Şriftin ölçüsü :

Saytın rəngi :

SÜNİ İNTELLEKT SİSTEMLƏRİNİN TƏTBİQİNDƏ BƏRABƏRLİK, AYRI-SEÇKİLİYƏ YOL VERMƏMƏ VACİB ŞƏRT KİMİ

19.03.2024

Müasir cəmiyyətdə ağıllı maşınlar və texnologiya, xüsusilə də ağıllı kompüter proqramları kimi tanınan süni intellekt sistemləri dövrün aktual problemlərindəndir. İnsanların asudə vaxtını, istehsal və digər fəaliyyət sahələrində məhsuldarlığı artırmaq və s. bu kimi üstünlükləri ilə həyatımızın “asanlaşdır/lmasına” xidmət edən bu sistemlər bir çox hallarda təcrübədə hüquq və azadlıqların pozulmasına da səbəb olur. Belə hüquqlardan bərabərlik hüququ xüsusi qeyd olunmalıdır. Məqalədə süni intellekt sistemlərinin tətbiqi zamanı bərabərlik və ayrı-seçkiliyə yol verməmə ilə bağlı təcrübi məsələlər ətraflı şərh olunmuş, bərabərlik hüququnun təminatı üzrə təklif və tövsiyələr irəli sürülmüşdür.

Açar sözlər: süni intellekt sistemləri, bərabərlik hüququ, ayrı-seçkiliyə yol verməmə, beynəlxalq-hüquqi tənzimetmə, milli-hüquqi tədbirlər.

1.1. Giriş

Süni intellekt öz-özlüyündə bir məqsəd deyil, insan rifahını yüksəltmək üçün insanlara xidmət etməli bir vasitədir. Buna nail olmaq üçün isə süni intellekt sistemlərinin etibarlılığı təmin edilməlidir ki, bu da insan hüquq və azadlıqlarına riayət edilmədən mümkün deyil. Avropa Komissiyasının Süni İntellekt üzrə Yüksək Səviyyəli İşçi Qrupu (High-Level Expert Group on Artificial Intelligence) tərəfindən hazırlanmış “Etibarlı Süni İntellekt üçün Etik Qaydalar”a [6] görə, etibarlılıq - insanların və cəmiyyətlərin süni intellekt sistemlərini inkişaf etdirməsi və istifadəsi üçün bir şərtdir. Həm bu qaydalarda, həm də onlar əsasında hazırlanan Avropa Komissiyasının 2019-cu il tarixli “İnsan yönümlü (İnsana fokuslanan) Süni İntellektə İnam Yaratmaq” (Building Trust in Human-Centric Artificial Intelligence) sənədində müəyyən olunmuşdur ki, “etibarlı süni intellekfə nail olmaq üçün üç komponentin olması vacibdir ki, bunlardan biri də etik prinsiplərə riayət olunmasıdır. Etik prinsiplərə daxil olan ədalətlilik prinsipi fayda və xərclərin bərabər və ədalətli bölüşdürülməsini təmin etməyi, fərdlərin və qrupların haqsız qərəzdən, ayrı-seçkilikdən azad olmasını təmin etməyi nəzərdə tutur. Deməli, beynəlxalq-hüquqi tənzimləmələr etibarlı süni intellektin bərabərliyi pozmamasını və ayrı-seçkiliyə yol verməməsini tələb edir.

