyatlarında fərqli yanaşmalar mövcud olsa da, onların arasında ciddi fikir müxtəlifliyi və ya prinsipial fərqlər nəzərə çarpmır. Bununla belə, tədqiq etdiyimiz məsələ ilə bağlı dolğun, bitkin fikir bildirmək üçün həmin konseptual fikirlərə nəzər yetirilməsi məqsədəuyğun hesab edilir.

Köln Universitetinin professoru Mattias Kilian qeyd edir ki, hüquqi nümayəndəlik müxtəlif işlər üzrə məhkəmə prosesində hər hansı bir şəxsə peşəkar hüquqşünas (lisenziyalı peşəkar hüquqşünas, barrister, solisitor, vəkil və s.) tərəfindən təmsilçiliyin göstərilməsidir. Müəllif eyni zamanda məcburi (mandatlı) nümayəndəliyi də fərqləndirir. Bu növ nümayən­dəlikdə təmsil olunan şəxsin məhkəmədə eşidilmək və prosessual hüquqlardan istifadə etmək hüququ var[10, 3].

Mülki hüquq sferasında nüfuzlu mütəxəssislərdən hesab edilən professor Rik Verhagen mülki prosesdə nümayəndənin statusu ilə bağlı məsələdə onun səlahiyyətinin yaranması meyarını əsas götürür. Məhz bu səbəbdən nümayəndəlik qanuni (normativ hüquqi akt əsasında yaranır) və könüllü (əqd və ya etibarnamə əsasında yaranır) ola bilir[17, 6]. Belə bölgü əsasən kontinental hüquq sisteminə malik dövlətlər üçün xasdır.

Mauro Cappelletti qeyd edir ki, mülki prosesdə azyaşlılar, fəaliyyət qabiliyyəti olmayanlar, aztəminatlılar qanuni nümayəndələrlə təmsil olunurlar ki, həmin nümayən­dələr qismində adətən vəkillər çıxış edir[8, 119].

Məşhur Britaniya hüquq alimi, Okxford universitetinin mülki proses üzrə professoru Adrian A.S.Zuckerman hesab edir ki, ümumi hüquq sistemli ölkələrdən fərqli olaraq, kontinental hüquq sistemində mülki prosesdə nümayəndənin iştirakı arzuolunandır. Bunun əsas səbəbi mülki prosesin çəkişmə prinsipi əsasında aparılması və məhkəməyə bu prosesdə tam neytral mövqeyin tutulması imkanını verilməsi ilə bağlıdır. Anqlo- amerikan sistemindən fərqli olaraq, bu sistemə malik ölkələrdə prosedur qaydaların çoxluğu, normativ aktların fərqliliyi, prosessual qaydaların yazılı şəkildə aparılması və s. rəsmiliklər insanlara məhkəmə prosesində özünü müdafiə etmə qabiliyyətini azaltmağa gətirib çıxarır, yəni bütün bunların mövcudluğu zəruri hüquqi bilikləri olmayan şəxsin mülki prosesdə asanlıqla uduzacağına işarə edir[19, 357].

Mülki prosesdə nümayəndəlik institutu ilə bağlı rus alimlərinin də fikirləri maraq doğurur. O.V.İsaenkova qeyd edir ki, mülki prosesdə məhkəmə nümayəndəsi mülki prosesin iştirakçısıdır və təmsil olunan fiziki və hüquqi şəxslərin adından prosessual hərəkətlər həyata keçirir[5, 106]. R.A.Sidorovun fikrincə, nümayəndə mülki prosesin müstəqil iştirakçısıdır və onun prosessual vəziyyəti bir qədər mürəkkəbdir, çünki o, təmsil olunan şəxsin hüquqlarını realizə edir. Bu səbəbdən müəllif nümayəndəni, nə prosesdə iştirak edən şəxslər kateqoriyasına, nə də prosesin digər iştirakçılarına aid etmir[2, 78].