İlk öncə qeyd edək ki, bərabərlik və ayrı-seçkiliyə yol verməmə insan hüquqları aspektin­dən ən vacib prinsiplərdən hesab olunur. 1948-ci il tarixli Ümumdünya İnsan hüquqları Bəyannaməsinin Preambulasının 1-ci bəndinə əsasən, bəşər ailəsinin bütün üzvlərinin hüquq bərabərliyinin tanınması azadlıq, ədalət və dünyəvi sülhün əsasını təşkil edir. Mülki və Siyasi Hüquqlar haqqında 1966-cı il tarixli Beynəlxalq Pakt və İqtisadi, sosial və mədəni hüquqlar haqqında 1966-cı il tarixli Beynəlxalq Paktın da müddəalarında bərabərlik və ayrı- seçkiliyə yol verilməməsi prinsipi bəyan olunmuşdur: hüquqlardan bərabər istifadə edilməsi prinsipi; kişi və qadının bərabərliyi prinsipindən irəli gələn ümumi bərabərlik prinsipi; hüquq norması və məhkəmə qarşısında bərabərlik prinsipi; qanun tərəfindən bərabər müdafiə prinsipi; ayrı-seçkiliyə yol verilməməsi prinsipi.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi irqindən, etnik mənsubiyyətin­dən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyə­tindən asılı olmayaraq hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyini elan edir və dövlət buna təminat verir.

Bərabərlik hüququnun təmin olunması bir çox hüquq və azadlıqların realizəsi üçün də şərait yaradan bir faktordur. Məşhur amerikalı hüquqşünas Ronald Dvorkin "Hüquqlara ciddi şəkildə yanaşma” adlı əsərində bu barədə yazırdı: “Fundamental subyektiv hüquqlar o prinsipləri və meyarları yaradır ki, onlar hüququn mənəvi ölçüsünün əsasında durmalıdır. Aparıcı və müəyyənedici hüquqi prinsip bərabərlik hüququdur” [1, s. 88].

1.2. Beynəlxalq-hüquqi yanaşma

Qeyd etmək lazımdır ki, işlənmiş məlumatların sürəti və həcmi baxımından alqoritmik qərar qəbul etmə insan tərəfindən verilən qərarlarla müqayisədə xeyli üstünlüklərə malik ola bilər. Lakin onu da nəzərə almalıyıq ki, bu cür qərarlarda qərəzlilik və ədalətsizliyə yol verilməsi mümkündür. Məsələn, axtarış alqoritmləri və axtarış motorları məlumatların cəmlənməsi və profilləşdirilməsi nəticəsində böyük şirkətlərin reklamını daha üstün tutur ki, bu da kiçik şirkətlərin maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər [15, p.26].

Başqa misal çəksək, dünya üzrə hökm sürən rəqəmsal bərabərsizlik özü də süni intellekt sistemlərinin tətbiqi zamanı təcrübi problemlər yarada bilər. Belə ki, İKT-nin inkişafı yüksək səviyyədə xarakterizə olunan dövlətlər təbii ki, zəif dövlətlər üzərində dominantlıq edəcəkdir. Cenevrə Prinsiplər Bəyannaməsinin 10-cu maddəsində iştirakçı dövlətlər tam şəkildə qəbul edirlər ki, inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında, eləcə də dövlətlərin öz daxilində informasiya texnologiyaları sahəsində inqilabın üstünlükləri bərabər səviyyədə paylanmamışdır. Məhz belə qeyri-bərabər paylanma informasiya cəmiyyətində rəqəmsal bərabərsizliyi şərtləndirir. Deməli, "Kim informasiyaya malikdirsə, dünyaya malikdir” məşhur deyimi hələ də öz qüvvəsini itirməmişdir. Çünki İKT-nin inkişaf tempi yüksək olan dövlətlərdə informasiyanın axtarışı, əldə olunması, yayılması və ötürülməsi daha asan və operativ həyata keçirilir ki, belə olan təqdirdə relevant informasiyaya çıxış zamanı problem yaranmır. Analoji hal cəmiyyətin üzvləri arasında da mövcuddur. İnformasiya mədəniyyətinə malik olan şəxslər digərlərinə nisbətən İKT-nin imkanlarından geniş şəkildə yararlana və bu yolla cəmiyyətin həyatında aktiv iştirak edə bilirlər. Lakin nəzərə almaq lazımdır ki, qlobal informasiya cəmiyyətinin qurulmasında əsas vəzifə insan hüquq və azadlıqlarının qorunması və təminatıdır. Belə vəzifə hər kəsin informasiya və biliklərin yaradılması, əldə olunması, istehsalı, ötürülməsi və yayılmasında yaxından iştirak etdiyi halda realizə olunmuş sayıla bilər. Digər tərəfdən isə, hamı üçün açıq olan informasiya cəmiyyətinin başlıca inkişaf istiqaməti informasiya, ideya və biliklərin əlyetərliyinin və hər kəsin həmin sahədə öz töhfəsini vermə imkanına malik olmasının təminatından ibarətdir. Problemin hər iki tərəfi rəqəmsal bərabərsizliyin qlobal informasiya cəmiyyətinin inkişafında başlıca maneə olduğu­nu və onun aradan qaldırılması ilə bağlı məsələlərin aktuallığını bir daha təsdiq edir.

Bununla bağlı, “Maşın öyrənmə sistemlərində bərabərlik və ayrı-seçkilik hüququnun qorunması” adlı 2018-ci il tarixli Toronto Bəyannaməsi [16] xüsusi qeyd olunmalıdır. Bəyannamə dövlətlərin üzərinə ayrı-seçkiliyi aradan qaldırmaq üçün aktiv tədbirlər görmək öhdəliyini qoyur. Daha geniş texnoloji inkişaf kontekstində dövlətlər üçün ən vacib prioritetlərdən biri də elm, texnologiya, mühəndislik və riyaziyyat sektorlarında müxtəlifliyi və bərabərliyi artıran proqramların təşviq edilməsidir. Bu cür səylər öz-özlüyündə məqsəd olmasa da, ayrı-seçkilik nəticələrini azaltmağa kömək edə bilər.

Toronto Bəyannaməsi bərabərliyin təminatı və ayrı-seçkiliyin aradan qaldırılması üzrə həm dövlətlər, həm də özəl sektor üçün vəzifələr müəyyənləşdirir. Fikrimizcə, Bəyannamədə özəl sektor üçün ayrıca müddəaların müəyyən olunması bir çox süni intellekt sistemi istehsalçılarının məhz özəl təşkilatlar olmasından irəli gəlir. Dövlət orqanları və özəl sektor üçün aşağıdakı öhdəliklər nəzərdə tutulur:

Dövlət sektoru Özəl sektor
Risklərin müəyyən olunması Potensial ayrı-seçkilik nəticələrinin müəyyənləşdirilməsi
Şəffaflığın və hesabatlılığın təmin olunması Ayrı-seçkiliyin qarşısını almaq və azaltmaq, eləcə də mövcud nəticələri izləmək üçün səmərəli tədbirlərin görülməsi
Nəzarətin təmin olunması Maşın öyrənmə sistemlərindəki ayrı-seçkiliyin müəyyənləşdirilməsi, qarşısının alınması və azaldılması səyləri barədə şəffaflığa riayət olunması

 

 

Göründüyü kimi, dövlət sektoru üçün nəzərdə tutulan öhdəliklər bilavasitə etik prinsiplərlə əlaqədardır və özəl sektor üçün müəyyən olunan öhdəliklərdən daha genişdir. Bu da dövlət orqanlarının nəzarəti öz üzərində saxlaması imkanlarından irəli gəlir. Əks təqdirdə, süni intellekt sistemlərinin tətbiqi sferasını tənzimləmək çətin olardı.