Hazırda dünyada müxtəlif hüquq sistemləri mövcuddur. Çox zaman hüquq sistemi anlayışı ilə paralel olaraq, hüquq ailəsi anlayışından da istifadə edilir, əslində hüquq ailəsi hüquq sistemlərinin tipini formalaşdırır. Hüquq ailəsi müqayisəli hüquqşünaslığın mərkəzi anlayışlarından biri olmaqla, milli hüquq sistemlərinin məcmusunu, hüququn mənbələrinin, əsas anlayışların, hüququn strukturunun və onun formalaşmasının tarixi inkişaf yolunun ümumiliyini birləşdirir. Hüquq ailəsi termini elmi dövriyyəyə alman alim Qotfrid Leybnits tərəfindən latın dilində 1667-ci ildə nəşr edilmiş “Məhkəmə hüquqşünaslığının öyrənilməsi­nin yeni metodları” (Nova Methodus Discendae Docendaeque Jurisprudentiae) əsəri ilə daxil edilmişdir[13, 327].

Hər bir hüquq sistemi unikaldır, ancaq müqayisəli hüquqşünaslıq onların oxşarlıqlarını və fərqlərini aydınlaşdırıb hüquq sistemlərinin tipologiyasını müəyyən etməyə imkan verir.

Beləliklə, hüquq ailəsi adlandırılan hüquq sistemlərinin tipləri formalaşır. Belə formalaşma­nın əsas meyarları: a) hüququn mənbələrindən istifadə və müqayisəsi; b) presedentlərin yaradılmasında məhkəmənin rolu; c) hüquq sisteminin mənşəyi və inkişafıdır.

Tarixi əhəmiyyətdən başqa, hüquq sistemlərinin bölgüsü konkret hüquqi anlayışlara yönəlməyə, zəngin xarici təcrübədən istifadə etməyə, bəşəriyyətin hüquqi inkişafının ümumi tendensiyalarını anlamağa, öz hüquqi və siyasi mədəniyyətini zənginləşdirməyə imkan verir.

Hüquq sistemlərinin ən geniş yayılmış təsnifatını fransız alimi Rene David aparmışdır:

  • roman-german hüquq sistemi;
  • anqlosakson hüquq sistemi;
  • dini hüquq sistemi (müsəlman, yahudi və başqaları);
  • sosializm hüquq sistemi;
  • ənənəvi hüquq və digərləri[11, 125].

Sadalanan hüquq sistemləri arasında Roman-german və Anqlosakson hüquq sistemləri daha geniş şəkildə yayılmış və tədqiq olunmuşdur. Roman-german hüquq sistemində hüquq normaları ümumidən xüsusiyə doğru inkişaf edirsə, Anqlosakson hüquq sistemində əksinə xüsusidən ümumiyə doğru inkişaf edir[1, 19]. Anqlosakson hüquq sistemində məhkəmə praktikasında formalaşan hüquq normaları əsas götürülürsə, Roma hüququna söykənən Roman-german hüquq sistemində yazılı qanunlara, məcəllələrə üstünlük verilir.

Anqlosakson sistemi ölkələrində nümayəndəliyin doktrinal bünövrəsi eyniləşdirmə, identi- kləşdirmə nəzəriyyəsinə əsaslanır (doctrine of identity). Bu nəzəriyyəyə görə, nümayəndə — müəyyən mənada təmsil edilənin alter ego-sudur və təmsil ediləndən səlahiyyətləri alır və bu səlahiyyətlər çərçivəsində hərəkət edir[21, 15]. Bu konsepsiyanın əsas mahiyyəti ondan ibarətdir ki, nümayəndəliyə hansısa abstrakt element kimi baxılmır. Nümayəndəlik çox ümumi konsepsiyadır, hansı ki, istənilən vəziyyəti əhatə edir, nə vaxt ki, bir şəxs başqa şəxsin xeyrinə hərəkət edir, nümayəndəlik bu iki şəxsin arasında konsensual münasibətdir[12, 43].

Hal-hazırda müqayisəli hüquqşünaslıqda hər hansı xüsusi-hüquqi institutun analizi vaxtı Anqlosakson və Roman-german sistemi arasında fərqlərin təsviri heç kəsi təəccübləndirmir. Ancaq bu, bir hüquqi ailənin qanadı altında birləşmiş konkret dövlətlərin milli hüququnda münasibətlərin hər hansı sferasının hüquqi nizama salmasında xüsusiyyətlərin mövcud­luğunu istisna etmir. Bu mənada nümayəndəlik hüququ istisna deyil. Dünya hüquq elmində nümayəndəlik münasibətlərinin unifikasiyasının çətinlikləri geniş yayılmışdır, belə problem­lər roman-german və anqlosakson hüquq sistemlərinin yaxınlaşmasının cəhdi zamanı mey­dana çıxır. Ancaq kontinental Avropanın bir sıra konkret ölkələrində bu münasibətlərin hüquqi tənzimlənməsinin müqayisəsi vaxtı fərqlər meydana çıxır, hansıların ki, tədqiqatı müqayisəli hüquqşünaslıq və prosessual hüquq elmi üçün maraq doğurur.