1.3. Təcrübi araşdırma və faktlar: süni intellekt sistemlərinin tətbiqi zamanı ayrı- seçkilik və onun həlli yolları

Qeyd etməliyik ki, süni intellektin tətbiqi üzrə bərabərsizlik və ayrı-seçkiliyə yol verilməsi əksər hallarda ənənəvi cəmiyyətin bərabərsizliklərindən qaynaqlanır. Ənənəvi cəmiyyətdə mövcud olan müxtəlif bərabərsizliklərin hələ də davam etməsini etiraf etməliyik. Baxmayaraq ki, BMT-nin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” 1969-cu il Konvensiyasında iştirakçı dövlətlər irqi ayrı-seçkiliyi pisləyir və təxirə salınmadan bütün mümkün vasitələrlə irqi ayrı-seçkiliyin bütün formalarını ləğv etmək siyasəti yürütməyi və bütün irqlər arasında qarşılıqlı anlaşmaya yardım göstərməyi öhdələrinə götürürlər, hələ də dünya əhalisində irqi fərqlilik tam aradan qaldırılmamışdır. Eyni zamanda, gender bərabərsizliyini də qeyd etməliyik. Hətta, bununla bağlı Alqoritmik Ədalət Liqasının qurucusu, kompüter sahəsində alim Coy Buolamvini maraqlı tədqiqat aparmışdır. IBM, Microsoft və Amazon kimi texnologiya nəhəngləri tərəfindən satılan süni intellekt sistemləri üzrə araşdırma aparan alim bu sistemlərin fəaliyyətində gender və irqi bərabərsizliyə yol verildiyini aşkar etmişdi. Tədqiqatın nəticəsinə görə, sifətin cinsini təxmin etmək vəzifəsi nəzərə alınmaqla, bütün şirkətlər kişi sifətində qadın sifətinə nisbətən daha yaxşı performans göstərmişdilər. Təhlil olunan şirkətlərdə açıqdərili kişilər üçün 1%-dən çox olmayan səhv nisbətləri var idisə, qaradərili qadınlar üçün səhvlər 35%-ə yüksəlmişdi.

 

Hətta sistemlər Oprah Vinfrey, Michelle Obama və Serena Villiamsın sifətlərini düzgün şəkildə təsnif edə bilməmişdi. Həmçinin tədqiqatçı səbəbləri araşdırarkən müəyyən etmişdi ki, Facebook və Google-da texniki rollarda çalışanların 2%-dən azı qaradərilidir. Bloomberg tərəfindən qiymətləndirilən səkkiz böyük texnoloji şirkətdə texniki işçi qüvvəsinin yalnız beşdə biri qadınlardır. Nəticə etibarilə alim belə müəyyənləşdirmişdi ki, hüquq-mühafizə orqanlarında, o cümlədən pilotsuz təyyarələrin və ya polis orqanlarının üztanıma kamerala­rında bu cür texnologiyanın istifadəsinə məhdudiyyətlər qoyulmalıdır [11]. Qeyd olunan problemlərin qarşısını almaq məqsədilə Coy Buolamvini Safe Face Pledge təklif etmişdir ki, bu, təşkilatlar üçün üztanıma texnologiyasından sui-istifadə hallarını azaltmaq üçün ictimai öhdəliklər götürmək üçün bir imkandır və texnologiyanın qanunsuz istifa-dəsini qadağan edir, hər hansı bir dövlət tərəfindən istifadəsində şəffaflıq tələb edir [14].

Ümumiyyətlə, cəmiyyətdə məlumatlar bərabər şəkildə yaradılmır və ya toplanmır. Bir regionda yaşayan əhali haqqında məlumatlar təbii ki, daha çox olur və bu da süni intellekt sistemlərinə yerləşdirilən verilənlərə öz təsirini göstərəcəkdir. Yuxarıda çəkdiyimiz təcrübi faktlardan da göründüyü kimi, süni intellekt sistemi yaradıldığı an deyil, ona verilənlər daxil edildiyi zaman ayrı-seçkiliyə yol verilə bilər. Vilyam Gibsonun dediyi kimi: “Texnologiyalar biz onları tətbiq edənə qədər mənəvi baxımdan neytraldır.”

Həmçinin cəmiyyətdəki iqtisadi fərqlər də süni intellekt sistemlərinin tətbiqi zamanı ayrı- seçkiliyin davam etməsinə zəmin yaradır. Dövlətlərin qlobal səviyyədə inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş dövlətlərə ayrılması kimi iqtisadi prosesin də rəqəmsal bərabərsizliyə təsirini xüsusi vurğulamaq lazımdır. İqtisadi cəhətdən inkişaf etmiş dövlətlər bütün sahələrdə olduğu kimi, İKT-nin tətbiqi sahəsində də qabaqcıl mövqeni tuturlar. Bunu dünya internet istifadəçilərinin regionlar üzrə sayını və nisbətini əks etdirən 30 sentyabr 2020- ci ilə olan son Statistik Məlumatdan [10] da açıq-aydın müşahidə etmək olar.

Süni intellekt üzrə ayrı-seçkiliyə yol verilməsini təsdiq edən faktlar barədə ayrı-seçkiliyin bir neçə növü üzrə məlumat vermək daha düzgün olar:

İrqi və etnik ayrı-seçkilik. Ayrı-seçkilik faktlarını ətraflı təhlil edən Can Yavuz bu tip ayrı- seçkiliyə misal olaraq, Çindəki Uyğur müsəlman azlıqlara qarşı edilən ədalətsizliyi göstərir: Çinli start-up şirkətləri “həssas qrupları” tanıya bilən və uyğurları və uyğur olmayanları təsnifləşdirə bilən üztanıma sistemlərini inkişaf etdirməyə çalışır. Bundan əlavə, üztanıma sistemləri sayəsində hökumət milyonlarla azlıq qrup üzvünü asanlıqla müəyyənləşdirə, izləyə və hədəf ala bilər ki, bu da birbaşa şəxsi həyata müdaxilədir [3, p.32-33].

Kanada Ali Məhkəməsi Evert Kanadaya qarşı işində ayrı-seçkilik faktının olduğunu təsdiq etmişdi. İşin mahiyyətinə görə, ömürlük həbs cəzasına məhkum olunmuş Evert özünü Métis (Kanadadakı yerli xalqlardan biri) kimi tanıyır. Həbsxanaları idarə edən Kanada İslah Xidməti cinayətkarın residi-vistlik səviyyəsini və ruhi sağlamlığını qiymətləndirmək üçün texniki vasitələrdən istifadə edib. Evert iddia edir ki, bu vasitələr əsasən yerli olmayan əhali 

üzərində sınaqdan keçirilib və yerli insanlara tətbiq edildikdə etibarlı olduqlarını təsdiqləyən bir araşdırma yoxdur. O, İslah Xidmətinin “vasitəni tətbiq etdiyi cinayətkar haqqında hər hansı bir məlumatın mümkün qədər dəqiq, yenilənmiş və tam olmasını təmin etmək üçün bütün ağlabatan addımları atmadığım” söylədi. Ali Məhkəmə iddiaçı ilə razılaşaraq, İslah Xidmətinin Kanada qiymətləndirmə vasitələrinin qərəzsiz olmasını təmin etmək üçün ağla­batan addımlar atmadığı və buna görə qanunları pozduğu qərarına gəldi [7].

Həmçinin ABŞ-da tətbiq olunan süni intellekt sistemlərinin tətbiqi üzrə irqi ayrı-seçkiliyə yol açan bir sıra xoşagəlməz hallar müşahidə edilmişdir. Belə ki, süni intellekt dəstəkli gömrük və sərhəd nəzarəti cihazlarından bəzisi qaradərili insanları yüksək risk qrupu kimi tanıyaraq onlara qarşı qərəzli nəticəyə gəlmiş, bu isə xoşagəlməz vəziyyətin yaranmasına səbəb olmuşdur. Belə olan halda baş vermiş ayrı-seçkilik faktına görə həmin süni intellektin proqram təminatçısı, istehsalçı şirkət, həmin texnikanın faydalarından yararlanan gömrük xidmətinin əməkdaşları, yaxud digər hər hansı bir şəxsin məsuliyyət daşıması məsələsi hüquqi cəhətdən həllini tapmayan problem-lərdən biridir.