Roman-german hüquq sistemində mülki prosessual hüquq nümayəndənin hüquqi sta­tusunda ona verilən səlahiyyətlərə əsasən meyarlar müəyyənləşdirir. Bu əsasda nümayən­dəlik qanuni və könüllü mövlərə ayrılır. Qanuni nümayəndəlik qanunun göstərişlərindən doğursa, könüllü nümayəndəlik əqdə əsasən yaranır [17, 6]. Bu tendensiya Azərbaycan hüquq sistemi üçün də xarakterikdir.

Könüllü nümayəndənin hüquq və vəzifələri ona verilən etibarnaməyə əsasən tənzimlənir. Buna görə də, könüllü nümayəndənin hüquq və vəzifələr yaratmaq imkanı yoxdur. Qanuni nümayəndəlikdə isə vəziyyət tam fərqlidir, belə ki, qanuni nümayəndənin hüquq və vəzifələr yaratması üçün qarşı tərəfin mövcudluğuna ehtiyac yoxdur, bu imkan qanunun göstərişlərindən və ya məhkəmə qərarından (atalığın müəyyən edilməsi qərarı və s.) yaranır.

Qanuni nümayəndəlik hər bir ölkənin hüquq sistemində bir neçə hədəfə xidmət edir və buna görə bu termin bir sıra nümayəndəlik kateqoriyalarını əhatə edir. Onlardan ən əhəmiy­yətlisi yetkinlik yaşına çatmayanlar adından nümayəndəlik və fəaliyyət qabiliyyəti olmayan (və ya məhdud) şəxslər adından nümayəndəlikdir. Həmçinin ümumi birgə mülkiyyətin reji- miylə əlaqədar yaranan nümayəndəlik və zərurətə (tapşırıq olmadan başqalarının maraqları naminə çıxış etmə (negotiorum gestio)) görə nümayəndəlik də qanuni nümayəndəlin növlərinə aid edilir.

Anqlosakson hüququnda könüllü nümayəndəlik “iradə ifadəsi” prinsipinin realizəsindən formalaşır və konkret əqd əsasında rəsmiləşdirilir. Onu da qeyd edək ki, Anqlosakson hüququnda qanundan doğan nümayəndəlik (agency by operation oflaw) də mövcuddur[14, 494]. Bu institut əsas etibarilə ər və arvadın təmsilçiliyi ilə əlaqədardır.

ABŞ mülki prosesində məhdud fəaliyyət qabiliyyətli və yetkinlik yaşına çatmayanların maraqlarını qanuni nümayəndələri təmsil edir. Əgər həmin şəxslərin hüquqlarını dövlət or­qanları və ya təşkilatlar təmsil edirsə, həmin qurumlar məhkəmədə müstəqil iddia qaldıra və ya cavabdeh qismində çıxış edə bilərlər. ABŞ prosessual qanunvericiliyinə əsasən məhdud fəaliyyət qabiliyyətli və yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi olmadıqda, məhkəmədə onların maraqlarını müdafiəçi (next friend) və ya qəyyum (guardian ad litem) təmsil edə bilər, həmin şəxsləri məhkəmə təyin edir [9, 99].

Həm Roman-german, həmçinin Anqlosakson hüquq sistemlərində nümayəndəlik institutu birbaşa və dolayı olması meyarlarına görə də fərqləndirilir. Mülki proses zamanı yalnız birbaşa nümayəndəlik formasından istifadə olunur. Dolayı nümayəndəlik isə sırf mülki- hüquqi xarakterlidir və nümayəndənin öz adından çıxış etdiyi zaman baş verir (məsələn, komissiya müqaviləsi). Roman-german hüquq sistemində könüllü nümayəndəliyin belə bölgüsü konseptual xarakter daşıyır. Birbaşa nümayəndəlik etibarnamə verilməsi ilə realizə olunur. Bu zaman nümayəndə “digər şəxsin adından” çıxış etməklə onun hüquq və mara­qlarını məhkəmədə müdafiə etməyə çalışır.