Gender əsaslı ayrı-seçkilik. Bu cür ayrı-seçkiliyə tipik nümunə kimi Google Translate-i qeyd etmək olar. Nəticələr göstərir ki, Google Translate cinsi neytral əvəzlikləri cinsi stereotip əvəzliklərə çevirir. Məsələn, “o tibb bacısıdır” ifadəsi ingilis dilində “she is a nurse” və ya rus dilində “она медсестра” kimi tərcümə olunursa, “o həkimdir”, “o sürücüdür” kimi cümlələr isə “he is a doctor/driver”, “он доктор/шофер” kimi tərcümə olunur. Maraqlıdır ki, “onun yaşamaq hüququ var” və s. bu kimi ümumi xarakterli cümlələr də tərcümə edildikdə, üçüncü şəxsin təkinin kişi cinsi kimi tərcümə olunur. Müəlliflər hesab edirlər ki, adi tərcümə proqramında mövcud olan bu gender bərabərsizliyi cəmiyyətdəki ayrı-seçkilikdən irəli gəlir [3, p.34].

Başqa bir maraqlı fakt 2012-ci ildə müəyyən olunmuşdur: Avtomobil istehsalçıları qəzaların qarşısını almaq məqsədilə səsli idarəetmə sistemi tətbiq edirlər. Bu sistem imkan verir ki, sürücülər səsli əmrlər vasitəsilə peyk naviqasiyasını, radio, kondisioner, smartfon və bir çox sistemi idarə edə bilsinlər. 2011-ci ildə Şaron Silk Karti araşdırması əsasında belə bir nəticəyə gəlmişdi ki, “Ford Focus”un 2012 modelində səs idarəetmə sistemləri qadın səslərini təyin edə bilmir [4]. Əslində, sonrakı illərdə, xüsusilə 2020-ci ildə qadınlar üçün geniş imkanlar nəzərdə tutan avtomobillər istehsal olunsa da, ümumilikdə idarəetmə sistemlərində mövcud olan ayrı-seçkiliklər davam etməkdədir.

Beləliklə, süni intellekt sistemlərinin tətbiqi zamanı mövcud bərabərsizlik və ayrı-seçkiliyin səbəblərini aşağıdakı kimi təsvir edə bilərik:

Sxemdən göründüyü kimi, süni intellektin tətbiqi üzrə ayrı-seçkilik və bərabərsizlik yalnız rəqəmsal dünyada olan fərqlərdən irəli gəlmir, eyni zamanda ənənəvi fərqliliklər də səbəb qismində çıxış edir. Süni intellektin tətbiqi zamanı ayrı-seçkiliyin qarşısını almaq üçün həm beynəlxalq və regional, həm də dövlətdaxili çərçivədə ayrı-seçkiliyə yol verməmə üzrə etik prinsiplərin sərhədləri dəqiqləşdirilməlidir. Eyni zamanda, məhkəmə təcrübəsi də bunu dəstəkləməlidir. Google İspaniyaya qarşı işində deyildiyi kimi, şəxsi toxunulmazlıq hüququ şirkətin iqtisadi mənafeyindən və bəzi hallarda məlumat əldə etmək üçün ictimai maraqdan daha böyükdür [9].

1.4. Nəticə

Yeni texnologiyaların inkişafı nəticəsində formalaşan rəqəmsal dünyada bərabərliyin təminatına xidmət edən normalar tez-tez texnologiyaya uymur və bir çox hallarda insan hüquq və azadlıqlarının pozulması halları müşahidə edilir. Belə pozuntular yalnız dövri inkişafdan asılı deyil. Ənənəvi cəmiyyətdə mövcud bərabərsizliklər də süni intellekt sistemlərinin tətbiqi zamanı öz təsirini göstərir. Ona görə də rəqəmsal cəmiyyətdə bərabərlik hüququnun təminatı və ayrı-seçkiliyə yol verilməməsi üçün bütün tədbirlər həm beynəlxalq, həm də milli-hüquqi çərçivədə aşağıdakı istiqamətlərdə aparılmalıdır:

  • Şəffaflıq testinə riayət olunması;
  • Rəqəmsal və ənənəvi fərqliliklərin aradan qaldırılması;
  • Hüquqi tənzimetmənin təkmilləşdirilməsi.