Kontinental sistemdə hüquq hadisələrinin əksəriyyətinin yaranmasının ənənəvi tarixi Roma hüququndan başlanır. Klassik Roma hüququ yad hərəkətlərlə (təsirlərlə) mülki hüquqlarının və vəzifələrin əldə edilməsi imkanları kimi nümayəndəlik konsepsiyasını tanımırdı. “Alteri stipulari nemo potesf Maksimində ifadə edilmiş öhdəliklərin şəxsi təbiəti prinsipinə görə həm sərbəst hüquqi kateqoriya kimi nümayəndəliyi, həm də üçüncü şəxsin xeyrinə müqaviləni tətbiq etmək qeyri-mümkün idi. Sonralar mülki hüquqda birbaşa nümayəndəliyin nümunəsinə çevrilmiş mandatum müqaviləsi nümayəndəyə təmsil etdiyi şəxslə üçüncü şəxsi bağlamağa haqq vermirdi. Yalnız xüsusi hallarda Roma hüququ va­sitəçinin hərəkətləri nəticəsində hüquqi nəticələrin yaranmasını tanıyırdı. Müəyyən dərəcədə bu hadisələri birbaşa nümayəndəliklə müqayisə etmək olar.

Mülki prosesdə nümayəndənin birbaşa iştirakı, başqa sözlə birbaşa nümayəndəlik kon­sepsiyasının işlənib hazırlanmasında Holland hüquq alimi Hüquo Qrotsi böyük işlər görmüşdür. Məhz O, ilk dəfə olaraq, nümayəndəlik müqaviləsini üçüncü şəxsin xeyrinə olan müqavilədən ayırmışdır [18, 45-46]. Bu addım kontinental hüquq sistemli ölkələrin qanun­vericiliyində hələ də öz qüvvəsini saxlayır.

Ümumiyyətlə, bir vacib məqamı qeyd edək ki, Roma hüquq sistemindən yararlanmış kontinental hüquq sistemli dövlətlər (Almaniya, İtaliya, Fransa, Rusiya, o cümlədən Azərbaycan) mülki prosesdə nümayəndənin iştirakını həmin prosesin effektivliyi və ümu­milikdə ədalət mühakiməsinin səmərəliliyi baxımından vacib şərt sayırlar.

Konseptual tapıntıdan başqa, təbii-hüquq məktəbi təbii hüquq nəzəriyyəsinin məzmun bazasına söykənərək və iradə azadlığı prinsipini rəhbər tutaraq nümayəndəlik institutunun mülki-hüquqi başlanğıclarını əsaslandırmışdır. Kontinental Avropa ölkələrinin mülki və mülki prosessual hüququnun müddəalarına uyğun olaraq nümayəndə yalnız səlahiyyətin mövcud­luğuna əsaslanmalı deyil. Nümayəndə münasibətinin yaranması üçün kontinental sistem xüsusi tələb irəli sürür: nümayəndə təmsil etdiyi şəxsin adından hərəkət etməlidir, o öz adın­dan hərəkət etməli deyil. Bu açıqlıq prinsipidir, hansı ki, təbii hüquq məktəbi tərəfindən qismən daxil edilmiş və əsaslandırılmışdır.

Nümayəndəliyin İngilis-Amerikan konsepsiyası öz spesifik xüsusiyyətlərinə malikdir. Xüsusi hüququn dualist sistemi əsas götürülən ölkələrdən fərqli olaraq, Böyük Britaniya və ABŞ-da ümummülki və ticarət nümayəndəliyinə bölgü mövcuddur. Birbaşa və dolayı nümayəndəlik bölgüsü İngilis-Amerikan hüququna xas deyil. Kontinental Avropa ölkələrinin hüququna dolayı nümayəndəlik kimi məlum olan münasibətlər İngilis-Amerikan hüququnda nümayəndəlik anlayışına daxil edilmir, çünki, nümayəndənin fəaliyyəti təmsil etdiyi şəxs üçün bilavasitə hüquqi nəticələr yaradır. Bəzi sırf delikt münasibətlərinin nümayəndəlik sfer­asına əlavə edilməsi İngilis-Amerikan konsepsiyası üçün xarakterikdir. Beləcə, başqa şəxs üçün delikt məsuliyyəti yarada bilən şəxs agent kimi tanına bilər.

İngilis-Amerikan hüquq ədəbiyyatlarında “nümayəndəlik” termini iki mənada istifadə edilir: geniş və dar. Nümayəndəlik geniş mənada istənilən münasibətləri özündə ehtiva edir, başqa sözlə, bir şəxs başqa şəxsin xeyrinə üçüncü şəxslərlə münasibətlərdə hərəkət edir, bu za­man nümayəndə öz adından və ya təmsil edilən adından çıxış edə bilər, həmçinin bu pros­esdə nümayəndənin faktiki və ya hüquqi xarakterli hərəkətləri icra etməsi vacib deyil.

Dar mənada nümayəndəlik və ya sırf hüquqi mənada nümayəndəlik dedikdə, nümayəndə konkret olaraq təmsil edilən adından və yalnız onun xeyrinə hərəkətləri icra edir. Bu hərəkətlərin nəticəsində yaranan hüquq münasibətləri təmsil edilən üçün hüquqi qüvvəyə malikdir. Həmçinin qeyd etmək lazımdır ki, Anqlosakson hüquq sistemində belə nümayəndələri hər iki hüquq sisteminə xas olan “qanuni nümayəndələrdən fərqləndirmək lazımdır.

Konkret mülki-hüquqi baxımdan ABŞ və İngiltərənin bir çox hüquq alimləri (U.Sivi, X.Re- usçeylen, U.Qreqori, B.Markesins, R.Mandi) nümayəndə (agent) dedikdə, öz hərəkətləri ilə başqaları üçün delikt məsuliyyəti yarada bilən şəxsləri nəzərdə tuturlar. D.Fridman bu məsələ ilə bağlı qeyd edir ki, agent, müqavilələr bağlanması, əmlaka sərəncam verilməsi yolu ilə prinsipal üçün məcburi hüquqi nəticələr yaradır.

Kontinental hüquq nümayəndəlik münasibətlərində xarici və daxili tərəfləri fərqləndirir. Nümayəndənin və üçüncü şəxsin arasında münasibətlərin xarici tərəfi Avropa dövlətlərinin mülki məcəllələrinin ümumi hissəsində təsbit edilmiş qaydalarla tənzimlənir. AR-də bu məsələ Mülki Məcəllənin 16-cı (Əqdlərdə təmsilçilik) və MPM-in 6-cı (məhkəmədə nümayəndəlik) fəslləri ilə nizamlanır. Fransız Mülki Məcəlləsi səlahiyyətləndirmə məsələsinə xüsusi müqavilə çərçivəsində baxır [20, 434]. Roman-german hüquq sistemində mandat və səlahiyyət - müstəqil hüquq nəticələriylə tanınan iki müstəqil konsepsiyadır, həmçinin bu kateqoriyaların inkişafı hüquq elminə və pozitiv hüquqa əhəmiyyətli təsiri göstərmişdir. Belə müddəalar Almaniyanın, İsveçrənin, İsveçin, İtaliyanın, Yunanıstanın, Yaponiyanın və Nid- erlandların milli qanunvericiliyində təsbit edilmişdir.

Həm Roman-german, həm də Anqlosakson hüququnda ilkin səlahiyyətlərlə təmin edilmədən icra prosesində olan aktın sonrakı təsdiqi mümkündür. Belə razılıq iki nəticəyə malikdir: 1) o təmsil edilən və nümayəndə arasında retrospektiv münasibətlər yaradır və 2) təmsil edilənlə üçüncü şəxslər arasında retrospektiv münasibətlər yaradır. Təmsil edilən şəxs bunun üçün əvvəldən səlahiyyət vermədiyi və artıq davam edən təmsilçilik üçün, yəni nümayəndənin fəaliyyəti üçün razılıq vermək öhdəliyi daşıyır. Nümayəndə təmsil edilənin xeyrinə açıq hərəkət etməlidir. Əgər üçüncü şəxsdə belə bir təəssürat yaransa ki, agent öz xeyrinə hərəkət edir, təmsil edilən nümayəndənin hərəkətlərini təsdiqləmək imkanından məhrum olur.