İnsana xas olan zəka elementlərinin maşınlarda tətbiqinə əsaslanan süni intellektin universal miqyasda tətbiqi onun sosial, maddi və mənəvi faydalılığı, insan hüquq və azadlıqlarına hörmət edilməsi kimi bir çox əsas prinsiplərlə şərtlənməlidir. Süni intellekt cəmiyyət üçün təhdid və əsas hüquq prinsiplərinə yönələn risk faktoruna çevrilməməlidir. Məhz ona görə də “Asilomar Süni İntellekt Prinsipləri” [8], İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şurasının “Süni İntellekt üzrə Tövsiyə”si [13], "Rəqəmsal Hüquqlar üçün Şəhərlər Koalisiyası” Bəyannaməsi [5] və s. bu kimi sənədlərdə bəyan olunur ki, hər kəs şəxsi həyatına təsir edən texnoloji, alqoritmik və süni intellekt sistemləri haqqında anlaşılan və dəqiq informasiyaya çıxışa, eləcə də ədalətsiz, qərəzli və ya ayrı-seçkilik yaradan sistemləri dəyişdirmək imkanına malik olmalıdır. İzlənilməsi, kommunikasiya yaradılması mümkün olan süni intellekt sistemlərində olan pozuntuları dərhal aşkar edib qarşısını almaq mümkün olacaqdır.

İstifadə olunmuş ədəbiyyat:

  1. Əliyev Ə.İ. İnsan hüquqları: Dərslik. Bakı: Nurlar, 2019, 352 s.
  2. Əliyev Ə.İ., Rzayeva G.A., İbrahimova A.N., Məhərrəmov B.A., Məmmədrzalı Ş.S. İnformasiya hüququ: Dərslik. Bakı: Nurlar, 2019, 448 s.
  3. Can Yavuz. Machine Bias Artificial Intelligence and Discrimination. Lund University, 2019, 97 p.
  4. Carty S.S. Many Cars Tone Deaf to Women’s Voices // Auto Blog, 2011. https://www.autoblog.com/2011/05/31/women-voice-command-systems/
  5. Declaration of Cities Coalition for Digital Rights. https://citiesfordigitalrights.org/
  6. Ethics Guidelines for Trustworthy Al. https://ec.europa.eu/futurium/en/ai-alliance- consultation/guidelines#Top
  1. Ewert v. Canada, 2018. https://scc-csc.lexum.com/scc-csc/scc- csc/en/item/17133/index.do
  2. Future of Life Institute 2017 Asilomar Conference. https://ai- ethics.com/2017/08/11/future-of-life-institute-2017-asilomar-conference/
  3. Google Spain SL and Google Inc. v Agenda Espanola de Proteccion de Datos (AEPD) and Mario Costeja Gonzalez (2014). https://eur-lex.europa.eu/legal- content/EN/TXT/?uri=CELEX%3A62012CJ0131
  4. http://www.internetworldstats.com/stats.htm
  5. Joy Buolamwini . Artificial Intelligence Has a Problem With Gender and Racial Bias. Here’s How to Solve It // The Art of Optimism, Special issue, 2019. https://time.com/5520558/artificial-intelligence-racial-gender-bias/
  6. Nicola Lucchi. The Impact of Science and Technology on the Rights of the Individual. Sweden: Springer, 2016, 186 p.
  7. Recommendation of the Council on Artificial Intelligence. https://legalinstruments.oecd.org/en/instruments/OECD-LEGAL-0449
  8. Safe Face Pledge, https://www.safefacepledge.org/press-release
  9. Study on the human rights dimensions of automated data processing techniques (in particular algorithms) and possible regulatory implications. Council of Europe, The Committee of Experts on internet intermediaries (MSI-NET), 2018, 56 p.
  10. The Toronto Declaration: Protecting the right to equality and non-discrimination in machine learning systems. https://www.accessnow.org/cms/assets/uploads/2018/08/The- Toronto-Declaration_ENG_08-2018.pdf

 

 

Bakı Dövlət Universiteti “İnsan hüquqları və informasiya hüququ”

UNESCO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru

Gülnaz Aydın qızı Rzayeva

E-mail: gulnazrzayeva@mail.ru

 

 

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.