İngiltərənin ümumi hüququnda müstəqil hüquq konsepsiyası kimi nümayəndəlik XIX əsrin başlanğıcına qədər inkişaf etməmişdir. Həmin vaxta qədər nümayəndəlik (agentlik) “qeyri- mütəşəkkil hadisə” kimi qalmaqda davam edirdi, bu institutun hüquqi tənzimetməsini isə işçinin və işəgötürənin münasibətləri, vəkil xidmətləri, əşyanın saxlanması, borcun kompen­sasiyası və yenidən hesablanması ilə bağlı məsələləri tənzimləyən normalar ni- zamlayırdı[16, 3]. Nümayəndəlik üzrə kitablar 1811 -ci və 1812-ci ilə qədər nəşr edilmirdi. Aqentlik hüququnun bir çox konsepsiyaları (açılmamış agent münasibəti, estoppel doktri­nası) XIX əsrə qədər ətraflı şəkildə tədqiq edilməmişdir.

Nümayəndənin təmsil etdiyi şəxslə münasibətlərindəki səlahiyyəti ilə üçüncü şəxsə münasibətdə xarici hüquqlar arasındakı fərqlər 1925-ci ilə qədər “səmərələşdirilməmişdir”. Bununla belə, artıq XVIII—XIX əsrlərdə səlahiyyətlərin aşılmasıyla bağlı hüquqi mübahisələri həll etmiş ingilis məhkəmələrinin qərarlarına rast gəlinir. İngilis hakimləri üçün heç bir şübhə yox idi ki, agent bu halda təmsil edilənin təlimatlarına uyğun olmayan hərəkətlərin realizəsi yolu ilə aqentlik müqaviləsiylə müəyyən edilmiş vəzifələri pozaraq öz hüquqi imkanları çərçivəsində hərəkət edə bilər. İngilis hüququ kontinental hüquqdakı kimi eyni nəticəyə nail olmuşdu. Bu gün etibarnamənin verilməsi və nümayəndənin səlahiyyətini müəyyənləşdirən müqavilələr arasında fərq demək olar ki, kontinental Avropa ölkələrinin bütün müasir mülki məcəllələrində təsbit edilmiş normativdir.

Nümayəndəyə səlahiyyətlərin verilməsi adətən mülki məcəllələrin ümumi hissəsində öz əksini tapır. Nümayəndəlik haqqında ümumi hissədəki normaları yüksək hüquqi abstraksi- yanın nəticəsi kimi qeyd etmək olar. Belə yanaşmaya görə nümayəndəlik hüquq institutu kimi nəzərdən keçirilir. Roman-german hüquq sisteminə əsasən əgər nümayəndəyə etibar­namə verilibsə, onun bu etibarnamə üzrə səlahiyyətləri realizə etməsi zamanı meydana çıxan hüquq münasibətləri ümumi hissənin normaları ilə nizamlanır. Əgər nümayəndənin səlahiyyətləri tapşırıq və ya digər oxşar müqavilə ilə rəsmiləşdirilərsə, o zaman, hüquqi nəticələr həm ümumi, həm də xüsusi hissənin normaları ilə nizamlanır.

Belə yanaşma Almaniya üçün daha tipikdir, həmçinin Niderland, İsveçrə, İsveç, İtaliya, Portuqaliya, Yunanıstan, Rusiya, o cümlədən Azərbaycan üçün də xarakterdir. Bu ölkələrdə nümayəndənin səlahiyyətinin və təmsil olunanla onun arasında müqavilənin dəqiq sərhəddi aparılır. Beləliklə, belə hüquq sistemləri etibarnaməni təmsil edilənlə nümayəndə arasında birtərəfli qaydada səlahiyyətlərin icrası məqsədilə tapşırılan əqd kimi müəyyən edirlər.

Ancaq kontinental sistemdə bütün ölkələr belə yanaşmaya tərəfdar deyil. Daha çox dok- trinal xarakterli səbəblərdən Fransada belə bir tendensiya formalaşmışdır ki, səlahiyyət - tərəflər arasında nümayəndəlik razılaşmasının aspektlərindən yalnız biridir. Belə ki, Fransa Mülki Məcəlləsinin 1984-cü maddəsi şəxsin səlahiyyətini mandat müqaviləsinin xarici effekti kimi başqa şəxsi hüquqi cəhətdən təmsil etmək kimi qiymətləndirir [7, 914].

Beləliklə, mülki məhkəmə icraatında nümayəndəlik geniş anlayışdır və hüquqi və fiziki şəxslərin mülki hüquq və azadlıqlarının müdafiəsi və yaxud da pozulduğu halda bərpası məqsədilə fəaliyyət qabiliyyətli şəxslər tərəfindən göstərilən yardım və ya sadəcə təmsilçilikdir.

Nümayəndəlik Böyük Britaniya və ABŞ-ın mülki və mülki prosessual hüququnun ən əhəmiyyətli institutlarından biridir. Çox onilliklər boyunca rəsmiləşərək, Böyük Britaniya və ABŞ-ın məhkəmə təcrübəsiylə tənzim edilərək, hüquqi institut kimi nümayəndəlik bu günə kimi formalaşma prosesindədir, ümumiyyətlə iqtisadi münasibətlərin, ticarətin inkişafı və ən əsası da cəmiyyətdə insanlar arasında münasibətlərin dəyişməsi nümayəndəlik institutunun da inkişaf tempinə əhəmiyyətli dərəcədə təsir göstərir.

 

İstinadlar:

  1. Аболонин Г.О. Гражданское процессуальное право США. М.: Волтере Клувер, 2010,422 с.
  2. Брежнева Н.А., Тулина Н.М. Проблемы представительства в гражданском судо­производстве // Юридические науки: проблемы и перспективы: материалы III между- нар. науч. конф. (г. Казань, май 2015 г.). Казань: Бук, 2015, с. 77-79.
  3. Гражданское процессуальное право России: Учебник для вузов /П.В. Алексий, Н.Д. Эриашвили, В.Н.Галузо и др., Под ред.проф. П.В.Алексия, проф. Н.Д.Амагло- бели. М.: ЮНИТИ-ДАНА, 2005, 432 с.
  4. Диордиева О.Н. Гражданское процессуальное право: Учебно-методический комплекс. М.: Изд. Центр ЕАОИ. 2008, 284 с.
  5. Исаенкова О.В. Гражданское процессуальное право России: учебник. О.В.Иса- енкова, А.А.Демичев под ред. О.В.Исаенковой. М.: Норма, 2009, 448 с.
  6. Треушникова М.К. Практикум по гражданскому процессу. М.: Городец, 2007, 320 с.
  7. Beale H., Hartkamp A., Kötz H., Talion D. Cases, Materials and Text on Contract Law. Oxford and Portland, Oregon: Hart publishing, 2002, 993 p.
  8. Cappelletti Mauro. Civil Procedure in Italy. Springer, 2013, 451 p.
  9. Eilionôir Flynn. Disabled Justice?: Access to Justice and the UN Convention on the Rights of Persons with Disabilities. Routledge, 2016, 192 p.
  10. Kilian Matthias. Représentation in Court Proceedings. Comparative Aspects and Em- pirical Findings. CCBE / PECO / IBA 2015, Kiev: June 5 and 6, 2015, 23 p.
  11. René David, Camille Jauffret-Spinosi, Marie Goré. Les grands systèmes de droit con­temporains. Dalloz, 2016, 560 p.
  12. Rigaux F. Le statut de la représentation, étude de droit international comparé. 1963, p. 43.
  13. Roger Crisp. The Oxford Handbook of the History of Ethics. Oxford University Press, Oxford, 2013, 920 p.
  1. Roger LeRoy Miller, Gaylord A. Jentz. Cengage Advantage Books: Business Law Today: The Essentials. Cengage Learning, 2010, 864 p.
  2. Smits J. M. Elgar Encyclopedia of Comparative Law, Second Edition. Edward Elgar Publishing, 2012, 1000 p.
  3. Stoliar. The Law of Agency. London: Sweet & Maxwell, 1961, 341 p.
  4. Verhagen H.E. Agency in Private International Law, the Hague Convention on the Law Applicable to Agency. Dordrecht: Martinus Nijhoff Publishers in cooperation with the T.M.C./Asser Instituut, The Hague, 1995, 431 p.
  5. Zimmermann R. The Law of Obligations, Roman Foundation of the Civilian Tradition, Juta &Co., Ltd. Wetton, 2000, 656 p.
  6. Zuckerman Adrian. No Justice Without Lawyers. The Myth of an Inquisitorial Solution. Oxford Legal Studies Research Paper 66/2014, pp. 355-374.
  7. Zweigert K and Kotz H. Introduction to Comparative Law, Third Revised Edition, trans. Oxford T. Weir, Clarendon Press, 1998, 744 p.
  8. Pelichet M. Rapport sur la loi applicable aux contrats d'intermédiaires // Conférence de la Haye de droit international privé. Actes et documents de la Treizième session. V. IV. 1978. p. 15.

 

 

Əsgərov Hüseyn dissertant

(Bakı Dövlət Universiteti)

 

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.